SON XƏBƏR

Qapı bir qonşumuz

Noyabr 12
23:45 2016
Hündür bina dörd blokdan ibarət idi. Binanın qarşısında məktəb yerləşirdi. Qapı bir qonşumuzun pəncərələri həyətə tərəf açılırdı. O doqquz mərtəbəli binanın birinci blokunun, üçüncü mərtəbəsində yaşayırdı. Qapılarının üstündə 13 nömrə var idi. Həmin bina Gənclikdə sənətkarlar binası kimi çox məşhur idi. Bizim həyət yayda daha rəngarəng idi. Axşam həyətdə gəzəndə yazarları, aktyorları, rejissorları görmək olurdu. Bu binada məşhur insanların yaşadığının şahidi olmuşam. Şam ağacları ilə əhatə olan oturacaqlarda əyləşənlər çox olurdu. O gəlib keçəndə yumşaq səs tonu ilə salam verirdi! Və üçüncü mərtəbəyə qalxırdı. Yayda onu daha çox ağ rəngli geyimdə görürdüm. Daxili dünyasına çox bağlı idi. Marağlı insan idi, çox söhbət etməzdi. Amma nədənsə, qonşular onun xətrini çox istəyirdi. Sakit danışsa da, xarakteri onun kimliyi haqqında dəqiq cizgilərdən xəbər verirdi. 

-Keçmişə səyahət.
 
-Zaman.
 
-On doqquz yaşım var idi onu tanıyanda.
 
-Aktyorla qapı bir qonşu olmuşuq.
 
-Qonşumuzun adı Fuad Poladov idi.
 
…Atam Fuad müəllimə xüsusi hörmət bəsləyirdi. Onları həyətdə tez-tez söhbət edən görürdüm. Bu cümləni evimizdə tez-tez eşidirdim:- "Fuad dəyərli insandı”. Kaşki, aktyorlarımıza daha çox diqqət göstəriləydi. Son günlər baş verənlər mənə o illəri xatırlamağa məcbur etdi. Demə, xoş məcburiyyət ürəkaçan olurmuş.
 
-Belə… 
 
-Dram.
 
-Cinayət!
 
-Ssenari müəllifi İsa Məlikzadə, Ələkbər Muradov.
Söhbət açacağımız film 2003-ci ildə çəkilib. Filmlərdə yaşanan həyat realıqları müasir həyatımıza güc, zövq, həvəs verdi. Şəxsiyyətin incə məqamları, insanlıq, mərdlik, sədaqət əks-səda oldu. Bəli, o filmin adı "Güllələnmə təxirə salınır!... idi. Ötən günlərdə baş verənlər real oldu. Və tamaşaçılar Hacı adlı obrazı nəinki fimdə hətta həyatda canlı gördülər. Aktyor üçün bundan böyük xoşbəxtlik ola bilməz. Bunu yalnız seçilmiş insanlar edir. Tanrı tərəfindən ruhu zəngin olan şəxsiyyətlər... Bütün dərinliklərin, zənginliklərin, pisixolojı məqamların, çətin anların içindən o bizə İNSAN deyə çağırış etdi! Məhz həmin şəxsiyyət günün nəbzinə, ədalətə günaydın dedi! Yaxşı deyiblər, əsl şəxsiyyət zamanın deyil, əsrlərin hakimi olur! Bunları bizə, ən əsası Azərbaycan mədəniyyətinə yaşadan peşəkar aktyorun adı Fuad Poladovdur…
 
-O filmin çəkilişindən 13 il keçir.
 
- Və… 
 
-2016-ci il.
 
-Bir payız günü.
 
-V.Şekspir:-"Teatr. Teatr. Teatr...”.
 
-Akademik Milli Dram Teatrı.
 
-Kulisin arxasında mübahisəli məsələlər.
 
-Gənc aktyor Hikmət Rəhimov teatrdan çıxarılır.
 
-Fuad Poladov gənc aktyorun çətin günlərinə şərik olur. 
 
-Sənətkar Hikmət Rəhimovla birlikdə Akademik Milli Dram Teatrını tərk edir. 
 
-Getmək böyük mədəniyyətdir.
 
-Səssiz getmək yeni essenin başlanğıcıdır.
"Güllələnmə təxirə salınır!...” Filmdəki personaj həyatdakı obraza tamaşa edir! Hiss etdirən aktyor onsuz da alqışa layiqdir... 
 
-O gündən cizgilər.

-28.10.2016.
 
-Fəxrəddin Manafov:
 
Deməli, orda nəsə baş verir ki, Azərbaycan teatrında yeganə professional, bunu qorxmadan və tam məsuliyyətimlə deyirəm, dünya səviyyəsində peşəkar olan bir aktyor, teatra o qədər töhfələr vermiş belə bir insan teatrdan gedir. Demək ki, o məcburiyyət qarşısında olub. Təsəvvür edə bilməzsiniz ki, Fuad necə gözəl insandır. Onun qədər öz peşəsinə sadiq, öz peşəsinə dəlicəsinə sevgisi, münasibəti bugünkü aktyorların heç birində görməmişəm. O baxımdan düşünürəm ki, əgər belə bir insan, belə bir böyük aktyor, mənim özümə örnək hesab etdiyim bir adam teatrdan gedirsə, deməli, orda nəsə baş verir. Və baş verən məhz aktyorun özündə deyil. Əgər onu tanımasaydım, bunu deməzdim. O nəyinsə məcburiyyəti qarşısında bu addımı atıb. Orda nəyin baş verdiyini isə araşdırmaq lazımdır. Fuad Poladovun getməsi Azərbaycan teatrına, Akademik Milli Dram Teatrına böyük zərbədir. Əgər o gedirsə, bu teatda kim qalacaq? 

-29.10.2016.
 
- Aqil Abbas:
 
Xalq artisti, hər şey olmaq olar, amma şəxsiyyət olmaq başqa məsələdir. Fuad Poladov mənim xətrimi çox istəyir, mən də onun. Hamımız gedib yalvarsaq ki, Fuad müəllim qayıt "Azdrama”ya, qayıtmayacaq. Onun xarakteri başqadır. Bir sözü deyibsə, hamı ayağa qalxsa da, sözünü yeməyəcək”.

-Hikmət Rəhimov:
 
"Bunu deməliyəm. Başıma gələn olaylarla bağlı mənə dəstək olan və arxamda dayanan insan Fuad müəllim Poladova minnətdaram. Polis bölməsinə, rayon polis idarəsinə məndən xəbərsiz gedən və mənə görə ordakılara narahatlığını bildirən və sonra teatrdan çıxdığını bildirən Fuad Poladov. İnanın səmimiliyimə, bununla fəxr etmirəm və şok da yaşamıram. Çünki bu, Fuad müəllimdir. Hər gün mənə ən azı 2 dəfə zəng vurub, ürək-dirək verən Fuad müəllim. Mən sizə bu dünyada da, o dünyada da minnətdaram. Bunu heç kim eləməzdi - heç kim. Hər şeyə görə çox sağ olun”.
-Niyə Akademik Milli Dram Teatrdan getdiniz? 

-Fuad Poladov:
 
-"Şərh vermək istəmirəm”
-…
 
Bakı. Qızıl payız…
 

 
Nigar İsmayılqızı

Karabakhmedia.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook