SON XƏBƏR

Qazaxıstanda fəaliyyət göstərən beynəlxalq qurumlar Alxanlıda mülki insanları qətlə yetirməsi ilə bağlı bəyanat yayıb

İyul 13
11:01 2017
Qazaxıstanda fəaliyyət göstərən beynəlxalq qurumlar, araşdırma mərkəzləri, qeyri-hökumət təşkilatları, Azərbaycan diasporu iyulun 4-də Ermənistan ordusunun Füzuli rayonunun Alxanlı kəndinin sakinlərini qətlə yetirməsi ilə bağlı bəyanatlarla çıxış ediblər.
 
Dünya Axıska Türkləri İctimai Birliyinin, uyğurların "Turan dünyası” Beynəlxalq Fondunun, "Xəzər” İctimai Birliyinin, eləcə də "Ozan” Təşkilatının bəyanatlarında vurğulanır ki, Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində yaşlı qadın və onun 2 yaşlı nəvəsinin öldürülməsi, digər mülki şəxsin yaralanması və mülki obyektlərə ziyan vurulması qəbul edilməzdir.
 
Mənzil-qərargahı Almatı şəhərində olan Türk Xalqları Mədəniyyət Vəqfinin bəyanatında bildirilir ki, mülki əhaliyə və mülki obyektlərə birbaşa və qəsdən hücumlar, beynəlxalq humanitar hüquqa və insan haqlarına, xüsusilə Cenevrə konvensiyalarına və uşaqların hüquqlarına ziddir. Qazaxıstanda akkreditə olunmuş Birləşmiş Millətlər Təşkilatının nümayəndəliyinə, "Qırmızı Xaç” "UNICEF” Beynəlxalq uşaq təşkilatına, ATƏT-in Astana ofisinə ünvanlanmış bəyanatda deyilir ki, baş vermiş hadisənin məsuliyyəti tam şəkildə Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşür.
 
Ermənistanın növbəti hərbi təxribatı Qazaxıstan mətbuatı tərəfindən də geniş işıqlandırılıb.
 
"Kazinform” İnformasiya agentliyində Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatına geniş yer verilib. Vurğulanıb ki, azyaşlı uşağın öldürülməsi Ermənistanın işğalçı siyasətinin iç üzünü göstərir. Beynəlxalq ictimaiyyət bu hadisələrdən dərhal nəticə çıxarmalı, təcavüzkar tərəfi sülh prosesinə ciddi maneə yaradan əməllərdən çəkindirməlidir.
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook