SON XƏBƏR

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev əsgərlərlə nahar edib - FOTOLAR

Fevral 13
15:26 2019
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev fevralın 13-də Müdafiə Nazirliyinin Beyləqan rayonu ərazisində yeni inşa edilmiş "N” saylı hərbi hissəsində yaradılan şəraitlə tanış olub.

Qlobal.Az AZƏRTAC-a istinadla xəbər verir ki, müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov Prezident, Ali Baş Komandan İlham Əliyevə raport verdilər.

Azərbaycanın iqtisadi inkişafı Silahlı Qüvvələrin də müasir standartlara cavab verən peşəkar orduya çevrilməsində mühüm rol oynayıb. Təbii ki, güclü ordunun yaradılması həm də güclü hərbi-sənaye kompleksinin mövcudluğu ilə şərtlənir. Bu məsələyə vaxtında lazımi diqqət göstərən Prezident İlham Əliyevin rəhbərliyi ilə 2005-ci ildə ölkədə müdafiə sənayesinin əsasının qoyulması və bu sahədə istehsalyönümlü müəssisələrin fəaliyyətə başlaması Azərbaycan Ordusunun maddi-texniki bazasını daha da gücləndirib. 2019-cu ildə Prezident İlham Əliyevin Müdafiə Sənayesi Nazirliyinin əsasında "Azərsilah” ASC-nin yaradılması ilə bağlı imzaladığı Fərman da Silahlı Qüvvələrin müasir tələblərə cavab verən müdafiə təyinatlı məhsullarla təmin olunmasında əhəmiyyətli rol oynayacaq. Ölkədə hərbi xərclərin artırılması hərbçilərin sosial vəziyyətinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına səbəb olub. Son illərdə hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi sahəsində sistemli tədbirlər görülüb. Hərbi qulluqçuların rütbə və vəzifə maaşları artırılıb, onlar üçün paytaxtda və bölgələrdə xidməti yaşayış evləri tikilib. İndi Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü 50 ordusu sırasındadır. Bunu beynəlxalq hərbi tədqiqat mərkəzlərinin hesabatları da təsdiqləyir. Bu nəticəyə isə hərbi potensialın gücləndirilməsi, qoşun birləşmələrinin döyüş hazırlığının müasir standartlar səviyyəsində qurulması sayəsində nail olunub. İndiyə qədər ordunun döyüş qabiliyyətinin daha da artırılması, əməliyyat işləri üzrə hazırlığın gücləndirilməsi, idarəetmənin təkmilləşdirilməsi ilə bağlı birlik və birləşmələrin xeyli sayda komanda-qərargah təlimi keçirilib. Bu təlimlərə Silahlı Qüvvələrin müxtəlif qoşun birləşmələri cəlb olunub. Ordumuzun gücünü son illərdə keçirilən hərbi paradlarda nümayiş etdirilən canlı qüvvə və hərbi texnikadan da görmək olur.

Dövlətimizin başçısına məlumat verildi ki, 13 hektar ərazidə yerləşən hərbi hissənin inşasına 2017-ci ildən başlanılıb. Artıq tikintinin birinci mərhələsi başa çatdırılıb. Hazırda ikinci mərhələ üzrə işlər davam etdirilir. Hərbi şəhərcikdə inzibati, xidməti, yaşayış, texniki binalar inşa olunub, qurğular yerləşdirilib. Ərazidə şəxsi heyətin uzunmüddətli yerləşdirilməsi məqsədilə yataq, məişət və xidməti sahələrdən ibarət əsgər yataqxanaları tikilib. Ailəli hərbi qulluqçuların yerləşdirilməsi üçün birmərtəbəli dörd xidməti yaşayış binasında 32-si üçotaqlı, 16-sı ikiotaqlı olmaqla 48 mənzilin tikintisi davam etdirilir.

Təntənəli mərasimlər, qoşunların sıra təlimləri, düzülüşlər, şəxsi heyətin sıra baxışı, döyüş və fiziki hazırlıq, eləcə də digər tədbirlərin keçirilməsi üçün sıra meydanı da salınıb. Şəxsi heyətə ixtisaslı tibbi yardımın göstərilməsi məqsədilə ərazidə xüsusi tibbi avadanlıqla təchiz edilmiş tibb məntəqəsi, qarovul məntəqəsi, yemək zalından, yeməkbişirmə, ərzaq və təsərrüfat otaqlarından, ərzaq və soyuducu anbarlarından ibarət yeməkxana binası inşa olunub. Ərazidə gündəlik 720 kiloqram paltar yumaq, qurutmaq və ütüləmək imkanına malik hamamxana-camaşırxana-qazanxana kompleksi yaradılıb. Hərbi hissədə avtomobil və xüsusi texnikanın yerləşdirilməsi üçün park da salınıb.

Prezident İlham Əliyev daha sonra yeməkxanada yaradılan şəraitlə maraqlandı, hərbi hissənin şəxsi heyəti ilə birlikdə nahar etdi.

Bütün bunlar göstərir ki, orduda aparılan islahatlar bəhrə verir. Döyüş hazırlığının yüksək tələblərə cavab verən səviyyəyə çatdırılmasını prioritet vəzifə kimi müəyyənləşdirən Prezident İlham Əliyev təmas xəttində yerləşən bölgələrimizə mütəmadi səfərlər edir. Ali Baş Komandanın əsgərlərimizlə keçirdiyi görüşlər onları Vətəni qorumağa, işğal altındakı torpaqlarımız uğrunda hər an savaşa qalxmağa ruhlandırır. Bununla da güclü ordu potensialımız bizi əsas məqsədimizə, işğal edilən torpaqlarımızın azad olunmasına daha da yaxınlaşdırır. Bunun nəticəsidir ki, qəhrəman hərbçilərimizin uğurlu əks-hücum əməliyyatı nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2 min hektardan çox hissəsi 2016-cı ildə azad olunub. Füzuli rayonu istiqamətində yerləşən və geniş ərazini nəzarətdə saxlamağa imkan verən strateji əhəmiyyətli Lələtəpə yüksəkliyi ələ keçirilib. Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Ermənistan silahlı birləşmələrinin işğalı altında olan Günnüt kəndinin 26 ildən sonra ordumuzun nəzarəti altına keçməsi nəticəsində Xunut dağı və Ağbulaq yüksəkliyi, Qızılqaya dağı və Mehridağ işğaldan azad edilib, ümumilikdə 11 min hektara yaxın ərazi nəzarət altına alınıb. Bu da göstərir ki, peşəkar ordusu olan xalqın müstəqilliyi əbədidir və bu ordunun gücünün əsasında xalqına, dövlətinə sədaqət və Vətən sevgisi durur.

Qlobal.Az
 

 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook