Qadın BP-də işləyən ərini qısqanclığa görə öldürübmüş - RƏSMİ
Sentyabr 25
11:57
2020
"BP-Azərbaycan” şirkətində işləyən əri Araz Sofiyevi öldürməkdə təqsirli bilinən Rəna Sofiyevanın məhkəməsi başlayır.
Qlobal.az-ın verdiyi xəbərə görə, ötən ilin iyulunda törədilən qətlin cinayət işi üzrə istintaq yekunlaşaraq iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmə prosesi hakim Əfqan Hacıyevin sədrliyi ilə keçiriləcək. Hələ ki, ilkin hazırlıq iclasının vaxtı təyin olunmayıb.
Lakin 17 bıçaq zərbəsi alan ərin yanındakı qadına sadəcə cızıq xəsarəti yetirilməsi istintaqı aparan müstəntiqdə şübhə yaradıb. Araşdırma zamanı Araz Sofiyevin heç kimə borclu olmadığı məlum olub. Cinayət törədilən zaman evdə olan Rəna Sofiyevanın anası və 15 yaşlı oğlu isə yatdıqları üçün heç nə eşitmədiklərini deyiblər. Ətrafdakı müşahidə kameralarında isə yalnız 1 nəfərin küçədən keçdiyi görünüb.
İstintaq Araz Sofiyevi həyat yoldaşı Rəna Sofiyevanın öldürdüyü qənaətinə gəlib. Onun barəsində rayon məhkəməsi həbs qətimkan tədbiri seçsə də, qadın cinayəti etiraf etməyib. Araşdırma zamanı məlum olub ki, cütlük boşanma ərəfəsində olub, son zamanlar aralarında tez-tez ailədaxili münaqişələr yaranırmış. Məhkəmə ekspertləri mərhum Araz Sofiyevin qanında hücuma müqavimət göstərilməsinin qarşısını almaq üçün istifadə olunan trankvilizator tərkibi tapıblar.
İstintaqın gedişatında Rəna Sofiyeva cinayəti qısqanclıq zəminində törətdiyini etiraf edib. O, ərini yatarkən öldürdüyünü bildirib.
Xatırladaq ki, Araz Sofiyev "BP-Azərbaycan”, "Baltika-Bakı” və "Aqrovest İMP” şirkətlərində müxtəlif vəzifələrdə işləyib. Rəna Sofiyeva isə qətl törədilən müddətdə "Meqa Studio” dizayn şirkətində çalışıb.