SON XƏBƏR

Polad Həşimov haqqında “Komandir” filmi çəkiləcək

İyul 24
12:10 2020
Şəhid general-mayor Polad Həşimovun əziz xatirəsinə Qarabağ həqiqətlərindən bəhs edən bədii film çəkiləcək.
 
Qlobal.az xəbər verir ki, bu barədə Əməkdar incəsənət xadimi, tanınmış kinoşünas Aydın Kazımzadə "Yeni Müsavat”a açıqlamasında bildirib. Onun sözlərinə görə, "Komandir” adlı filmin ssenarisi artıq hazırdır:

"Qarabağ müharibəsinə həsr olunan, eləcə də bu müharibədən əvvəl də ermənilərin Azərbaycana qarşı qara əməllərindən danışan ”Komandir" adlı bədii ssenari artıq hazırdır. Ssenarinin müəllifi yazıçı-publisist və rejissor Cəlaləddin Qasımov, filmin redaktoru isə özüməm".

Aydın Kazımzadə çəkiləcək "Komandir” filminin süjet xəttindən də danışıb. Kinoşünas qeyd edib ki, filmin ssenarisi real hadisələrə əsaslanıb: "Qeyd etdiyim kimi, ssenari Qarabağ müharibəsinə həsr olunub. Amma ssenari əsasən bir azərbaycanlı ailəsinin başına gətirilən oyunların, dramatik hadisələrin timsalında müəllifin Qarabağ müharibəsinə yeni orijinal baxışıdır. Bu baxımdan indiki vəziyyətdə, müharibə şəraitində yaşadığımız bir zamanda müəllif kinomuz üçün bir tapıntıdır. Ümumiyyətlə, Cəlaləddin Qasımov yazıçı, ssenarist kimi nə yazırsa, real hadisələr və faktlarla əsaslanıb qələmə alır.

Ssenaridəki hadisələrin bir hissəsi vaxtilə Tovuz rayonunda tibb bacısı işləmiş erməni qadın Tamara Adamyanın törətdiyi cinayətlərlə bağlıdır. Bu qadın, əgər ona qadın demək olarsa, həmin vaxtlar Cəlaləddin Qasımovun qonşusu olub. Beləliklə, film real hadisələr əsasında lentə alınacaq".

Aydın Kazımzadə qeyd edib ki, saat yarımlıq olacaq film hazır olduqdan sonra xarici ölkələrdə beynəlxalq film festivallarında nümayiş etdirilməsi nəzərdə tutulur: "Bununla da milyonlarla tamaşaçı Azərbaycan həqiqətlərini öz gözləri ilə görəcək, erməni faşistlərinin erməni təcavüzkarlarının uydurmalarının, yalanlarının bir daha şahidi olacaq. Ssenaridən bir epizodu nəzərinizə çatdırmaq istəyirəm. Erməni zabiti azərbaycanlı komandirə məktub göndərir. Məktubda yazılıb: ”Müxbir Edik dostum idi. O, mənə bildirdi ki, əsirlikdən azad olan bir neçə erməni əsiri və mülki adamla görüşüb. Edik erməni əsirliyindəki azərbaycanlıların başlarına açılan oyunları da öz gözləri ilə görmüşdü. O, mənə dedi ki, "bizim tariximiz də, həyatımız da saxtadır”. Bizə orta məktəbdə "türklər sizin düşmənlərinizdir” deyib saxta məlumatlarla beynimizi doldururlar. Bütün bu yalanlar nə vaxta kimi davam edəcək. Bunun bir sonu olacaq, ya yox? Bu günə kimi azərbaycanlıların əleyhinə yazdığım yazılara görə çox peşmanam. Amma, təəssüflər olsun ki, övladlarımıza, nəvələrimizə, gənc nəslə bizim nəsil çox pis bir miras qoyub. Buna görə türklər bizi bağışlamayacaq... "

Əlbəttə, hər şeyin öz yeri, öz vaxtı var. Həqiqət gec-tez öz haqq yerini tapacaq. Bir gün gələcək Ermənistanın başıpozuq, cinayətkar rəhbərləri müxtəlif illərdə Azərbaycan xalqının başına gətirdikləri soyqırımları görə məhkəmə, qanun qarşısında cavab verməli olacaqlar. Ölkəmizin vətəndaşları, xüsusilə də gənc nəsil erməni faşistlərinin, şovinistlərinin tarix boyu törətdikləri cinayətləri, vəhşilikləri, vandalizmi heç vaxt yaddan çıxartmamamlı, tarixi unutmamalıdır.

Azərbaycan xalqının qəhrəman oğlu, general-mayor, Qarabağ müharibəsində şəhid olmuş Polad Həşimovun əziz xatirəsinə həsr edilən "Komandir” bədii filmi bütün bu həqiqətləri ekrana çıxarmaqla bunu bir daha dünya tamaşaçılarının mühakiməsinə verəcək. Qətran Təbrizi demişkən, "Zülmün məhvi, ədalətin təntənəsindən gözəl bir şey ola bilərmi?”.

Aydın Kazımzadə filmin müəllifi Cəlaləddin Qasımov haqqında da öz rəyini bildirib. Kinoşünas bildirib ki, C.Qasımov bundan əvvəl də Azərbaycan, Qarabağ həqiqətlərini əks etdirən ssenarilərə müraciət etsə də, bəziləri ona mane olmağa çalışıb:

"Cəlaləddin Qasımov son illərdə ”Şollerin arxivi" adlı bədii və bir neçə sənədli, o cümlədən "100 il şərəfli ömür”, "Nobel qardaşları” və sairə filmləri ilə kinematoqrafiyaçılar ailəsinə daxil olub, özü də çox çətinliklə. Ona kömək etmək, kinoda düzgün istiqamət vermək əvəzinə, kinoya rəhbərlik edənlərin bəziləri əksinə, bu şəxsə mane olmağa, onu kinematoqrafiyadan uzaqlaşdırmağa çalışırdı.

Cəlaləddin Qasımov isə ssenarilərini yazmaqda davam edirdi. Onun ssenariləri mövzu və faktların təzəliyi ilə nəinki bizim, həm də xarici ölkə kino mütəxəssislərinin diqqətini cəlb edib. Həmin dövrdə "Şollerin arxivi” dünyanın müxtəlif ölkələrinin kinofestivallarında nümayiş etdirilib, mükafat və diplomlara layiq görülüb. Təsadüf deyil ki, beynəlxalq kinofestivalların təşkilatçıları C. Qasımova məktubla müraciət edərək, onunla birgə fəaliyyət barədə əməkdaşlıq etmək istədiklərini, yeni ssenariləri ilə maraqlandıqlarını bildiriblər".

Aydın Kazımzadə erməni uydurmalarına əsaslanan filmlərin ən nüfuzlu beynəlxalq festivallara ayaq açmasından da söz açıb:

"Emənilərin tarix boyu istər Türkiyə, istərsə də Azərbaycanda törətdikləri soyqırımları, vəhşiliklər ”Dənizdən-dənizə "Böyük ”Ermənistan"" yaratmaq xülyası, fantaziyası ilə bağlı olub. Və hər dəfə də uydurduqları yalanlar, iftiralar havadarlarının köməkliyi ilə əvvəllər ayaq tutub yerisə də, bu gün prezident İlham Əliyevin apardığı güclü xarici siyasət nəticəsində bu yalanlara artıq dünyanın heç bir ölkəsində inanmaq istəmirlər. Lakin, təəssüflər olsun ki, "timsahın göz yaşları”na bilərəkdən göz yumanlar da tapılır.

Kino dünya dövlətlərinin əlində təsiredici gücə malik təbliğat maşını olub və bu gün də öz təsir gücünü itirməyib. Sovet dövründə ermənilərə təbliğat maşınından istifadə üçün əlverişli imkan yaradılmışdı. Məsələn, erməni kino işçiləri 1960-1990-cı illərdə, yəni Sovet ideologiyasının hakim olduğu dövrdə Sovet hakimiyyətinin vəsaiti ilə saxta "erməni soyqırımı” haqqında 9 bədii, 1 animasiya, 1 bədii-sənədli və 1977-1995-ci illərdə onlarla sənədli film istehsal ediblər. Bu təbliğat maşını Ermənistanda bu gün də dayanmadan işləyir. Xüsusilə 1988-ci ildən sonra ermənilər Qarabağın guya onların dədə-baba yurdları olmaları barədə xeyli yalançı filmlər çəkiblər".

Aydın Kazımzadə qeyd etdi ki, Azərbaycanda da Qarabağ mövzusunda xeyli filmlər istehsal olunub. Lakin onların əksəriyyəti beynəlxalq festivallara çıxış edə bilməyib:

"Məsələn, Qarabağ mövzusunda ”Fəryad", "Haray”, "Ümid”, "Hər şey yaxşılığa doğru”, "Nabat”, "Girov”, "Sarı gəlin”, "Biz qayıdacağıq”, "Arxada qalmış gələcək”, "Dolu”, "Qala” və sairə filmlərimiz var. Lakin "Hər şey yaxşılığa doğru”, "Nabat” filmlərindən başqa digərləri beynəlxalq kinofestivallara gedib çıxa bilməyib. Ola bilsin ki, festivala çıxan olub, lakin nəticəsi olmayıb. Bu il ermənilər bir neçə xarici ölkə ilə birgə yaratdıqları və utanıb çəkinmədən Qarabağ müharibəsində Azərbaycan tərəfini həyasızcasına suçladıqları irihəcmli bədii filmi Kann kinofestivalına çıxara bildilər. İnformasiya müharibəsində uduzmaq olmaz. Azərbaycan həqiqətlərini əks etdirən filmlər istehsal olunmalı və onların ən nüfuzlu beynəlxalq festivallarda təmsil olunması üçün çalışmalıyıq".


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook