SON XƏBƏR

Qalib Əbdüləliyevin barəsində yazılanlar həqiqəti əks etdirmir - Təfərrüat

May 29
18:45 2018
Son günlər Kənd Təsərrüfatı Nazirliyində yeni təyinatların aparılması media tərəfindən də ciddi izlənilir və işıqlandırılır. Kənd təsərrüfatı nazirliyində həyata keçirilən hər bir kadr dəyişikliklərini isə media malik olduğu məlumatlarla əlaqələndirməyə çalışır. Bəzən də elə olur ki, əldə edilən məlumatlar özlüyündə heç də həqiqəti əks etdirmir.
 
Saytımızın dünənki sayında "İnam Kərimov daha bir şöbə müdirini vəzifəsindən azad etdi - 40 milyonluq skandal (FOTO)" başlıqlı xəbərimizdə müəyyən yanlışlıqlara yol verilib. 
 
Belə ki, həmin xəbərdə Kənd Təsərrüfatı nazirliyinin Heyvandarlığın İnkişafı Şöbəsinin müdiri Qalib Əbdüləliyevin vəzifədən azad olunmasını qeyd etmişdik. Qalib Əbdüləliyevin vəzifədən azad olunmasını son zamanlar dövlətin milyonlarla vəsaiti hesabına ərsəyə gəlmiş heyvandarlıq müəssisələrinin - "Qarabağ Aqrar Sənaye Kompleksinin" və "Qara İnək təsərrüfatı" MMC-nin" - adlarının ölkə mediasında maxinasiyalarda tez-tez hallandırılması ilə əlaqəli olduğunu ehtimal etmişdik. 
 
Ancaq məlum xəbərimizdə təəssüflər olsun ki, tam dolğun olmayan nüanslar var. 
 
Nazirlikdən saytımıza verilən məlumata görə, Qalib Əbdüləliyevin rəhbərlik etdiyi Kənd Təsərrüfatı nazirliyinin Heyvandarlığın İnkişafı Şöbəsi ilə yuxarıda adları çəkilən müəssisələrin heç bir hüquqi bağlılığı olmayıb. Həmin müəssisələr digər dövlət orqanları tərəfindən maliyyələşdirilib. Həmçinin, nazirlikdən verilən məlumatda Qalib Əbüləliyevin kənd təsərrüfatı sahəsi üzrə peşəkar kadr olduğu, onun Heyvandarlığın İnkişafı Şöbəsinə rəhbərlik etdiyi dövrdə şəffaflığın tam təmin olunduğu deyilir.
 
Biz də Qlobal.az saytı olaraq yazımızda bilməyərəkdən yanlış xəbər verdiyimizə görə təəssüf hissi keçirir, Qalib Əbdüləliyevə gələcək fəaliyyətində uğurlar arzulayırıq.
 
Onu da qeyd edək ki, Qalib Əbdüləliyev hazırda Qida Təhlükəsizliyi Agentliyində yüksək vəzifəyə təyin olunub.
 
Redaksiyadan: Yuxarıda vurğuladığımız səbəblərə görə, "İnam Kərimov daha bir şöbə müdirini vəzifəsindən azad etdi - 40 milyonluq skandal (FOTO)" başlıqlı xəbəri saytımızdan silməyi məqsədəmüvafiq hesab etdik. 

Qlobal.az




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook