SON XƏBƏR

Polis qardaşını öldürən cüdoçu hakim qarşısında - "Yatsam da yuxuma girməzdi ki ..."

Aprel 19
11:56 2018
Qardaşını öldürməkdə təqdirləndirilən şəxs növbəti dəfə hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə ittiham edilən Əliyev Əli Ramazan oğlunun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında şahidlər dindirilib.

Qardaşların qonşusu Vaqif Kazımov ifadəsində bildirib ki, Əli və Murad daim çox sakit olublar.

Şahid söyləyib ki, onların evindən heç vaxt səs-küy gəlməyib:

"Çox sakit ailə idilər. Yatsam da yuxuma girməzdi ki, Əli Muradı öldürərər. Hadisə vaxtı evdə idim, qonşuların səsinə çıxdım. Gördüm Muradın meyiti çöldədir, anası dedi ki, qardaşı vurub öldürüb. Atası işdə idi, zəng edib çağırdıq".

Hakim bildirib ki, Ə.Əliyevin digər qardaşı, şahid Fərhad Əliyev məhkəməyə gəlməyib. Növbəti iclasda onun ifadə verəcəyi gözlənilir.

Məhkəmə prosesi aprelin 25-də davam etdiriləcək.

Hadisə ötən ilin avqustunda Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsi 85-də yerləşən binada baş verib.

Əli Əliyev qardaşı Murad Əliyevi bıçaqlayaraq öldürüb.

1990-cı il təvəllüdlü Əli Əliyev Moskva Dövlət Universitetinin Hüquq fakültəsini bitirib, həm də cüdoçudur. Onun bıçaqlayaraq öldürdüyü qardaşı, 1983-cü il təvəllüdlü Murad Əliyev isə konq-fu idman növü üzrə peşəkar idmançı, Çevik Polis Alayında polis serjantı imiş.

Hadisənin ilkin təfərrüatına görə qardaşlar televizora baxmağa görə mübahisə ediblər.

Onlar əvvəlcə mübahisə ediblər və daha sonra əlbəyaxa dava yaranıb. Əli mətbəx bıçağını götürərək qardaşına hücum edib və çoxsaylı zərbələr endirib.

Əli Əliyev hadisədən sonra evdən qaçıb. O, polis əməkdaşları tərəfindən həbs edilib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook