SON XƏBƏR

Pilot Rəşad Atakişiyevin adı əbədiləşdiriləcək - AÇIQLAMA

Oktyabr 17
08:41 2019
Azərbaycan Hərbi Hava Qüvvələrinin "MiQ-29" təyyarəsinin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevin bu il iyulun 24-də təlim-məşq uçuşu zamanı qəzaya uğrayıb şəhid olmasından üç aya yaxın vaxt keçir. Azərbaycanın ən peşəkar, təcrübəli pilotları sırasında olan Rəşad Atakişiyevin vəzifə borcunu yerinə yetirərkən həlak olduğu bəllidir. Onun adının əbədiləşdirilməsi, təltif edilməsi istiqamətində hansısa addımların atılması gözlənilirmi, ailəsi bu istiqamətdə hansısa iş getdiyindən xəbərdardırmı?

Rəşad Atakişiyevin qayınatası, politoloq Qabil Hüseynli "Yeni Müsavat”ın bu sualına cavabında bildirdi ki, ilk növbədə mərhum pilota şəhidlik statusunun verilməsini gözləyirlər. Rəşada şəhid statusunun veriləcəyinə inandıqlarını deyən Q.Hüseynli qeyd etdi ki, sadəcə olaraq, Rəşadın şəhid olduğu hadisənin baş verməsi ilə əlaqədar istintaq tədbirləri yekunlaşmayıb: "İstintaq tədbirləri yekunlaşandan sonra Rəşad Atakişiyevə şəhid statusunun verilməsi təqdimatla həll ediləcək. Ona rəşadətinə görə hər hansı bir orden, medal veriləcəyi, yaxud təltif olunacağı haqqında isə dəqiq bir şey deyə bilmərəm. Bu məsələ barədə Müdafiə Nazirliyinin nə düşündüyü haqqında məlumatımız yoxdur. Mən güman edirəm ki, dövlət müəyyən addımlar atacaq və qeyd olunan məsələlər müsbət həllini tapacaq. Rəşadın adının əbədiləşdirilməsi ilə də bağlı addımlar gözlənilir. Ən azı onun doğma kəndində onun adının əbədiləşdirilməsi ilə bağlı addımlar atılması gündəmdədir. Yəni hər şey Hərbi Prokurorluğun apardığı istintaqla bağlıdır, istintaq bitəndən sonra bu işlərin hamısının həyata keçirilməsi istiqamətində addımlar atılacaq”.

Q.Hüseynli onu da bildirdi ki, Rəşad Atakişiyevin övladlarına təqaüd kəsilməsi istiqamətində qanunvericiliyin tələbinə uyğun olaraq addımlar atılır. Bu addımları qaneedici addımlar hesab etmək olar: "Amma son qərar hələ çıxmayıb. Yəqin ki, bir neçə gün ərzində çıxar. Birinci-vitse prezident Mehriban xanım Əliyeva bu məsələlərlə bağlı yaxından maraqlanıb. Rəşadın həyat yoldaşı ilə telefonla danışıb, istənilən anda hər hansı məsələ ilə bağlı ona müraciət edilməsini pilotun xanımına bildirib. Ailənin çox böyük sarsıntı, böhran içində olduğu vaxtda Mehriban xanımın bu addımı ciddi əhəmiyyətə malik idi və ailənin böhrandan çıxmasında bu danışığın rolu böyük oldu”.

Qeyd edək ki, pilot Rəşad Atakişiyevin iki azyaşlı övladı var.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook