SON XƏBƏR

Prezidentin narazı qaldığı qurumlar hansılardır?

Oktyabr 11
12:31 2017
"Yol Xəritəsi” projesinə görə ölkə başçısını narazı salan dövlət idarələri işlərini çox ləng görür
 
Oktyabrın 10-da prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin 9 ayı üzrə sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib.
 
Müşavirədə çıxışı zamanı prezident ötən il qəbul olunmuş strateji yol xəritələrinin icra vəziyyətinə toxunub:  "Strateji Yol Xəritələrinin icrası ilə bağlı monitorinq aparılır. Monitorinqin nəticələri mənə məruzə edildi. Monitorinq göstərir ki, bəzi hallarda nəzərdə tutulan tədbirlərin icrası gecikir. Buna yol vermək olmaz”.
 
Prezident qeyd edib ki, xəritələrdə bütün dövlət qurumları qarşısında vəzifə qoyulub: "Hər bir dövlət qurumu bilir nə etməlidir. Ona görə bəzi qurumlarda Strateji Yol Xəritələrinin icrası 50 faizdir, 70 faizdir, bəzi qurumlarda isə 10 faizdir, 15 faizdir. Bunun izahatı tələb olunmalıdır. Mən göstəriş verirəm ki, gecikməyə yol verən qurumlar tezliklə işlərində dönüş yaratsınlar. Bütövlükdə Strateji Yol Xəritələrinin qəbulu və elan edilməsi çox ciddi islahatdır - 164 prioritet və 683 tədbir nəzərdə tutulub. Onların hamısı 2020-ci ilə qədər öz həllini tapmalıdır. Ona görə bu məsələ ilə bağlı monitorinqin nəticələri təhlil olunmalı və burada qüsurlara yol verən qurumlar tezliklə düzəlişlər etməlidirlər. Mənə mütəmadi olaraq məlumat veriləcək. Yubanma aradan qaldırılmalıdır. Aidiyyəti dövlət qurumları nəticə çıxarsınlar”. Prezidentin xəbərdarlıq etdiyi qurumlar hansılardır? Yol xəritələrinin icrasında hansı qurum daha aşağı nəticə göstərib?

Xatırladaq ki, bir neçə gün öncə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi bu ilin 6 ayında strateji yol xəritələrində nəzərdə tutulan tədbirlərin icra vəziyyətini monitorinq edərək hesabat açıqlayıb. Prezidentin çıxışında istinad etdiyi həmin hesabatdan aydın olur ki, "Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nin icrası üzrə ən aşağı göstəricilər Ədliyyə Nazirliyi və Dövlət Statistika Komitəsindədir - 0 bal. Ədliyyə Nazirliyi üzərinə düşən 1, Statistika Komitəsi isə 3 tədbirdən heç birini icra etməyib.
 
"Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi” üzrə autsayderlər "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliydir. Onların hər biri icra etməli olduğu 1 tədbirin icrasına hələ başlamayıb.
 
"Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulan tədbirlərin icrası sahəsində geridə qalanlardan biri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir - bu qurum üzərinə düşən 1 tədbirin icrasına başlamayıb. Ləngiməyə görə ikinci yerdə olan Əmlak Məsələləri Dövlət Komitəsi 3 tədbirin icrasına görə 100 mümkün baldan 17 bal alıb. Bu xəritədə nəzərdə tutulan  "Effektiv tənzimləmə və hərrac mexanizmlərinin yaradılması” prioriteti üzrə tədbirlər cəmi 13 faiz icra olunub.
 
"Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulan tədbirlərin icrasında ən aşağı göstərici Maliyyə Bazarlarına Nəzarət Palatasındadır. Belə ki, bu qurum məsul olduğu 44 tədbirin icrası üzrə cəmi 28 bal toplayıb. Bu xəritədə nəzərdə tutulan "Qeyri-işlək aktivlərin restrukturizasiya planının hazırlanması”, "Hüquqi çərçivəyə yenidən baxılması, məhkəmə qərarları və icrası proseslərinin sürətləndirilməsi”, "Maliyyə xidmətləri sektorunda konsolidasiya edilmiş riskəsaslı nəzarət modelinin tətbiqi”, "Bankların rəqəmsal transformasiyasının sürətləndirilməsi üçün tənzimləmə mexanizminin təkmilləşdirilməsi”, "Maliyyə xidmətləri sektorunda hesabatlılığın şəffaflığının artırılması” prioritetləri üzrə tədbirlərin icra faizi 0-dır.
 
(Musavat.com)



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook