SON XƏBƏR

Prezident İlham Əliyev: Azərbaycan İslam sivilizasiyasının tarixi-mədəni mərkəzlərindən birinə çevrilib

İyul 11
12:45 2019
Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən "İslam Sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumu iştirakçılarına müraciət ünvanlayıb.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov "İslam sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumu iştirakçılarına Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müraciətini oxuyub.

Müraciətdə deyilir:

"Hörmətli simpozium iştirakçıları! Sizi ölkəmizin paytaxtı Bakı şəhərində salamlamaqdan məmnun olduğumu bildirir, hər birinizə ən səmimi arzu və istəklərimi yetirirəm. Etnik-mədəni müxtəlifliyi və təbii coğrafi zənginlikləri ilə dünyanın unikal guşələrindən olan Qafqazın son 1400 illik tarixi İslam dini ilə bağlıdır.

Azərbaycanda, o cümlədən Qafqazın müxtəlif bölgələrində bu dinə məxsus çoxsaylı maddi və qeyri-maddi mədəniyyət nümunələri İslam sivilizasiyasının regiondakı dərin köklərindən xəbər verir.

Bu gün Qafqazda yaşayan xalqların bir çoxunun mədəniyyətinin əsasını İslam dəyərləri təşkil edir. İslam 7-ci əsrin ortalarından etibarən Azərbaycanda yayılmağa başlayıb və ölkəmiz İslam sivilizasiyasının tarixi-mədəni mərkəzlərindən birinə çevrilib. Xalqımız 100 illər boyu belə bir mədəni-mənəvi müstəvidə bəşəri fikir tarixinə böyük şəxsiyyətlər bəxş edib, dünya şöhrətli azərbaycanlı alim və mütəfəkkirlər, söz və sənət dühaları İslam mədəniyyətinin inkişafında müstəsna xidmətlər göstərmişdir. Tarixən olduğu kimi bu gün də Azərbaycanda islami dəyərlərin qorunmasına xüsusi əhəmiyyət verilir.

Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 9-11 dekabr 1998-ci ildə "İslam sivilizasiyası Qafqazda” Beynəlxalq Simpoziumunun Bakıda keçirilməsi xalqımızın öz tarixi keçmişinə və milli-mənəvi dəyərlərinə bağlılığının bariz nümunəsi idi. 2017-ci ildə Azərbaycanda "İslam Həmrəyliyi ili" elan edilməsi və IV İslam Həmrəyliyi oyunlarının Azərbaycanda keçirilməsi müasir narahat dünyamıza əmin-amanlıq və həmrəylik çağırışları kimi qiymətləndirilməlidir. Bir sıra ölkələrdə islamofobiyanın vüsət aldığı hazırkı dövrdə biz insanları birliyə, bərabərliyə, sülhə və tolerantlığa dəvət edən ümumbəşəri İslam dəyərlərinin təbliği istiqamətində ardıcıl səylərimizi, eyni zamanda mədəniyyətlərarası dialoq və əməkdaşlıq təşəbbüslərimizi bundan sonra da davam etdirəcəyik. "İslam Sivilizasiyası Qafqazda" II Beynəlxalq Simpoziumunun maraqlı və kostruktiv müzakirə şəraitində keçəcəyinə, Azərbaycanın, ümumilikdə Qafqazın İslam sivilizasiyasının inkişafındakı tarixi yerinin və rolunun araşdırılmasına yeni töhfələr verəcəyinə əminliyimi bildirir, toplantınızın işinə uğurlar arzulayıram".

Virtualaz.org xatırladır ki, bu gün Azərbaycan İlahiyyat İnstitutu, İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzi və AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun təşkilatçılığı ilə Bakıda "İslam sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumu keçirilir.

İki gün davam edəcək simpoziumda Türkiyə, Rusiya, Gürcüstan, İran, Ukrayna, Qazaxıstan, Özbəkistan, Moldova, ABŞ, Avstraliya, Misir, Səudiyyə Ərəbistanı və Qafqazda İslam sivilizasiyası mövzusu üzrə fəaliyyət göstərən alim, tədqiqatçı və ekspertlərin məruzələrlə çıxışları nəzərdə tutulur.

Builki simpoziumda "İslam mədəniyyətinin Qafqazda dini və ictimai-mədəni həyata təsiri”, "Qafqazda İslam elmlərinin inkişafı”, "Qafqazda İslam memarlığı, incəsənəti və ədəbiyyatı”, "Azərbaycanda tolerantlıq və multikultural ənənələrin möhkəmləndirilməsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rolu”, "Qafqazda İslamın yayılması”, "Qafqazda multikulturalizm”, "İslam sivilizasiyası Qafqazda” araşdırma və təlim sahəsi kimi: metodoloji məsələlər, tarixi mənbələr, sənədlər və artefaktlar, mövzu üzrə akademik əməkdaşlıq”, "Qafqazda din təhsilində məscid, mədrəsə və xanəgahların rolu”, "Çar Rusiyasının Qafqazda İslam siyasəti”, "Qafqaz alimlərinin İslam dünyasında dəqiq, təbiət və humanitar elmlərin inkişafında rolu” adlı panellərdə müxtəlif mövzularda məruzələr dinləniləcək.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook