SON XƏBƏR

Qarabağ işğal olunmuş ərazidir – Fransız parlamentari

Yanvar 07
11:29 2019
Qlobal.az Fransa Parlamentində Fransa-Azərbaycan dostluq qrupunun üzvü Jan-Lük Reitzerin Report-a müsahibəsini təqdim edir:

– Azərbaycanla ilk tanışlığınız necə baş verdi?

– Azərbaycanı ilk dəfə seçkilərə nəzarət etmək missiyası ilə getdiyim zaman kəşf etmişəm. Bu Azərbaycanın müstəqilliyini yenicə əldə etdiyi dövrlərə təsadüf edirdi. Bu zaman İnkişaf etməyə, müasirləşməyə ehtiyacı olan bir ölkəyə təsadüf etmişdim: səkilər yaman gündə, binalar kör-köhnə idi. Bir sözlə, digər keçmiş Sovet İttifaqı Respublikalarına xas olan xüsusiyyətlərə rast gəlmişdim. Azərbaycana sonrakı səfərim NATO xətti ilə baş tutdu. NATO Parlament Assambleyasında Fransa nümayəndə heyətinin üzvüyəm. İkinci səfərim zamanı gördüyüm müsbət dəyişikliklər nəzərimdən yayınmadı. Daha sonra Azərbaycan hökumətinin dəvəti və digər xətlərlə Azərbaycana qayıtdığım zamanı hər dəfə inkişaf etməkdə olan bir ölkəyə, istiqanlı, qonaqpərvər bir xalqa təsadüf edirdim.

– Azərbaycana səfərlərinizdən ən çox yadınızda qalan məqamlar hansılardır?

– Ölkənizdə insanlarla ünsiyyətə girmək mənim üçün çox asandır. İstər İçəri şəhərdə, istərsə də dənizkənarı parkda xoş və istiqanlı bir abi-hava hökm sürür. Azərbaycanın paytaxtı gözəldir. Biz deyirik ki, Paris işıqlar şəhəridir, lakin mən deyərdim ki, Bakı işıqlar şəhəridir. Mən Bakını tanımayanlara mütləq ora səfər etməyi tövsiyyət edirəm. Konqres zalı, möhtəşəm binalar çoxdur, ölkənizdə memarlıq inkişaf edib. Lakin təbii ki, biz öz-özümüzə sual verə bilərik ki, bu daşın yalnız gözəl tərəfi deyilmi. Azərbaycanın digər bölgələrinə səfər etmək imkanım olub. Gəncəyə maşınla getmişəm. Bu zaman Azərbaycanı seyr etmişəm. Horadizdə də olmuşam (Azərbaycanın Ermənistanın işğalından azad etdiyi qəsəbəsi- red.). Əlbəttdə, hər yerdə olduğu kimi kasıbçılıq, çobanlar, aqrar regionlar Azərbaycandan da yan keçməyib. Lakin bütün ölkənin iqtisadiyyatın inkişafından bəhrələndiyini görməmək mümkün deyil. Horadizdə yüksək səviyyədə qəbul olundum. Bu şəhərdə istifadə olunan avadanlıq yüksək səviyyədə idi. Hətta Fransanın çox yerlərində ictimai xidmət sahələrində Azərbaycanda istifadə olunan avadanlıqlara həsəd apara bilərlər.

– Necə oldu ki, Fransa-Azərbaycan dostluq qrupuna üzv olmaq qərarına gəldiniz?

– Azərbaycanda olarkən Şəhidlər Xiyabanı, digər yerləri ziyarət etdikdən sonra anladım ki, ölkə azadlığını ağrı-acılar bahasına əldə edib və öz müstəqilliyini əldə saxlamaq üçün var gücünü səfərbər etməli olub. Mən özüm Qolçuyam və Azərbaycandakı müstəqillik siyasəti Şarl de Qolun müstəqillik əzminə çox bənzəməsi məni ölkənizə daha artıq bağladı. Nisbətən az sayda əhalisi olan Azərbaycan nəhəng qonşularının əhatəsində (Rusiya, İran, Türkiyə) və həmçinin Ermənistan ilə arasında baş verənlərdən sonra müstəqilliyini qoruyub saxlaya bilib, eyni zamanda inkişafını və təkamülünü təmin edib. Stabilliyini pozmağa çalışan ölkələrlə əhatə olunmasına baxmayaraq ölkənizin durmadan inkişaf edə bilməsi ilə mənim rəğbətimi qazana bilib. Qaz, neft kimi xammallara malik olması və eyni zamanda onlardan bütün insanların faydalana bilməsi də tədqirəlayiq bir haldır.

– Bəs siz bəzi fransalı merlərin qondarma "Dağlıq Qarabağ Respublikası”na səfərlərini və Fransa şəhərləri ilə bu qondarma respublikanın şəhərləri arasında imzalanan "dostluq xartiya”ları barədə nə düşünürsünüz?

– Mən bu əlaqələrin qəti əleyhinəyəm. Beynəlxalq hüququn qanunları var və onlara riayət etməmiz gərəkdir. Fransa Xarici İşlər nazirinə məktub ünvanlayaraq Fransanın bir sıra şəhərlərinin başçılarının Dağlıq Qarabağ bölgəsinin şəhərləri ilə əlaqələr qurduqları, səfərlər etdikləri, dostluq xartiyaları imzaladıqları barədə məlumatlandırmışam və bu əlaqələrin Fransa qanunlarına zidd olduğunu vurğulamışam. Bu yaxınlarda Fransanın Sant-Etyen (Saint-Etienne) şəhəri ilə Dağlıq Qarabağda yerləşən şəhərlərdən biri ilə əlaqələr qurulub. Mən Sant-Etyen şəhərinin merinə məktub yazaraq bunun beynəlxalq hüquq normalarına və Fransa Xarici İşlər Nazirliyinin qərarlarına zidd olduğunu bildirmişəm. Məktubuma Fransa Xarici İşlər naziri Jan-İv Lö Dryanın mənim məktubuma cavablandıraraq beynəlxalq hüququn qanunlarını pozan bu cür ikitərəfli əlaqələrin məsləhət görülmədiyini təsdiqləyən məktubunun surətini də əlavə etmişəm. Hələlik, heç bir cavab almamışam. Sant-Etyen şəhərinin merinə göndərdiyim məktubumun surətini bir sıra orqanlara da göndərmişəm ki, qoy bilsinlər ki, parlamentarilər beynəlxalq ictimaiyyət tərəfindən tanınmamış ərazilərlə əlaqələr qurmaqla digər ölkələrin suverenliyinə və ərazi bütövlüyünə xələl gətirən davranışlara yol verən bir sıra şəhər rəhbərlərinə qayda-qanunu xatırladırlar.

– Fransa ATƏT-in Minsk qrupunun həmsədridir. Dağlıq Qarabağ münaqişəsi bu günədək öz həllini tapmayıb. Bu barədə nə düşünürsünüz?

– Hesab edirəm ki, bu məsələdə səylərimizi gücləndirməliyik. Çünki, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri yerinə yetirilməyib. Bəlkə indən belə Ermənistanda olan hökumət dəyişikliyi münaqişənin həllinə müsbət təsir edər. Amma hələlik ortada bir şey yoxdur. Dağlıq Qarabağ hazırda işğal olunmuş ərazidir. Biz bu məsələdə daha qətiyyətli olmalıyıq. Biz yeridilmiş siyasətə tabe olmamalıyıq. Mənim fikrimcə, Minsk Qrupunun təsiri zəifdir. Buna çox təəssüflənirəm, çünki, münaqişənin həlli naminə Fransa daha artıq aktiv ola bilər.

– Azərbaycan və Fransa parlamentləri Dostluq qruplarının fəaliyyətlərini necə qiymətləndirirsiniz?

– Mən dostluq qruplarının lehinəyəm. Jurnalistlərin gedib görmədikləri, dolğun və dürüst məlumatları olmadıqları məsələlərdən yazdıqları, danışdıqları hallara rast gəlirik. Parlamentlərarası dostluq qrupları yalnız dövlətlərimiz arasında deyil, vətəndaşlar arasında əlaqələr yaratmaqla da ölkələr ilə yaxından tanımağa imkan yaradır. Hesab edirəm ki, dostluq qrupları arasında mübadilələri daha artıq intensivləşdirməliyik. Bu zaman parlament üzvləri ölkələri daha başqa aspektdən kəşf etmək imkanına malik olurlar. Bu səfərlər turizm xarakteri daşımırlar. Parlamentarilər rastlaşdıqları məqamları Fransa Milli Assambleyasının digər pillələrinə, Fransa Xarici İşlər Nazirliyinə çatdırırlar. Bir sözlə, bu səfərlər mesajların ötürülməsi, reallığın mübadiləsidir. Misal üçün Fransa Milli Assambleyasında deputatlardan biri, Fransua Roşbluan (François Rochebloine) Azərbaycana hücumlar edəndə biz, Azərbaycanın dostları bir neçə nəfər idik ki, reaksiya verdik. Bildirdik ki, Azərbaycanda olmayıb görmədiyi halda nəyə əsasən belə ittihamlar irəli sürür. Azərbaycanda olduğumuzu, reallığı öz gözlərimizlə gördüyümüzü deputatlara bildirdik. Dostluq qruplarının mövcud olmasının həqiqətin öz yerini tapmasında rolu var. Lakin hesab edirəm ki, səfərlərin sayı kifayət qədər deyil. Bu səfərlər deyilənlərlə reallıq bir-birinə uyğun gəlib gəlmədiyini öyrənməyə imkan yaradır. Səfərlər zamanı tək gəzmək, müşahidə etmək, insanları dindirmək, qulaq asmaq lazımdır. Manipulyasiya olunmağa imkan vermək lazım deyil. Mən Azərbaycanda olarkən hər zaman müəyyən qədər asudə vaxt əldə edirəm və onu gəzməyə, şəhərlə tanışlığa həsr edirəm. Bəzi deputatlar Parlamentdə Azərbaycanl bağlı istintaq kommisiyasının yaradılması təklifini irəli sürdükləri zamanı biz Azərbaycanın dostları olan deputatlar bunu informasiya kommisiyası ilə əvəz etməyə nail olduq. Biz parlamentariləri xalça yaxud kürü ilə satın almaqda ittiham olunmaq bizə yer etmişdi. Məni bu formada satın almağın mümkün olması iddiası məni çox qəzəbləndirmişdi. Çünkü, Azərbaycay hökuməti mənimlə hər zaman hörmətlə rəftar edib və mənə heç bir zaman qayda-qanundan kənar heç nə təklif olunmayıb. Bu kommissiya vəziyyətlə 3-6 ay müddətdə tanış oldu. İrəli sürülən əsassız iddiaları təsdiqləyən heş bir dəlil tapılmadı və məsələ bağlandı.

– Fransa mətbuatında tez-tez Azərbaycan haqqında həqiqətə uyğun olmayan məlumatlar yayılır.Bu barədə nə düşünürsünüz?

– Bu mənim qəzəbimə səbəb olur. Bu ədalətsizlik məni Fransa-Azərbaycan dostluğu uğrunda səylərimi daha da gücləndirməyə sövq edib. Təəssüflər olsun ki, bəzi jurnalistlər öz peşələri vasitəsilə Azərbaycan haqqında mənfi rəy yaradırlar. Mən Azərbaycanı görməyən insanlara öz gördüklərimdən – tolerantlıqdan, dinlərə olan hörmətdən, qadınların geyimlərində azad seçimlərindən, sərbəst surətdə küçələrdə gəzməklərindən danışıram. Mən bilmirəm Azərbaycanı yersiz tənqid edənlər nə istəyirlər, islamist rejimin, esktremistlərin hakimiyyətə gəlməsini istəyirlərmi? Mən dünyəvi dövləti, bu dünyəviliyi, ölkəsinin bir tərəfdən müstəqilliyini, digər tərəfdən isə inkişafını təmin edə bilən dövlət başçısını təcrid edirəm. Mən fransızlara yerində gedib reallığı öz gözləri ilə görməyi, deyilənlərə uymamağı tövsiyyə edirəm. Demokratiya özü də hər zaman kamil olmur, səhvlərə yol verilir. Fransada əsl demokratiya yaratmaq üçün 2 əsr sərf edib. Lakin son vaxtlar Fransada baş verənlər, zorakılıq halları, demokratiyanın, əhalinin qərarların qəbul edilməsində kifayət qədər təmsil olunmaması kimi tənbehlər göstərdi ki, hətta insan hüquqları və demokratiyanın beşiyi olan bir ölkədə belə hər şey elə də kamil deyil. Azərbaycan müstəqilliyini 90-cı illərdə əldə edib və ölkənizdə əsl demokratiyanın qurulması üçün vaxt lazımdır. Beləliklə, bir neçə nəfərin dediyini təkrar edərək, ölkəni karikatura şəklində təqdim etmək tamamilə səhv və xüsusilə ədalətsizdir.

– Sizcə, bunun qarşısının alınması üçün nə kimi tədbirlər görülməlidir?

– Bu çətin strategiyalardan olaraq qalır. Lakin bununla belə, hesab edirəm ki, ölkəyə ünvanlanan hücumlara müvafiq cavablar hazırlanmalıdır. Yalan məlumatlar işıq üzü gördükdə jurnalistdən onu düzəltməyi tələb etmək gərəkdir. Bu səfirliyin, yaxud nazirliyinin bəyanatları vasitəsi ilə də ola bilər. Lakin o səhv məlumatlara düzəlişlərin edilməsi tələb edilməsə insanlar elə belə də olmalı olduğunu düşünəcəklər.

– Sizcə Fransada Azərbaycanın imicini necə yaxşılaşdıra bilərik?

– Mədəniyyət tədbirləri ən müvəffəqiyyətli üsullardandır. Bu məsələdə Azərbaycanın Fransadakı səfirliyi, Fransada Azərbaycanın Dostları Assosiasiyasının fəaliyyətləri böyük əhəmiyyət daşıyır. Mənim yaşadığım şəhərin sakinləri Azərbaycan, mədəniyyəti, tarixi ilə yaxından tanışlığa can atırlar. Bizim şəhərdə Azərbaycan musiqisindən ibarət konsert təşkil ediləndə tamaşaçılar düz 10 dəqiqə ayaq üztə alqışlamışdılar. Konsertin bazar günü saat 17.00 da keçirilməsinə baxmayaraq zalda boş yer qalmamışdı. Halbuki sizə deyə bilərəm ki, bizim şəhərdə həftənin bu vaxtı kimisə evindən bayıra çıxartmaq ən müşkül məsələlərdəndir. Fransanın Alzas regionu ilə Azərbaycan arasında sıx əlaqələr mövcuddur ki, bu da ölkələrimiz arasında dostluq və qarşılıqlı inam zəminində baş tutub. Uzun illər ərzində Azərbaycanda əlaqələrim çoxaldı və bunun nəticəsi olaraq meri olduğum Altkiriç şəhəri ilə Azərbaycanın Füzuli rayonunun Horadiz qəsəbəsi arasında dostluq və əməkdaşlıq xartiyası imzaladıq. Bundan əlavə hesab edirəm ki, Azərbaycanda orta səviyyəli otellərin sayı artırılmalıdır ki, bu Azərbaycana üz tutan turistlərin sayını artıracaq. Turistlərin gediş-gəlişlərini asanlaşdırmaz üçün uçuşların sayının artırılması, vizaların verilmə qaydalarının asanlaşdırılması da müsbət rol oynaya bilər.

– Fransa Azərbaycan haqqında mənfi fikirlərin səsləndirilməsində Fransadakı erməni lobbisinin təsiri varmı?

– Var. Təəssüflər olsun ki, hətta mənim bəzi deputat həmkarlarım seçildikləri seçki dairəsində erməni icmasının çoxluq təşkil etməsi səbəbindən Ermənistanın tərəfini tutmaqda maraqlıdırlar. Bu reallıq Paris, Marsel, Lion və bir sıra digər şəhərlərə şamil edilə bilər. Həqiqətdən uzaqlaşan bu şəxslərin Azərbaycana dair mənfi mühakimələrinin əsasında ərazilərində erməni seçicilərin çoxluq təşkil etməsi və onların səslərinə olan maraqlarıdır.

– Ölkələrimiz arasında ikitərəfli münasibətlərin bugünkü inkişafı barədə nə düşünürsünüz?

– Məncə, son vaxtlar Azərbaycanın ünvanına yazılan əsassız tənqidlərlə dolu yazılarla özümüz-özümüzə ziyan vurmuş oluruq. Əslində biz Azərbaycanın fransızdilli birinci xanımının olmasından, onun Fransaya olan marağından və sevgisindən bəhrələnə bilərdik. Bunun əvəzində isə belə yazılarla iqtisadiyyatımızın ziyanına olan qərarların verilməsinə imza atmış oluruq. Bakıda istifadəyə verilən minik avtobusları fransız şirkəti Mobilye Ürbən (Mobilier Urbain) tərəfindən Ardeş (Ardèche) regionunda istehsal olunub. Biz Fransa-Azərbaycan iqtisadi əlaqələrini daha da inkişaf etdirə bilərdik. Əlbəttə, Azərbaycanda böyük şirkətlərimizin fəaliyyəti var. Çaxırçılıq, heyvandarlıq sahələrində də əlaqələrimiz inkişaf edib. Lakin iqtisadi əlaqələrimizi daha da inkişaf etdirə, orta və kiçik şirkətlərimizin Azərbaycanda fəaliyyətini genişləndirə bilərik. Fransada suyun, tullantıların təmizlənməsi sahələri inkişaf edib. Bu sahələr, həmçinin turzim üzrə əməkdaşlığımız hər iki tərəfə uğur gətirə bilər.





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook