SON XƏBƏR

Pensiyasını Orduya köçürən Hikmət baba kimdir? (FOTO)

Oktyabr 07
15:12 2020
"Hikmət babanın çörəyi daşdan çıxır”.

Bunu Qaynarinfo-ya açıqlamasında Şəki rayonu Baş Küngüt kəndinin bələdiyyə sədri Rahid Abbasov 70 yaşlı Hikmət Musayevin bir aylıq pensiyasını orduya köçürməsi ilə bağlı sosial şəbəkədə yayılan vedogörüntüyə aydınlıq gətirəkən deyib. Onun sözlərinə görə, Hikmət Musayev öz təsərrüfatı ilə dolanan biridir:

"Hikmət babanın çörəyi daşdan çıxır. 70-dən yuxarı yaşı var. Qızlarını köçürüb, oğlunu da evləndirib, nəvələri var. Pensiya ilə dolanır. Kənddə-kəsəkdə kimin fəhləyə ehtiyacı olursa, onu çağırır. Kənd sakinlərinin həyətində qoz, fındıq, şabalıdını çırpır. Bunun qarşılığında sakinlər onun payını da ayırır. Hikmət baba ona verilən qoz, fındıq və şabalıdı satıb pula çevirib, belə-belə özünə ev tikib, balalarını yerbəyer edib”.
 


Kənd bələdiyyəsi Hikmət babanın heç kəsə borcu olmadığını da vurğulayıb:
 
"Fəhləliklə əldə etdiyi gəlirindən kimlərəsə əl tutmağa çalışır, bacardığını edir, kəndin xeyrində iştirak edir. Görəndə ki, yolda yağış suyundan əmələ gələn bir gölməçə var, tez qum-daş alıb ora səpir. Nədir ki, kənddə kiminsə ayağı orada suya-palçığa batmasın. Bizim Hikmət baba belə insanlardandır”.

 

Qeyd edək ki, Şəkinin Baş Küngüt kənd sakini Hikmət Musayev adlı baba orduya öz təqaüdündən 180 manat köçürüb. Bu məlumat sosial şəbəkədə böyük müzakirəyə və alqışa səbəb olub.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook