SON XƏBƏR

Professor İlham Məmmədzadə BƏYƏNAT yaydı

Mart 11
19:00 2016
Direktor İlham Məmmədzadə Etibar Əliyevə cavab yazdı və şöbə müdirinin müdafiəsinə qalxdı
 
Martın 10-da AMEA Fəlsəfə və Hüquq İnstitutunun böyük elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, təhsil eksperti Etibar Əliyevin musavat.com saytında yazısı dərc olunmuşdu. E.Əliyev işlədiyi qurumdakı neqativ hallar, institutun direktoru İlham Məmmədzadədən və şöbə müdiri Xaliq Əhmədzadədən Azərbaycan Fəlsəfə və Sosial-Siyasi Elmlər Assosiasiyasının prezidenti, akademik Ramiz Mehdiyevə şikayət etmişdi. Müəllif R.Mehdiyevdən prosesə müdaxilə etməsini xahiş etmişdi.
 
Martın 11-də AMEA Fəlsəfə və Hüquq İnstitutunun direktoru professor İlham Məmmədzadə Etibar Əliyevin dediklərinə cavab məqaləsi yazaraq musavat.com-a yollayıb. Obyektivlik naminə həmin cavabı olduğu kimi dərc edirik:
 
"Çox hörmətli KİV nümayəndələri!
 
Son günlər bizdən asılı olmayan səbəblərdən, rəhbərlik etdiyim AMEA Fəlsəfə və Hüquq İnstitutunun adı bir çox KİV-lərdə və elektron saytlarda "qara piar” formasında hallanır. Mən bir institut direktoru və professor kimi, buna çox təəssüflənirəm. Belə ki, bizim institutun bir qrup əməkdaşı məqsədli şəkildə, öz iyrənc, çirkli oyunlarını və niyyətlərini həyata keçirmək üçün, rəhbərlik etdiyim institutun işgüzar nüfuzuna, intellektual səviyyəsinə, səmimi və mehriban kollektivinə şantaj, iftira və böhtan ataraq, KİV-lərdə və elektron saytlarda mütəmadi olaraq silsilə məqalələrlə Azərbaycan dövlətinin müxtəlif rəhbər və vəzifəli şəxslərinin adına müraciətlər göndərərək, guya institutda mənim səlahiyyətlərimin institutun şöbə müdiri Xaliq Əhmədzadə tərəfindən mənimsənilməsi və ikili idarəçilik sisteminin yaradıldığı təəssüratını formalaşdırmağa çalışırlar.
 
Belə məqalələri mətbuat səhifələrində tirajlayanlardan biri Fəlsəfə və Hüquq İnstitutunun "İdrak nəzəriyyəsi və elmin fəlsəfəsi” şöbəsinin böyük elmi işçisi Etibar Əliyevdir. Etibar Əliyev "Yeni Musavat” qəzetinin elektron saytına 10 mart 2016-cı il tarixdə saat 16:52-də "Fəlsəfə institutunda iki hakimiyyətlilik - qalmaqal” məqaləsini öz adı ilə yerləşdirmişdir. Mənim işgüzar nüfuzuma, şəxsiyyətimə, elmimə və gələcəyimə kölgə salan, əvvəldən sonadək iftira və böhtandan ibarət olan məqalədə göstərilir ki, guya institutumuzda iki hakimiyyətlilikdir, idarəçilik tamamilə iflic vəziyyətindədir, kadrlar düzgün yerləşdirilmir, institutda xəfiyyə sistemi yaradılıb və bu xəfiyyə sisteminə hüquqşünas alim Xaliq Əhmədzadə rəhbərlik edir.
 
Sizə tam səmimiyyətlə bildirirəm ki, Xaliq Əhmədzadə heç bir xəfiyyə sistemi yaratmayıb, institutda mənim kabinetimdə heç bir iclas keçirməyib, institutun idarə olunmasında və kollektivə rəhbərlikdə onun heç bir rolu yoxdur. Bütün kollektiv bir mənalı bilir ki, institutun əməkdaşlarına bütün əmr və göstərişlər mənim tərəfimdən verilir.
 
Xaliq Əhmədzadənin heç bir qaranlıq keçmişi yoxdur. Doğulduğu gündən hal-hazırkı dövrə qədər onun barəsində Azərbaycan Respublikası məhkəmələrinin heç bir hökm və ya qərarı olmamışdır. Xaliq Əhmədzadə heç bir zaman məhkumluq həyatı yaşamamış, onun barəsində, on manat belə olsa, cərimə qərarı yoxdur.
 
Etibar Əliyev mənim və institutun şöbə müdiri Xaliq Əhmədzadənin Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin və AR CPM-nin 21-ci maddəsinin, yəni şəxsin təqsirsizlik prezumpsiyasının tələblərini kobud sürətdə pozmuş, bununla da institutumuzun əməkdaşı Etibar Əliyev və institutdan 25 fevral 2016-cı ildə xaric olunmuş Yadigar Türkel AR CM-nin 147 (böhtan) və 148-ci (təhqir) maddələrində, AR CM-ın 296.2 (bilə-bilə yalan xəbərçilik etmə, eyni əməllər şəxsin ağır və xüsusilə ağır cinayət törətməkdə ittiham olunması və ya saxta ittiham sübutlarının yaradılması ilə bağlı törədildikdə) nəzərdə tutulmuş qanunazidd əməlləri törətmişdirlər.
 
Bundan başqa, Yadigar Türkel institutumuzun şöbə müdiri Xaliq Əhmədzadəni və məni "Azadlıq” qəzetinin elektron saytında 10 mart 2016-cı il tarixində tirajlanan "Fəlsəfə və Hüquq İnstitutunda nələr baş verir?” məqaləsində əsasız olaraq əlində Azərbaycan Respublikasının məhkəmələrinin heç bir cəza hökmü və ya cərimə qərarı olmadan müxtəlif cinayət maddələri ilə ittiham etmişdir.
 
Belə ki, tam təkzib olunmaz mötəbər hüquqi sübutlara əsaslanaraq bir daha qeyd edirəm ki, Xaliq Əhmədzadə barəsində doğulduğu gündən - 11 mart 2016-cı ilə tarixinə qədər heç bir məhkəmə hökmü və qərarı olmamışdır. Bildirirəm ki, istənilən vətəndaş haqqında hüquqi araşdırma aparıla bilər və AR CPM-nin 39.1.1; 39.1.2 maddələri ilə yəni, əməldə heç bir cinayət tərkibi olmadığından bəraət verici əsaslarla xitam olunur.
 
Xaliq Əhmədzadənin "Diktatorların bilinməyən sirləri” kitabı (320 səh.) ilk dəfə 1998-ci ildə, sonra isə 2009-cu ildə nəşr edilmişdir. Həqiqətən də, həmin kitabın elmi məsləhətçisi kimi AR Xarici İşlər Naziri Elmar Məmmədyarov rəy vermişdir. Digər rəy verənlər isə Milli Məclisin deputatı və komissiya sədri siyasi elmlər doktoru Hadi Rəcəbli, Milli Məclisin deputatı Musa Quliyev və Milli Məclisin sabiq deputatı Əkrəm Abdullayev rəsmi şəkildə rəylər vermişdirlər. Həmin rəylər Milli Məclisin ümumi şöbəsi tərəfindən tam təsdiq edilmiş və qeydiyyata alınmışdır.
 
Bundan başqa Xaliq Əhmədzadə "Diktatorların bilinməyən sirləri” haqqında bu günə kimi doktorluq monografiyası yazmamışdır. O, bu barədə "Azadlıq” qəzetinin 11.09.2013 tarixli № 233 (5394) sayında "Adıgözəl Məmmədova şok cavab” adlı geniş məqaləsini dərc etdirmişdir. Onun doktorluq dissertasiyasının mövzusu 2011-ci ildə "Beynəlxalq terrorçuluq beynəlxalq cinayətin bir növü kimi: nəzəri və təcrübi problemlər” adı ilə AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunda qeydiyyata alınmışdır.
 
Bundan başqa Etibar Əliyev həmin məqaləsində mənə və Xaliq Əhmədzadəyə iftira və böhtan ataraq guya biz onu mütəmadi təhdid və təhqir etdiyimizi bildirir. Əlində isə heç bir hüquqi dəlil və sübut yoxdur. Bu şantaj, böhtan və iftiralar Etibar Əliyevin həyat tərzidir. Çox təəssüf ki, o, cəmiyyətə özünü belə tanıtdırmışdır.
 
Xaliq Əhmədzadə Naxçıvan MR-də 12№ li orta məktəbi 1990-cı ildə "qızıl” medalla bitirmiş, beş dəfə riyaziyyat-fizika üzrə keçirilən Beynəlxalq Olimpiadaların qalibi olmuş, 1990-1995-ci illərdə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu fərqlənmə diplomu ilə (TB-İ № 095066, Qeydiyyat № 1403);
 
2000-2004-cü illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Hüquqşünaslıq fakültəsini fərqlənmə diplomu ilə (AB- İ № 083557, Qeydiyyat № 120) bitirmiş, Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən ona 2001-ci ildə (11 iyul 2001-ci il tarixli 27 №li protokol) texnika elmləri namizədi alimlik dərəcəsi verilmişdir.
 
Bundan əlavə, qeyd etmək istərdim ki, Xaliq Əhmədzadə nümunəvi ailə başçısı, əxlaqlı, elmi etikaya sahib, savadlı bir hüquqşünas alim kimi institutumuzun ən nizam-intizamlı əməkdaşlarından biri olmaqla bərabər, institutun ictimai həyatında olduqca aktiv iştirak edir.
 
Hörmətli KİV nümayəndələri!
 
Bundan sonra da rəhbərlik etdiyim institutda Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının alternativsiz, şəffaf siyasəti mənim və sağlam kollektivim tərəfindən həmişə dəstəklənir və birmənalı dəstəklənəcəkdir. Bu, bizim əsas prioritetimizdir. Mən özümü cənab Prezidentin müsəlləh əsgəri hesab edirəm. Onun verdiyi sərəncam və tapşırıqları təxirə salınmadan dərhal yerinə yetirməyi özümün başlıca vəzifəsi hesab edirəm!
 
Dərin hörmətlə:
AMEA Fəlsəfə və Hüquq İnstitutunun direktoru,
professor İlham MƏMMƏDZADƏ”



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook