SON XƏBƏR

Prezidentin qərarının icrasına başlandı — paytaxtda yeni layihə

Aprel 20
21:47 2017
"Ovçular evi"nin binası sökülür, hazırda ərazidə söküntü işləri davam edir. Ərazi Bakı Şəhər İcra Hakimiyyətinin xəbərdarlığı olan dəmir lövhələrlə bağlanıb.
Yasamal rayonu Həsən bəy Zərdabi küçəsində yerləşən "Ovçular evi"nin binası sökülür, hazırda ərazidə söküntü işləri davam edir. Ərazi Bakı Şəhər İcra Hakimiyyətinin xəbərdarlığı olan dəmir lövhələrlə bağlanıb. Xatırladaq ki, həmin xəbərdarlıq löhvəsində daha əvvəl "Müvəqqəti narahatlığa görə üzr istəyirik" qeydi və bina tikintisinə dair fotolar əksini tapırdı.
 
Söküntü işləri aparılan ərazidə özünü Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndəsi kimi təqdim edən şəxsin Sputnik Azərbaycan-a verdiyi məlumata görə, ərazidə bina sakinlərinin rahatlığını təmin etmək üçün park salınacaq — "Mədəniyyət parkı". O, park salma prosesinin bir neçə aya başa çatacağını bildirib.
Xatırladaq ki, bir müddət öncə həmin ərazidə "Ovçular evi"nin sökülməsi, ağacların qırılması və yerində çoxmərtəbəli yaşayış binasının tikilməsi xəbəri cəmiyyətdə ciddi narazılıqlara səbəb olmuşdu. KİV-də yer alan xəbərlərə görə, Milli Məclis üzvləri yaşayış binası tikiləcəkmiş.

Lakin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi ilə Yasamal rayonu, Mətbuat prospektində yerləşən "Ovçular evi" ərazisində yaşayış binasının tikintisi dayandırıldı. Tikinti yerindəki məlumat lövhəsinə görə, Yasamal rayonunda qeyd olunan ünvanda "Böyük Plaza" yaşayış və ticarət mərkəzinin tikintisi aparılırdı. Lakin tikintini həyata keçirən şirkət mövcud qanunları pozaraq, ərazidə 54 ağacı qanunsuz olaraq ağır texnika ilə məhv edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf mühitin mühafizəsi departamentinin sektor müdiri Raquf Mirzəyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Mətbuat prospekti-29 ünvanında "Ovçular evi" İctimai Birliyinin ərazisində yaşıllıqların məhv edilməsi ilə bağlı ETSN-in "qaynar xətti"nə aprel ayının 13-də məlumat daxil olub. Nazirliyin əməkdaşları əraziyə baxış keçirib və müəyyən edilib ki, 27 ədəd müxtəlif növ ağaca bioloji ziyan yetirilib, 12-44 sm diametrli müxtəlif ölçülü, içərisində şam, tut, yapon əzgili və s. olan 52 ədəd ağac məhv edilib.
 
"Bu səbəbdən də "A-3 Sənaye Tikinti Korporasiyası" MMC barəsində akt və protokol tərtib edilib və onlar tərəfindən ağacların məhv edilməsinə görə təbiətə 80 760 manat məbləğində ziyan vurulduğu müəyyənləşib. Eyni zamanda, həmin MMC İnzibati Xətalar Məcəlləsinin bir neçə maddəsi əsasında 50 min manatadək cərimə edilib. Vurulan ziyan cinayət tərkibi yaratdığından aidiyyəti üzrə hüquq mühafizə və məhkəmə orqanlarına müraciət edilib. Həmin MMC-yə ümumilikdə 130 760 manat cərimə kəsilib" — Mirzəyev əlavə edib.

Məlum olduğu kimi, yaxın günlərə qədər ərazidə "Ovçular evi" yerləşirdi. Hazırda 30 min üzvü olan cəmiyyətin aqibəti sual altındadır. "Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti" İctimai Birliyinin sədri Fizuli Əşrəfovun Sputnik Azərbaycan-a bildirdiyinə görə, " Azərovçu"-ya paytaxtın Xəqani küçəsində yer verilib: "Vəziyyətlə bağlı daha ətraflı yaxın günlərdə məlumat veriləcək".



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook