SON XƏBƏR

“Polis rəisinin oğlu icazəsiz bizim həyətə girmişdi...” - Ramana sakinini evindən atmaq istəyirlər

Dekabr 05
12:04 2017
"Əmlak Komitəsi ilə razılığa gəlib, rüşvət verməklə ərazini sənədləşdirmək istəyirlər”
 
"Hürriyyət”də dərc olunan "Dəmirovun milyonluq torpaq sahəsini ələ keçirmək cəhdi” və "Evimizin üstündən eksvatorla keçəcəyini bildirir” sərlövhəli yazılarda Allahverdi Dəmirov tərəfindən Mehman Xəlilovun ailəsinin başına açılan oyunlardan, qanunsuzluqlardan bəhs etmişdik.
 
Qeyd edək ki, Xəlilov Mehman Əli oğlu 1996-cı ildən Sabunçu rayonu Ramana qəsəbəsi 2-ci sahə deyilən ərazidə Qaz-aparat zavoduna məxsus ərazinin gözətçisi olub və həmin vaxtdan indiyə kimi orada yerləşən "finski” evdə yaşayıb.
 
1999-cı ildə Allahverdi Dəmirov adlı şəxs "Azəriqaz” QSC İstehsalat Kombinatına məxsus 5 hektar ərazini qanunsuz yollarla ələ keçirib. 2001-ci ildə A. Dəmirov bu ərazidə "İstehsalat Təmir Tikinti” ASC adlı səhmdar cəmiyyət yaradıb. Mehman Xəlilov da həmin səhmdar cəmiyyətin üzvü olub. O və qardaşı həmin səhmdar cəmiyyətə iki "paçka” özəlləşdirmə çeki verib. 2007-ci ildə isə səhmdar cəmiyyəti A.Dəmirov dağıdıb. Səhmdar cəmiyyəti dağıdarkən, bütün səhmdarları toplayıb, bəzilərinə pul verib, bəzilərinə isə hədə-qorxu gəlib. Beləliklə, onları səhmdar cəmiyyətdən uzaqlaşdırıb, Mehman Xəlilovu isə gözətçi kimi saxlayıb. Onu da "sənə 3 otaqlı ev tikəcəm, 12 sot torpaq sahəsi verəcəm” vədi ilə aldadıb. Sonradan isə ona heç nə verməyib, həmin 5 hektar ərazini də hasara salıb. Hazırda isə Mehman Xəlilovun ailəsini 22 ildir yaşadığı "finski” evdən çıxarmaq istəyir. Ərazidə iki birmərtəbəli ev tikən A. Dəmirov 2015-ci ildə həmin evləri və Mehman Xəlilovun yaşadığı "finski” evi sonrdan yaratdığı "Dəmirli Yol” MMC-nin ofisi kimi sənədləşdirib. 2015-ci ildən sonra isə "İstehsalat Təmir Tikinti” ASC səhmdar cəmiyyətində payı olan və uzun müddət həmin ərazinin gözətşisi işləyən Mehman Xəlilovun ailəsinə təzyiqlər etməyə başlayıb. Verdiyi vədləri unudan A.Dəmirov indi M.Xəlilovun ailəsini küçəyə atmağa çalışır.
 
Torpağa aid sənəd olmadığı və torpaq "Azəriqaz”ın balansında olduğu halda, A.Dəmirov 2015-ci il aprelin 2-dən inzibati bina kimi sənədləşdirdiyi 3 evi isə İlkin Əhmədova satıb. 3 ev inzibati tikili kimi İ.Əhmədovun adına keçsə də A.Dəmirovun İ.Əhmədovla şərik olduğu bildirilir. İ.Əhmədov isə 3 evə səlahiyyəti çatmalı olduğu halda, 5 hektar sahənin hamısına iddia edir. Onlar M.Xəlilovun ailəsinə təzyiqlər edərək onları ərazidən çıxarmaq istəyirlər.
 
Hazırda A.Dəmirov həmin ərazini özəlləşdirərək satmaq niyyətindədir. Hətta artıq bu ərazinin özəlləşdirilməsi üçün rəsmi şəxslərlə anlaşma əldə edildiyi də bildirilir. O cümlədən torpağa müştəri də tapılıb. Lakin "İstehsalat Təmir Tikinti” ASC-nin üzvü olan M.Xəlilov və ailəsinin sözügedən ərazidə yaşaması A.Dəmirovun öz çirkin niyyətini gerçəkləşdirməsinə imkan vermir. Bunun üçün də o, bütün yollarla M.Xəlilovun ailə üzvlərinə təzyiq göstərərək, onları həmin ərazidən çıxarmağa çalışır.
"Hürriyyət” qəzetində dərc olunan yazılara, eyni zamanda prezident İlham Əliyevə müraciətlərə baxmayaraq, Mehman Xəlilovun ailə üzvləri hələ də təhdid olunur. Bu haqda onun oğlu Asiman Xəlilzadə redaksiyamıza müraciətində bildirir.
 
"Əmlak Komitəsi ilə razılığa gəlib, rüşvət verməklə ərazini sənədləşdirmək istəyirlər”
 
A.Xəlilzadə bildirir ki, o, polisə iki dənə şikayət ərizəsi yazandan və Faiq adlıq şəxs barəsində şikayət edəndən sonra artıq onu ərazidən uzaqlaşdırıblar: "Onun yerinə Azad adlı bir nəfərə səlahiyyət veriblər ki, o, bizim evə gedib-gəlir. Artıq o, yanında da müxtəlif adamla 3 dəfə bizə gəlib. Maşınlarının nörmrələrindən görünür ki, dövlət məmurlarıdır. Gətirdikləri adama bizimlə heç bir söhbət etməyə imkan vermirlər. Noyabrın 28-də Azadla gələn nümayəndə Əmlak Komitəsinin əməkdaşı idi. Ərazinin ölçülərini qeyd etdilər, tikililərin qiymətləndirməsini apardılar. Onlar hər hansı bir sənəd çıxartmağa çalışırlar. Artıq gördülər ki, hədə-qorxu və qondarma sənədlərlə bizi oradan çıxarda və ərazini sata bimirlər, ona görə, ərazini Əhmədov İlkinin adına sənədləşdirmək istəyirlər. Artıq qanundan istifadə etməklə, ərazini ələ keçirmək istəyirlər. Ancaq ərazini ölçüb, qiymətləndirmə aparanda mən bizə məxsus 15 sot sahənin onlara daxil olmağa imkan vermədim. Ərazi ümumi 5 hektardır, bizim sahə ayrıca çəpərə çəkilib. Yəni yerdə qalan ərazi ilə giriş-çıxışı yoxdur, darvazamız da ayrıdır. Kənardan bizim evə baxaraq qiymətləndirdilər. Onların ölçüləri bizm evin ölçülərini tam əks etdirmir. Bizim ev 90 kvadrata yaxındır. 55-60 kvadratlıq bir sənəd çıxartdılar. Çünki içəri girib dəqiq ölüçüləri öyrənə bilmədilər. Hər yerdən qanunsuzluq görünür. Bunların hərəkətlərindən belə anlaılır ki, Əmlak Komitəsi ilə razılığa gəlib rüşvət verməklə ərazini sənədləşdirmək istəyirlər”.
 
"Polis rəisi Əhmədov Mehman hansısa yollarla mənim şikayət ərizəmi yox etdirib”
 
A.Xəlilzadə deyir ki, o, iki şikayət ərizəsi yazıb: "Bu şikayət ərizələrinin bir nəticəsi olmalı, cavab verilməli idi. Ədliyyə Nazirliyi öz işçisinə, yəni Sadıqov Rəşadətə görə cavab verdi. Məktubla bizə bildirdilər ki, "Dəmirli Yol” MMC-nin inzibati binası sayılan 3 tikili 2015-ci ildə həqiqətən də Sadıqov Rəşadətin rəisi olduğu notariusda onun möhürü ilə Əhmədov İlkinə satılıb. Eyni zamanda Ədliyyə Nazirliyinin məktunda bizə açılan cinayət işinin də ləğv olunduğu bildirilir. Amma digər faktlarla, qanunsuzluqlarla bağlı cavab verilməyib. Noyabrın 29-da digər faktlarla bağlı birinci şikayət ərizəmi araşdıran Suraxanı rayon polis idarəsində oldum. Orada mənə bildirdilər ki, şikayəti Sabunçu rayon 12-cu polis bölməsinə göndəriblər. Orada isə dəftərxanda əyləşən şəxs yoxladı ki, bizim ailə üzvlərimizin adına heç bir şikayət yoxdur. Yəni o şikayəti Əhmədov Mehman hansısa yollarla sildirib. Mənim şikayət ərizəmi yox etdirib”.
 
"Emin Hacıyev atama bildirib ki, mən belə bir fakt xatırlamıram”
 
"İkinci bir fakt da odur ki, oktyabrın11-də polis rəisi Əhmədov Mehmanın oğlu İlkin gəlib icazəsiz bizim həyətə girmişdi, qardaşımla mübahisə etmişdi. Bildirmişdi ki, məhz bu ərazi Sadıqov Rəşadətindir. Baxmayaraq ki, Sadıov Rəşadət öz izahatında bildirir ki, "mənim o əraziyə heç bir aidiyyatım yoxdur, mənim bacım oğlunun adınadır. Qanunsuzdursa, getsin, özü cavab versin. Mənə aidiyyatı yoxdur. Mən dövlət işçisiyəm”. Azad adlı şəxs də gəlib özünü Sadıqov Rəşadətin adamı kimi təqdim edir. Onlar qardaşımla mübahisə edib həyətmizə soxulublar. Onda qardşım mənə zəng etdi. Mən də 102 xidmətinə zəng etdim. Onlara bildirdim ki, polis nəfəri göndərin, mənim ailəmi incidirlər. Polis gələnə kimi onlar çıxıb getmişdilər. Sonra məni polis bölməsinə izahat almağa çağırdılar. Sahə müvəkkili Emin Hacıyev məni dindirdi. Mənə dedi ki, heç kim həyətinə soxula bilməz, bu, qanunsuzluqdur. Mən sahə müvəkkilinə onların maşının nomrəsini vermişdim. 10 VU 008 dövlət nömrə nişanlı "Volkswaqen” markalı maşın idi. Onlar həmin maşını aydınlaşdırmışıdlar ki, bu Sadıqov Rəşadətin bacısı oğlu Əhmədov İlikinin maşınıdır. Sadıqov Rəşadətlə Emin Hacıyev yanımda danışdı ki, bacınız oğlu qanunsuz hərəkətlə məşğuldur. Emin Hacıyev mənə bildirdi ki, get, mən səni də, bu şəxsləri də sabah yenə çağıracam və qanuni tədbir görəcəm. Ancaq sabah heç bir cavab çıxmadı. Sonra atamı polis bölməsinə göndərdim ki, get, maraqlan mənim şikayətim nə oldu. Emin Hacıyev atama bildirib ki, mən belə bir fakt xatırlamıram. Mənim yanıma elə şəxslər gəlməyib. Sonradan mən12-ci polis bölməsinə getdim, dedim ki, mən bura şikayət ərizəsi vermişəm. Dərfətxanadan mənə bildirdilər ki, burada heç bir şikayət ərizəsi yoxdur. Yəni Suraxanı rayon 31-ci bölməsi Sabunçu rayonu 12-ci bölməsinin, o da onun üstünə atır. İşi ört-basdır edirlər. Bunun da səbəbkarı Əhmədov Mehmandır. Çünki sahə müəvəkkili Emin Hacıyev məni çox yaxşı qarşılamışdı. Mənə kömək etməyə maraqlı şəxs kimi görsənirdi. Amma bir gün sonra bilinəndə ki, bunları himayə edənlər kimidr, artıq hər şey əksinə dəyişdi. Emin Hacıyev dediyi sözü dandı. İndi də fakt mənim birinci şikayət ərizəm ortada yoxdur” - dedi şikayətçi.
 
"Baş leytenant Tural Mehdili deyir ki, poçtda səhv olub, səhifələr ayrı gəlib”
 
A.Xəlilzadə onu da əlavə etdi ki, o, ikinci şikayət ərizəsini isə Bakı şəhər Baş Polis İdarəsinə göndərib: "Oradan mənə baş leytenant Tural Mehdili zəng etdi ki, sizin şikayət ərizəniz daxil olub, amma ərizəniz yarımçıqdır. Mən isə onlara sizə təqdim etdiyim cənab prezidentə yazılan şikayət ərizəsini göndərmişdim. O, mənə dedi ki, yalnız ərizənin birinci səhifəsi daxil olub. Guya, ünvansız, imzasız bir məktub göndərmişəm və heç bir sənəd göndərməmişəm. Ancaq fakt mən ikinci şikayət ərizəmdə 4 səhifə şikayət ərizəsi, arxasında imzam, ünvanım, poçtun indeksi, mobil nömrəm və aidiyyatı bütün sənədlərin surətini ərizəyə əlavə edib, göndərmişdim. Mən Bakı şəhər Baş Polis İdarəsinə getdim. Tural Mehdili məni dindirdi. Mən ikinci dəfə şikayət ərizəsinin tam formasını oraya apardım ki, mən bu şikayət ərizəsini göndərmişəm. Və ərizəinin tikişini ona göstərdim ki, bu ərizədə tikiş var. Bu tikiş onu göstərir ki, mən 4 səhifəni tikib göndərmişəm. Siz açıb o biri səhifələri oradan çıxarmısınız. Əhmədov Mehmanın, Sadıqov Rəşadətin adı orada çəkildiyinə görə vərəqləri yox etmisiz. İşi yarımçıq bağlamaq istəyirsiniz, dedim. Tural Mehdiliyə bildirdim ki, buradan çıxan kimi, cənab Prezidentə, cənab Ramil Usubova bir şikayət ərizəsi yazacam. Bu şikayət ərizəsini olduğu kimi göndərəcəm və əlavə edəcəm ki, mənim şikayət ərizəm Bakı şəhər Baş Polis İdarəsində müəmmalı şəkildə yoxa çıxdığına görə, xahiş edirəm, həm məktubun yoxa çıxmasını, həm də mənim şikayət ərizəmin tərkibinin yoxlanılması üçün sərəncam verəsiniz. Artıq gördülər ki, mən qanunu müəyyən qədər bilirəm, məni aldada bilməyəcəklər. Tural Mehdili bildirdi ki, gözlə, gedim dəftərxanaya bir də baxım. Getdi baxdı, əvvəl göndərdiyim bütün sənədləri gətirdi. Deyir ki, poçtda səhv olub. Guya, birnci səhvəni ayrı zərfdə, qalanını da başqa zərfdə göndəriblər. Hamı bilir ki, poçt göndərişi pulludur. Heç kim mənə görə bir məktubun qiymətinə iki məktub göndərməz. Əlavə də mənim əlimdə qəbzlər var. Mən bütün yazdıqlarımı əlimlə zərfə qoymuşam. Ağzını bağlayandan sonra poçt işçisinə təqdim etmişəm ki, bunun üzərinə marka yapışdır və lazımi yerə göndər. Göndərişi də axıra kimi izləmişəm. Qəbz alıb, ödəniş etdikdən sonra gəlmişəm. Bunları olduğu kimi Tural Mehdiliyə bildirdim. Dedim ki, mənim ərizəm ya sizin, ya da sizə əmr verənlər tərəfindən açıq-aşkar gizlədilib. Bundan sonra deyəsi bir sözü olmadı. Dedi, gedin, sizin ərizəniz tam araşdırılacaq. İndi də nömrəsinə zəng edirəm, zəng çatmır. Bir gündə 10-15 dəfə zəng etmişəm. Heç bir məlumat vermir. Bunlar sakitlikdən istifadə edib əraziyə sənəd çıxarmaqla, bizi oradan çıxarmaq istəyirlər”.
 
"Rəşadət Sadıqov bilinmir, maklerdir, yoxsa notariat kontorunun rəisidir”
 
A.Xəlilzadə onu da diqqətə çatdırdı ki, bununla bağlı Sabunçu rayon polisindən onlara təzyiqlər olur: "Qanunsuz olaraq bizi çağırıb cinayət işi açılmadığı təqdirdə təzyiq edirlər. Müstəntiq Köçərliyev Elməddin adlı şəxs yanında bir mayorla həyətimizə gəlmişdi. Mayor kimdirsə, onların adamı idi. Elməddin Köçərliyevə də ya təzyiq edirlər, ya da rüşvət verirlər. Gəldilər ki, bizi qorxutsunlar. Elməddin Köçərliyev bildirdi ki, sizə cinayət işi açılıb, bununla bağlı atanız gəlib, izahat verməlidir. Mən də bildirdim ki, bizim vəkilimiz var, o, gələcək. 26 sentyabrda atamla mən onun qəbulunda olduq. Bildirdi ki, sizə cinayət işi açılıb, sizi o ərazidən uzaqlaşdırcaqlar. Bundan sonra mən cənab Prezidentə yazdığım şikayət ərizəsini qarşına qoydum və dedim ki, respublika başsız deyil. Ərizəni oxuyandan sonra münasibəti dəyişdi. Amma buna baxmayaraq, bizə bildirdi ki, guya, biz 2015-ci ildə gecə ilə gəlib orada qanunsuz məskunlaşmışıq. Mən 2009-cu ildən bizim adımıza olan sayğacı və ödəniş qəbzlərini göstərdim. Faktları ortaya qoyandan sonra bizə dedi ki, heç bir yerə şikayət etməyin, bu şikayəti rədd edəcəyik. Biz ora getməmişdən əvvəl, Ədliyyə Nazirliyinə də şikayət göndərmişdim. Bunun da səbəbi Əhmədov İlkinin dayısı Sadıqov Rəşadətdir. O, Nərimanov rayonu 9 nömrəli notariat kontorunun rəisidir. Bu şəxs tək bu 5 hektarlıq ərazidə yox, Ramanada yüzlərlə, minlərlə insana torpaq satıb. Bilinmir, maklerdir, yoxsa notariat kontorunun rəisidir. Bu ərazidəki 3 evin də inzibati tikili kimi Əhmədov İlkinin adına keçirilməsini də Sadıqov Rəşadət təşkil edib. 11,5 sot ərazidə olan 3 tikilinin adı ilə 5 hektarlıq ərazini satmaq istəyirlər. Sadıqov Rəşadət də sənədlərin qara işlərini həll edir. Adına tikililərin sənədləşdiyi Əhmədov İlkinin də atası Əhmədov Mehman yüksək rütbəli polis zabitidir, polis idarəsində işləyir. Bu adam bunları himayə edir.
 
Ramanının "uçaskovı”sı olmayan Elçin adlı şəxs də mən evdə olmayanda gəlib atama hədə-qorxu gəlib. Atam da ona qanundan danışanda deyib ki, sən tanımırsan biz kimin adamlarıyıq. Əhmədov Mehmanı nəzərdə tutub. Bizi həmin gün evdən çıxarmağa gəliblər. Görüblər ki, mümkün deyil, çıxıb gediblər”.
 
"Dövlət Əmlak Komitəsi də həmin adamları qoruyur”
 
A.Xəlilzadənin sözlərinə görə, Dövlət Əmlak Komitəsi də həmin adamları qoruyur: "Biz onların sənədləri ilə bağl sorğu göndərmişik. Bəhanələrlə onların sənədi ilə tanış ola bilmirik. Ona görə məhkəməyə müraciət edə bilmirik. Artıq biz məhkəməyə müraciət edirik ki, məhkəmə özü sorğu etsin. Yəqin ki, məhkəmənin sorğusuna cavab verməyə məcbur olacaqlar. Birinci gün (dünən –red.) vəkillə birlikdə lazımi sənədləri məhkəməyə təqdim edəcəm”.
 
(Mənbə: Hurriyyet.org)
 
Qlobal.Az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook