SON XƏBƏR

Qalmaqallı “İnfiniti“ klubundakı cinayət: vergidən yayınma, rüşvət, bir nəfərin ölümü

Oktyabr 16
20:41 2019
Bakının məşhur gecə klublarından biri olan "İnfiniti" klubun adı daha bir qalmaqallı işdə keçir. Bu dəfə klubun rəhbər şəxslərinin rüşvət verdiyi üzə çıxıb.

Qlobal.az Musavat.com-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində vəzifəli şəxslərin cinayər işi üzrə məhkəmə iclası keçirilir. Həmin şəxslər "Azərişıq" ASC-nin Nərimanov Rayon Enerji Təchizatı və Satışı İdarəsinin aparıcı mühəndisi İlham Məmmədov və İdarənin Kəsim şöbəsinin mühəndisi İlkin Hüseynovdur. Məhkəmə istintaqı hakim Əfqan Hacıyevin sədrliyi ilə araşdırılır.

Məhkəmə iclasında təqsirləndirilən şəxslər özlərini təqsirli bilməyiblər. Təqsirləndirilən İlham Mahmudov bildirib ki, o, idarədə aparıcı mühəndis işləyib və xətt çəkmək, işıqpulu toplamaq onun səlahiyyətlərinə aid olmayıb. Onun sözlərinə görə, "İnfiniti" kluba qanunsuz işıq xətti çəkilməsindən xəbərsiz olub.

Suallara cavab verən İlham Mahmudov bildirib ki, 2001-ci ildən bu sahədə çalışır. 2018-ci ilin noyabrın 15-də işdən çıxıb, dekabr ayında isə klubda qanunsuz xətt aşkarlanıb. Onun sözlərinə görə, bu hadisə ortaya çıxmamışdan əvvəl reyd keçirilib və həmin transformatorda qanunsuz heç nə aşkarlanmayıb.

Hakim Təqsirləndirilən şəxs sual verib: "Bu klub haqqında mediada dəfələrlə yazılar dərc edilib, hətta oranın əxlaqsızlıq yuvası olduğu barədə videolar paylaşılıb. Bu cür məşhur klub sənin ərazində idi, dünyaya səs salıb, işıqları göz qamaşdırır, amma sizin diqqətinizi çəkmədi ki, bunlar işığı hardan alır?"

İlham Mahmudov bildirib ki, xətt yeraltı və peşəkarcasına çəkildiyinə görə, kənardan qanunsuz xətti müəyyənləşdirmək mümkün olmayıb: "Ancaq xəttin kim tərəfindən çəkilməsindən xəbərim yoxdur".

Digər təqsirləndirilən İlkin Hüseynov isə ifadəsində Kəsim şöbəsində mühəndis işlədiyini bildirib.

O, deyib ki, vəzifəsi işıqpulu ödəməyəndə abonentin işığını kəsmək olib: "Mən necə hansısa obyektdən pul ala bilərəm? 2018-ci ildə işdən çıxarılmışam. Həmin obyektlə əlaqəm olmayıb, heç bir pul almamışam. Yalnız Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə çağırılanda xəbərim olub ki, orada qanunsuz xətt çəkilib".

Məhkəmədə şahid qismində "Azərişıq" ASC-nin Nərimanov Rayon Enerji Təchizatı və Satışı İdarəsinin rəisi Elmar Mahmudov ifadə verib. Rəis bildirib ki, 2018-ilin noyabr ayında İdarənin Satış şöbəsinə rəis təyin edilib, dekabr ayında sözügedən kluba qanunsuz xətt çəkildiyini aşkarlayıb. O, suallara cavab olaraq xətt aşkarlanandan sonra obyektə baxış keçirmədiyini deyib. Bildirib ki, orada sayğac olub-olmadığını aydınlaşdırmayıb.

Amma o, istintaqa ifadəsində bildirib ki, obyektdə ona xəttin qanunsuz olmadığını, hər ay sayğac ödənişləri üçün təqsirləndirilənlərə pul ödənildiyi deyilib. Şahid məhkəmədəki ifadəsini təsdiq etdiyini bildirib.

Şahid Həsən Həsənov isə qanunsuz xətt aşkarlanan zaman Nərimanov Rayon Enerji Təchizatı və Satışı İdarəsinin rəisi olub. Hazırda Satış şöbəsinin rəisi işləyən H.Həsənov bildirib ki, "İnfiniti" kluba qanunsuz xətt çəkilməsindən xəbərsiz olub və aşkar olunan kimi bu barədə baş idarəyə məlumat verib.

Hakim "3 mərtəbəli böyük bir obyektə bir həftə ərzində 45 metr ərazidən qazılaraq yeraltı xətt çəkilir, necə olub ki, sizin öz ərazinizdə görülən işdən xəbəriniz olmayıb?" deyə sual verib. Şahid bir daha xəbərsiz olduğunu vurğulayıb.

"İnfiniti" klubun işçisi olmuş M.Orucov ifadəsində bildirib ki, obyekti 2017-ci ilin mart ayında təmir ediblər. O qeyd edib ki, işıqlar tez-tez söndüyü üçün İlham Məmmədova müraciət ediblər. M.Orucov yeni xətt çəkməli olduqlarını deyib: "Maliyyə məsələlərinə mən baxırdım, inzibati işlərə baxan Əhməd Məstəliyev (Əhməd Məstəliyev 2018-ci ilin dekabr ayında, qanunsuz xətt aşkar olunan gün vəfat edib) mənə dedi ki, 29 min manat xəttin çəkilməsi üçün pul vermək lazımdır, mən də çek yazıb kassadan ona pul verdim. Hər ay da işıqpulu üçün 4-5 min manat pul ödəyirdik. Bu pulları Əhməd Məstəliyevə vermişəm, o da "Azərişıq"ın işçilərinə ödəyib. Ancaq konkret kimə ödədiyini bilmirəm".

Şahidin ibtidai istintaqa ifadəsi elan edilib. O, ifadəsində müstəntiqə deyib ki, Əhməd Məstəliyev həmin pulları təqsirləndirilən şəxslərə verib. Şahid istintaqa ifadəsindən imtina edib və təqsirləndirilən şəxslərə pul verilməsindən xəbərsiz olduğunu bildirib.

Suallara verilən cavabdan aydın olub ki, klubla bağlı hazırda vergidən yayınma ilə bağlı araşdırma aparılır. "İnfiniti" klubun digər əməkdaşı Malik Cabbarov da oxşar ifadə verib. O, işıq üçün pulları dünyasını dəyişən Əhməd Məstəliyev tərəfindən ödənildiyini, ancaq kimə verildiyini bilmədiyini deyib. İstintaqa ifadəsində isə pulların İlham Məmmədova verildiyini qeyd edib. Şahid məhkəmədəki ifadəsini təsdiq etdiyini bildirib.

Məhkəmə araşdırması davam etdirilir.

İttihamda göstərilir ki, həmin şəxslər 2017-ci ilin aprel ayında Nərimanov rayonu ərazisində yerləşən "İnfiniti" klubuna transformatordan işıq xəttinin çəkilməsi üçün 29 min manat rüşvət alıblar. Həmçinin həmin vaxtdan 2018-ci ilin dekabr ayınadək aylıq ödənişlər üçün "İnfiniti" klubdan, ümumilikdə, 100 min manat alınıb və "Azərişıq" ASC-yə ödənilməyib. Dəymiş zərər 129 min manatdır.

Bu iş üzrə zərərçəkmiş qismində "Azərişıq" ASC tanınıb. Hər iki şəxsə Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), və 311.3.1, 311.3.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən külli miqdarda rüşvətalma) maddələri ilə ittiham verilib.

Əldə etdiyimiz məlumata görə, elə bu qalmaqallı işdən sonra "İnfiniti" klubun fəaliyyəti dayandırılıb. Xatırladaq ki, bu klub daha əvvəllər də mətbuatın gündəminə kütləvi dava və əxlaqsızlıq yuvası olması ilə gəlmişdi.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook