SON XƏBƏR

Polisə silahlı basqın edənlər saxlanıldı – Rəsmi açıqlama + Adlar (Yenilənib)

Oktyabr 15
19:10 2017
Bakı şəhər Prokurorluğu və şəhər Baş Polis İdarəsi paytaxtda törədilən silahlı insidentlə bağlı birgə məlumat yayıb.

Şəhər Prokurorluğundan APA-ya daxil olan birgə məlumatda qeyd olunur ki, oktyabrın 14-də saat 19 radələrində Bakı şəhəri, Səbail rayonu, Ş.Şamil küçəsi 16 saylı ünvanda yerləşən çay evində naməlum şəxslər Mədətov Müşfiq İsrafil oğluna qarşı xuliqanlıq hərəkətləri edib ictimai qaydanı kobud surətdə pozaraq sonuncunu bıçağın dəstəyi ilə vurub ona xəsarət yetiriblər.

Həmin faktı üzrə Səbail Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 221.2.1 (xuliqanlıq) və 221.3-cü (xuliqanlıq) maddələri ilə cinayət işi başlanıb.

Oktyabrın 15-də saat 04.00 radələrində həmin cinayət işi üzrə hadisəni törətmiş şəxslərin müəyyən edilməsi istiqamətində Səbail RPİ-nin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri zamanı Bakı şəhəri, Nizami rayonu ərazisində "Leksus” markalı 90-LT-997 dövlət nömrə nişanlı avtomaşında olan şəxslər üzərlərində olan odlu silahlardan əməliyyat tədbirində iştirak etmiş polis əməkdaşlarına atəş açıb, nəticədə Səbail RPİ-nin Əməliyyat işləri üzrə rəis müavini, polis polkovniki Axundzadə Orxan Abdulla oğlu xəsarət alıb.

Hadisəni törədən şəxslər həmin avtomobillə hadisə yerindən qaçıblar.

Həmin fakt üzrə Nizami rayon Prokurorluğunda Cinayət Məcəllsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb və hadisə yerinə baxış keçirilib. Hadisə yerindən 1 ədəd 12 mm və 6 ədəd 9 mm kalibrli gilizlər götürülüb və müvafiq ekspertizalar təyin edilib.

Cinayət işləri istintaqın davam etdirilməsi üçün Bakı şəhər Prokurorluğunun icraatına verilib.

Bakı şəhər Prokurorluğu və Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən aparılmış təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan cinayət əməllərini törətməkdə şübhəli bilinənlər – 1992-ci il təvəllüdlü Abbasov Kazım Tapdıq oğlu, əvvəllər məhkum olunmuşlar – 1982-ci il təvəllüdlü İsmayılov Məhəmməd Həsən oğlu və 1976-cı il təvəllüdlü, Həsənov Emin Vaqif oğlu olması müəyyən edilib. Onlar Cinayət Məcəlləsinin 221.2.1, 221.3, 29, 120.2.3 və 315.2-ci (hakimiyyət nümayəndəsinə müqavimət göstərmə) maddələri ilə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunublar.

Hazırda qeyd edilən cinayət işi üzrə hadisənin digər iştirakçılarının müəyyən edilərək istintaqa cəlb olunmaları istiqamətində zəruri istintaq əməliyyat tədbirləri davam etdirilir.

***

Azərbaycan prezidenti Mühafizə xidmətinin sabiq əməkdaşı Muşviq Mədətova hücum edən "Transgeyt” nəqliyyat şirkətinin sabiq prezidenti Elnur Həsənovun qardaşı Emil Həsənov olub.

Məlumatlı mənbələrdən virtualaz.org-a bildirilib ki, onun avtomobilini təqib edən polislərə də o atəş açıb. Xatırladaq ki, atışma zamanı Sabail Rayon Polis İdarəsi rəisinin əməliyyat işləri üzrə müavini Orxan Axundzadə yaralanıb. Cinayətin motivləri bəlli deyil.

Qeyd edək ki, "Transgeyt” Açıq Səhmdar Cəmiyyəti Bakıda onlarla avtobus marşrutuna nəzarət edirdi. 2015-ci ildə şirkət faktiki olaraq müflis oldu.

"AzPolitika.info” xatırladır ki,  "Transgeyt” nəqliyyat şirkətinin sahibi "Hafka” ləqəbi ilə tanınan Hafiz Məmmədov olub. Təsadüfi deyil ki, bu hadisədə onun adı da hallanır. Belə ki, H.Məmmədovun artıq saxlanıldığı barədə məlumatlar yayılsa da, iş adamına yaxın mənbə "AzPolitika”ya bu məlumatı qətiyyətlə təkzib edib. 

Strateq.az isə xəbər verir ki, bu gecə Bakıda bir neçə ağır cinayətlər törədərək, qaçmağa çalışan dəstə üzvləri polisin keçirdiyi əməliyyatla saxlanılıb. Əməliyyat zamanı saxlanılan 3 nəfər artıq prokurorluğa təhvil verilib. 

İlkin məlumata görə, hadisəni törədənlər atəş açqdıqları şəxsin polis olduqlarını bilmədiklərini deyiblər.

Yaxın saatlarda DİN və Baş Prokurorluğun hadisəylə bağlı təfərrüatlı açıqlama verəcəyi gözlənilir.

***

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidovun mətbuata təsdiqinə görə, dünən axşam Heydər Əliyevin keçmiş mühafizəçisi Müşfiq Mədətova hücum edənlərin tutulması üçün keçirilən əməliyyat zamanı silahlı şəxslər Səbail RPİ-nin əməliyyat üzrə rəis müavini polis zabiti Orxan Axundzadəni yaralayıblar: "Yaralı zabit hospitala yerləşdirilib. Hazırda vəziyyəti yaxşıdır”.
 
***

Dünən axşam vaxtı metronun "İçərişəhər” stansiyası yaxınlığında naməlum cinayətkarın Azərbaycan prezidenti Heydər Əliyevin keçmiş mühafizəçisi Müşfiq Mədətovu bılçaqlaması barədə xəbər vermişdik.

Hadisənin Müşfiq Mədətov çayxanadan çıxarkən baş verdiyi bildirilirdi.

Onu da qeyd etmişdik ki, M.Mədətov ərizə ilə polisə müraciət edib.

Polis əməkdaşları cinayətkarların tutulmasına cəhd göstəriblər. Məlumatlı mənbələrdən virtuaz.org-a bildiriblər ki, cinayətkarlar asayiş keşikçilərinə atəş açıblar. Nəticədə Sabail Rayon Polis İdarəsi rəisinin əməliyyat işləri üzrə müavini Orxan Axundzadə yaralanıb.

"Report” xəbər verir ki, Səbail Rayon Polis İdarəsinin (RPİ) 9-cu Polis bölməsinin rəisi polis polkovnik-leytenantı Qədirov Elsəvər Maksim oğlu və Səbail RPİ-nin əməliyyat üzrə rəis müavini polis zabiti Orxan Axundzadə şübhəli şəxslərin olduğu "Toyota Prado” markalı avtomobili izləyib.
 
Qara Qarayev prospekti, "Ruslan 93″ idman kompleksinin qarşısında polis zabiti Orxan Axundzadə "Toyota”ya yaxınlaşıb. Avtomobildə olan şübhəli 3 şəxsdən biri "Vinçestr” markalı odlu silahdan polislərə atəş açıb. Bu zaman polislə şübhəli şəxslər arasında atışma olub. Nəticədə canilər polisdən qaça biliblər. O.Axundzadə yaralanıb.
 
Polis zabiti sağ ayağından aldığı güllə yarası ilə M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi (Eksperimental Xəstəxana)-ya yerləşdirilib. Hadisə zamanı onun damarı zədələnib. İnsident yerinə Səbail Rayon Polis İdarəsinin rəisi də gəlib. Hazırda araşdırma aparılır.

Qlobal.az


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook