SON XƏBƏR

QAT üzvləri ABŞ səfirliyi qarşısında aksiya keçirdilər

Mart 16
17:32 2018
Qarabağ Azadlıq Təşkilatının bir qrup üzvü ABŞ-ın Azərbaycandakı səfirliyinin qarşısında etiraz aksiyası keçiriblər. Aksiya iştirakçıları Dağlıq Qarabağdakı qondarma rejimin rəhbəri Bako Saakyanın ABŞ səfərinə sərt etiraz ediblər.
QAT sədrinin müavini İlqar Əli aksiyada çıxış edərək terrorçu Bako Saakyanın ABŞ səfərini, orada müxtəlif tədbirlərdə iştirakını pisləyib, ABŞ hakimiyyətini bu cür hərəkətlərə son qoymağa tələb edib. Aksiya iştirakçıları "ABŞ-a ar olsun!”, "ABŞ, terrorçuları himayə etmə!”, "Azərbaycan hakimiyyətindən ABŞ-la diplomatik əlaqələri kəsməyi tələb edirik!”, "Ya Qarabağ, Ya Ölüm!” və digər şüarlar səsləndiriblər.
Sonda aksiya iştirakçıları ABŞ səfirliyinə müraciət təqdim ediblər: "Amerika Birləşmiş Ştatlarının Konqresi və prezidentinə müraciət edərək, bildiririk ki, Dağlıq Qarabağdakı qondarma rejimin rəhbərlərinin ABŞ-a dəvət olunması, orada onların tədbirlərdə iştirakına şərait yaradılması artıq heç bir ölçüyə sığmır. Siz bu hərəkətinizlə Azərbaycanın ərazi bütövlüyünə, suveren hüquqlarına hörmətsizlik nümayiş etdirir, terroru, etnik təmizləmə və işğal siyasətini himayə etdiyinizi göstərirsiniz. Sizin demokratiya, insan haqları ilə bağlı dediklərinizin, guya terrorizmə qarşı mübarizə aparmaqla bağlı bəyanatlarımızın artıq heç bir mənası yoxdur. Siz kimlərə qucaq açdığınızın fərgindəsinizmi? Siz terrorçuları, Ben Ladendən, İŞİD-çilərdən də təhlükəli terrorçuları himayə edirsiniz. Biz ABŞ rəhbərliyinin bu hərəkətlərini qətiyyətlə pisləyir, ABŞ-ın Minsk qrupu həmsədrliyindən kənarlaşdırılmasını, ABŞ diplomatik nümayəndə heyətinin dərhal Azərbaycanı tərk etməsini tələb edirik".



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook