SON XƏBƏR

Pasiyent: "Türkər Şahinər haqqında yazılanlar obyektiv deyil"

İyun 10
01:22 2019
Bir neçə gün öncə bəzi saytlarda "Baku Medical Plaza”nın "nevroz" həkimi:-Turker Şahineri Bakıya niyə çağırıblar?” başlıqlı yazı dərc edilib.
 
Həmin yazıda türkiyəli həkim Turker Şahinerin Bakıda pasiyentlərlə düzgün davranmadığı, qəbula 5 dəqiqə gecikmiş pasiyenti qəbul etmədiyi yazılırdı. Qeyd edilən yazı Qlobal.az saytında da yayımlandı. Bu yazıdan sonra özünü Turker Şahinerin pasiyenti kimi təqdim edən şəxs yazılanların doğru olmadığını bildirirərək redaksiyaya cavab məktubu ünvanlayıb. 
 
Qlobal.az yazını olduğu kimi təqdim edir:
 
"Mən türkiyəli həkim Türkər Şahinər haqqında bu cür informasiyanın tirajlanmasına laqeyd qala bilmirəm, vicdanım buna yol vermir. İnanın, adıçəkilən həkim tərəfindən bir ilə yaxındır ki, müalicə alıram. Əvvəllər müxtəlif nevropatoloqların yanında olmuşam. Səkkiz ildən çox müxtəlif dərman pereparatları qəbul etmişəm, heç bir xeyri olmayıb. Lakin Türkər Şahinər qısa müddətdə və az dərmanla problemlərimi yoluna qoydu. Bu ziyalı insanın çox maraqlı iş metodu var. O, qəbuluna gələn pasiyentlərin xəstəlik hekayəsini əvvəldən axıradək qeyd edir. Vətəndaş sağalanadək yazmaqda davam edir. Pasiyentləri çox böyük səbrlə qarşılayıb yola salır. O, sözün həqiqi mənasında əsl həkimdir. Onun barəsində məlumat verən və adını çəkməyən xəstə iddia edir ki, Türkər bəy guya kobuddur. O niyə xəstələrlə türkcə danışır? Sual edirəm:Məgər bizim dilimiz türk dili deyilmi? Bu nə yanaşmadır, ayıb deyilmi? Bakıdakı bəzi dövlət və özəl xəstəxanalarda həkimlər və tibb bacıları vətəndaşlarla rus dilində danışırlar. Xəstələrin çoxu heç nə anlamır. Görəsən, rus dilində danışanlara niyə irad tutulmur? Həmin anonim xəstə deyir ki, Türkər bəyin qəbulu 100 manat təşkil edir. Bu doğrudan da belədir. 100 manat ödəyən şəxs ikinci qəbulda pul ödəmir. Bir də ki, hərə öz cibinə uyğun həkim tapır. Bu ayrı bir mövzunun söhbətidir. O ki qaldı, xəstələrin qəbul saatına, mən dəfələrlə Türkər bəyin yanında olmuşam. Nəzərə alma qlazımdır ki, ona müraciət edənlər nevroloji xəstələrdir, bəzilərinin psixi durumu normal deyil. Bəzən mən də bir xəstənin qəbuldan çıxmasını 1, 1,5 saat gözləmişəm. Lakin Türkər bəy çox böyük səbrlə bu cür xəstə insanları yüksək mədəniyyətlə dinləməyi bacarır. Ola bilsin ki, kimsə  bundan narazı qalır. Amma inanın ki, bu həkimin günahı deyil. Əgər Türkər bəy yalnız pul qazanmaq istəsəydi, elə başdan sovdu pasiyentləri qəbul edib yola salardı. 

Türkər Şahinər Türkiyədə də tanınmış həkimdir. Xeyli sayda alzhaimer və parkinson xəstəlikləri dərnəklərinin rəhbəridir. Azərbaycanı sevən bir insandır. 

Hər bir insanın səhvi ola bilər. Lakin Türkər Şahinər haqqında yazılanlar obyektiv deyil. Ən azından bu hadisə baş verən gün mən də orada olmuşam. Türkər bəyin qəbulunda pasiyent ola-ola kiminsə zorla içəri girməyə cəhd etməsi heç də təqdirəlayiq hal deyil. 

Onu da qeyd edim ki, son vaxtlar nədənsə "Baku Medikal Plaza” hədəfə götürülüb. Hesab edirəm ki, Türkər Şahinərə qarşı hücumlar da bu kompaniyanın tərkib hissəsidir.

Rasim Nəbili, Bakı şəhər sakini"
 
Qlobal.Az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook