SON XƏBƏR

Prokuror sabiq nazirin qohumuna cəza istədi: qadağan olunmuş dərman pereparatları satıb

İyun 14
14:14 2018
Bakıda qadağan olunmuş dərmanlar satmaqda ittiham edilərək həbs olunan şirkət rəhbərinin məhkəməsi keçirilib.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində güclü təsir edən dərmanları qanunsuz satmaqda və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən Natiq Qasımovun cinayət işi üzrə növbəti məhkəmə iclası baş tutub.

İş üzrə daha iki nəfər - Xatirə İmaməliyeva və Aidə Cəfərova da təqsirləndirilən şəxslərdir. Hakim Əlövsət Abbasovun icraatında olan prosesdə şahid Natiq Mirzəyev ifadə verib.

O, deyib ki, təqsirləndirilən Natiq Qasımovun qaynıdır. Şahid deyib ki, onun adına "Çinar" adlı firma yaradılıb. Həmin firma Bakıda dərman satışı ilə məşğul olub: "Mən sadəcə etibarnamə vermişəm. Bütün hüquqları onlara vermişəm. İdarəçilik, rəhbərlik mənə aid olmayıb. Mən firmanın sonrakı fəaliyyətindən xəbərsiz olmuşam".

Natiq Mirzəyev firmanın gəlirlərindən qazanc aldığını da təsdiqləyib. Prosesin davamında məhkəmə istintaqının başa çatdığı elan olub.

Çıxış üçün söz dövlət ittihamçısına verilib. Prokuror çıxışında Natiq Qasımovun 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Prokuror hazırda ev dustaqlığında olan Xatirə İmaməliyeva və Aidə Cəfərovanın isə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini və ev dustaqlığı qətimkan tədbirinin dəyişdirilərək məhkəmə zalında həbs edilməsini istəyib.

Məhkəmə iclası iyunun 22-də davam etdiriləcək.

Bildirək ki, təqsirləndirilənlərdən Natiq Qasımov özünü qismən, Xatirə İmaməliyeva ilə Aidə Cəfərova isə özlərini təqsirli bilmədiklərini deyiblər. N.Qasımov həbs edilməsinin səbəbi kimi göstərilən dərmanların lisenziyasının olub-olmadığından xəbərsiz olduğunu bildirib. O, özünü Cinayət Məcəlləsinin 240-cı (güclü təsiri olan maddələrin satışı) maddəi ilə təqsirli bildiyini deyib. Əlavə edib ki, həmin dərmanların reseptlə satıldığından xəbərsiz olub. Məhkəmədə o da məlum olub ki, N.Qasımovun həyat yoldaşı da qanunsuz dərman satışında ittiham edilib.

Qeyd edək ki, N.Qasımov "Çinar Pharmaceuticals” MMC-nin təsisçisi və faktiki rəhbəri olub. Təqsirləndirilən qadınlar isə həmin şirkətə məxsus aptekdə satıcı işləyiblər və barələrində həbs-qətimkan tədbiri seçilməyib, polisin nəzarətinə verilməklə azadlıqda qalıblar.

Bu iş üzrə yayılan rəsmi məlumata görə, Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi 11a saylı ünvanda fəaliyyət göstərən aptekdə işləyən satıcıların 5 fevral 2018-ci il tarixdə narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə hesab edilən "Contramal 150 SR (Tramadol HCl 150 mq)” adlı dərman preparatının həkim resepti olmadan 50 həbini 75 manata qanunsuz satmaları müəyyən edilib.

İstintaq zamanı qeyd edilən aptekdə Səhiyyə Nazirliyinin əməkdaşlarının iştirakı ilə müvafiq məhkəmə qərarı əsasında axtarış həyata keçirilib. Axtarış zamanı narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan tərkibində güclü təsir edici maddələr olan - hər birində 10 həb olmaqla 200 konvalyutda "Contramal 150 SR”, dövlət qeydiyyatı olmayan 7 adda - 1 qutu "Benzilbenzoat”, 1 qutu "Chondrocsil GEL 100 ml", 3 qutu "MGK Baralqin № 100", 1,5 qutu "Silentex N 30", 1 qutu "İmunitex N 30", 21 konvalyut "Mukaltin 50 mq № 10", 22 konvalyut "Dimedrol 50 mq № 10", sertifikatı olmayan 13 adda - 5 qutu "Bonaksim 1 qr N 1", "Auqmentin suspenzia 70 ml № 1", 1 qutu "Amitriptilin 25 mq № 50", 2 qutu "Nirofen 200 mq N 24", 1 qutu "Uprofloksain 02 % 100 ml № 1", 7 konvalyut Difenin 117 mq № 10", 1 qutu "Dilatrent 12,5 mq № 30", 1 qutu "Triamzur Kompozitum 37,5 mq № 50", 2 qutu "Korinfar 10 mq № 100", 3 qutu "Validol 50 mq № 40", 1 qutu "Preduktal MR 35 mq № 60", 1 qutu "Streptosit 5% 30 q Liniment" və 5 qutu "Nurofen S 3x 100 ml № 1" adlı dərman preparatları aşkar edilərək götürülüb.


Qeyd edək ki, N.Qasımov sabiq rabitə naziri Əli Abbasovun qohumudur.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook