SON XƏBƏR

"Qaçqınkom" profilini dəyişib?

Aprel 09
22:27 2019
Mübariz Məmmədov 
 
Azərbaycanda rəsmi qurumların qəribə bir xasiyyəti var. Əminəm ki, bu sizlərin də diqqətindən yayınmayıb. Hamımız bu cür hallarla rastlaşır, bu barədə eşidirik. Bir növ, artıq öyrəncəliyik. Nədir rəsmi qurumlarımızın qəribə xasiyyəti? Deməli, hansısa bir sosial problem yarananda bu problemin həllinə məsul qurum bunu üzərindən atır digər təşkilatın boynuna. Məsələn, evdə internetin kəsilir, telefonu götürüb yığırsan provayderi. Provayder də deyir ki, problem bizlik deyil, ATS-ə zəng elə. ATS-ə zəng edirsən, o da sənə deyir ki, xəttdə problem varsa bizimlə necə danışırsınız?! Və yaxud, zibili gəlib aparmırlar, bələdiyyəyə zəng edib şikayətlənirsən, onlar da deyir ki, texnika verilməsi üçün icra hakimiyyətinin yerli nümayəndəliyinə müraciət edin. Zəng edirsən, nümayəndəlik də deyir ki, biz zibilyığanıq?! 

Səhv etmirəmsə, ötən ilin payızında buna bənzər məzəli bir hadisə olmuşdu. Deməli, Xırdalan dairəsindən şəhər istiqamətinə gedən yolda kanalizasiya qapağı sınmışdı. Yoldan keçən nabələd sürücülərin əksəriyyətinin avtomobilinin təkəri qapağı sınıq quyuya düşərək zədələnirdi. Axırda məsələ saytlara, saytlardan da tv-lərə sıçradı. "Azəravtoyol"-un əməkdaşı KİV-ə açıqlamasında dedi ki, problem bizlik deyil, "Azərsu" qapağı təmir etməlidi. "Azərsu"nun əməkdaşı da dedi ki, quyunun qapağını "Azəravtoyol" dəyişməlidi. 1-2 gün də keçəndən sonra kanalizasiya quyusunun qapağı dəyişdirilidi. Daha bunu hansı müəssisə etdi, o barədə xəbərim olmadı.

Əslində, dövlət qurumlarının qəribəlikləri məsuliyyət daşıdıqları, aradan qaldırmalı olduqları problemi üzərlərindən atmaları deyil. Dövlət qurumlarımızın əsas qəribə xüsusiyyətlərindən biri (xasiyyət də oxuya bilərsiniz) onlara aid olmayan sahələrə "girişmələridir". Yenə də çoxsaylı misallar gətirmək olar, amma vaxtınızı almayıb mətləbə keçirəm. Deməli, aprel ayının 8-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Şıxarx qəsəbəsində, məcburi köçkünlərin yaşayış kompleksində Müdafiə Nazirliyinin dəstəyi ilə ilk tibbi yardım üzrə təlim təşkil edib. Bu barədə qurumun rəsmi saytında da xəbər dərc edilib. Həmin xəbərdə Sarıcalı Hərbi Hospitalının tibb işçiləri tərəfindən açıq havada keçirilən təlimə kompleksdə məskunlaşmış 100-dən çox məcburi köçkünün cəlb olunduğu, onların hər hansı qəza zamanı və həyat üçün təhlükə yaradan vəziyyətlərdə, o cümlədən, hərbi əməliyyatlar nəticəsində xəsarət alanlara həkim gələnədək ilk yardım göstərilməsinin üsul və qaydaları üzrə praktiki məşqlərdə iştirak etdiyi, təlimçi həkimlərin məcburi köçkünlərin çoxsaylı suallarını cavablandırdığı, onlara ilk tibbi yardımın xüsusiyyətləri və əhəmiyyəti barədə ətraflı məlumat verildiyi deyilir. Qurum daha sonra təlimlərin məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı digər yaşayış yerlərində də aparılmasının nəzərdə tutulduğunu xəbərdə vurğulayır. Çox gözəl!
 
İlk baxışdan vətənsevər insanlara xoş görünən, vətənşüvənlərə isə hansısa məmurlara yaltaqlanmaq üçün əsl göydəndüşmə fürsət olan bu xəbərin mahiyyətində çox ciddi suallar var. Əlbəttə, düşmənlə üzə-üzə olan ərazidə yaşayan həmvətənlərimizin təhlükəsizliyi vacibdir. Bu məqam ən xırda detallarına qədər nəzərə alınmalıdır. Torpaqları işğal altında olan dövlətdə yaşayırıq. Cənab prezident, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı da hər bir çıxışında Ermənistanın sülh yolu ilə torpaqları qaytarmayacağı halda, müharibənin qaçılmaz olduğunu deyir. Buna görə də biz hamılıqla, həm fərd, həm də rəsmi qurumlar olaraq müharibəyə hazır olmalıyıq.
 
Amma bu heç kimə - nə fərdlərə, nə də rəsmi qurumlara izafi işlərlə məşğul olmağa, dövlətin vəsaitini boş-boşuna xərcləməyə bəhanə verməməlidir. Xəbərdən də göründüyü kimi təlimdə hərbçi həkimlər iştirak edir. İndi sual meydana çıxır, əgər mühariə başlayanda hərbi həkimlər mülki vətəndaşlarla məşğul olacaqlarsa, bəs, əsgərlərimizə hansı həkimlər xidmət edəcək?! Niyə bu təlimlərdə Səhiyyə Nazirliyi, Fövqaladə Hallar Nazirliyi iştirak etmir? Niyə bu cür təlimlərin təşəbbüskarları qismində rayon icra hakimiyyətləri çıxış etmir? Yaxşı olmazmı ki, hərbçilərimizi rahat buraxaq, onlar öz vacib işləri ilə məşğul olsunlar. İnsanlarımız arasında profilaktik söhbətləri, təlimləri isə yetərli, müasir maddi-texniki bazaya malik Fövqaladə Hallar Nazirliyi ilə Səhiyyə Nazirliyi aparsın?!
 
Əlbəttə ki, belə olarsa, "Qaçqınkom"un da dövlətin maliyyəsi hesabına inşa etdiyi evlərin keyfiyyətinə nəzarət etməyə vaxtı daha çox olar...
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook