SON XƏBƏR

Qazaxıstanlı ekspert: "Xəzərin statusu barədə konvensiya regiona investisiyaların gəlişini asanlaşdıracaq"

Avqust 14
00:06 2018
Aktauda imzalanmış Xəzərin hüquqi statusu barədə konvensiya regiona investisiyaların gəlişini asanlaşdıracaq.

Bunu Trend-ə qazaxıstanlı politoloq Eduard Poletayev deyib.

E.Poletayevin sözlərinə görə, bu konvensiya uzunmüddətli perspektivə hesablanmış konseptual sənəddir:

"Xəzər dənizinin nizamlanmamış statusu fərqli qüvvələrin müxtəlif spekulyasiyaları üçün meydana çevrilmişdi. İndi bu cür spekulyasiyalar azalacaq. Beynəlxalq müqavilələrin bir növü olan konvensiya adətən bir mövzu ilə bağlı bütün məsələləri əhatə edir. Düzdür, bir sıra mübahisəli məqamlar konvensiyadan kənar qalsa da, bu məsələlər iki və ya üçtərəfli razılaşmalarla həll olunacaq. Ümumilikdə konvensiyanın imzalanması Xəzəryanı dövlətlərin əməkdaşlığında şəffaflığın artırılmasına və qarşılıqlı etimadın güclənməsinə xidmət edəcək”.

Politoloq bildirib ki, bu sənəd həmçinin təhlükəsizlik üçün cari və potensial təhdidlərə cavab olacaq:

"Konvensiya bir çox məsələlərin münaqişəsiz həlli üçün şərait yaradıb. Sənədin imzalanması əsasən neft və qaz yataqlarının mənsubiyyəti barədə mübahisələrin həllini, Xəzərin dibi ilə boru kəmərlərinin çəkilməsi imkanlarını, Xəzərdə təhlükəsizlik məsələlərinin, xüsusilə də üçüncü ölkələrin hərbi qüvvələrinin mövcudluğu məsələlərinin həll olunmasını asanlaşdırmalıdır”.

Qeyd edək ki, avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısı keçirilib. Toplantıda Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya imzalanıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook