SON XƏBƏR

Pərviz Şahbazov: TAP İtaliyanın mənbələri şaxələndirməsinə xidmət edəcək

İyul 19
12:34 2018
"Trans-Adriatik” (TAP) boru kəməri Avropa İttifaqı ölkələri arasında ən çox qaz idxal edən və istehlakçıları tərəfindən ən çox qaz pulu ödəyən ölkə kimi İtaliyanın mənbələri şaxələndirməsinə xidmət edəcək.
 
Energetika Nazirliyindən bildirilib ki, bu fikirləri nazir Pərviz Şahbazov İtaliyanın iqtisadi inkişaf nazirinin müavini Mikele Ceraçinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə səsləndirib. Görüşdə müxtəlif sahələri əhatə edən Azərbaycan-İtaliya əlaqələrinin inkişafı, İtaliya şirkətlərinin iştirakı ilə həyata keçirilən layihələr və perspektiv əməkdaşlıq istiqamətləri barədə müzakirələr aparılıb.
 
P.Şahbazov İtaliya Prezidenti Sercio Mattarellanın səfəri çərçivəsində sənədlərin imzalanmasını, eləcə də "Maire Tecnimont” şirkətinin iştirakı ilə inşa edilən polipropilen zavodunun açılışını iki ölkənin münasibətlərinin gələcək inkişafını müəyyən edən hadisələr kimi qiymətləndirib.
 
Azərbaycan ilə İtaliya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın sədri kimi nazir ölkə iqtisadiyyatının bir çox istiqamətləri, o cümlədən bərpaolunan enerji sahəsi üzrə gələcək əməkdaşlıq üçün imkanlar haqqında məlumat verib. Bildirib ki, Azərbaycan bərpaolunan enerji mənbələri sahəsində yüksək potensiala malikdir və bu potensialın reallaşdırılması üçün hazırda beynəlxalq şirkətlərlə məsləhətləşmələr aparılır, təcrübələr öyrənilir. Bu sahənin özəl sektor, xarici investorlar üçün cəlbediciliyinin təmin edilməsi məqsədilə əlverişli biznes mühitinin yaradılması, qanunvericilik bazasının təkmilləşdirilməsi, eləcə də dövlət-özəl əməkdaşlığı modelinin tətbiqi ilə bağlı tədbirlər görülür.
 
Enerji sahəsində İtaliya ilə əməkdaşlığın mühüm elementi kimi TAP boru kəməri layihəsindən bəhs edən nazir TAP-ın İtaliya üçün əhəmiyyətini artıran məqamları da vurğulayıb. Nazir bildirib ki, TAP Avropa İttifaqı ölkələri arasında ən çox qaz idxal edən və istehlakçıları tərəfindən ən çox qaz pulu ödəyən ölkə kimi İtaliyanın mənbələri şaxələndirməsinə xidmət edəcək. Ölkənin dekarbonizasiya tədbirlərinə dəstək olacaq.
 
İtaliyanın iqtisadi inkişaf nazirinin müavini Mikele Ceraçi isə iki ölkə arasında uzunmüddətli əməkdaşlığın əsasında enerji sektorunun mühüm rol oynadığını deyib. İtaliyanın Azərbaycanın əsas ticarət tərəfdaşı olduğunu vurğulayan nazir müavini enerji ilə yanaşı ölkəsinin digər sahələrdə də əməkdaşlığın dərinləşdirilməsi üçün maraqlı olduğunu bildirib. O, Azərbaycanın həyata keçirdiyi nəqliyyat dəhlizləri və infrastruktur layihələrinin Avropa və Asiya arasında ticarət əlaqələrinin möhkəmlənməsində rolu ilə maraqlanıb.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook