SON XƏBƏR

Partiya sədri itinə toy edən iş adamını ifşa etdi

Aprel 27
00:05 2017
Aprel ayının 24-də Goranboy rayonunda yaşayan tanınmış biznesmen, "Qalib Group” MMC-nin sahibi Mustafayev Qalib Hidayət oğlu Amon və İsida adlı cins itlərinə toy etdi.
 
Bisnesmenin ölkənin müharibə şəraitində olduğu bir dövrdə Azərbaycan xalqına, milli-mənəvi dəyərlərimizə yad olan tədbir düzənləməsini cəmiyyət birmənalı qarşılamadı.
 
İtlərin toyundan bir həftəyə yaxın vaxt ötməyinə baxmayaraq, hələ də sosial şəbəkələrdə və mediada müzakirə olunmaqdadır.
 
Qlobal.az hadisə barədə "Müasir Müsavat" partiyasının sədri Hafiz Hacıyevdən açıqlama alıb. Hafiz Hacıyevin sözlərinə görə, bu hadisənin detalları ciddi olaraq araşdırılmalıdır. 
 
"Mən dəfələrlə demişəm, indi də deyirəm hakimiyyətin məmur təbəqəsinin, varlı təbəqənın bir hissəsi bu hakimiyyətə qənim kəsilib. O adam Azərbaycana müxalifət adı altında düşmən olan qara qüvvələrə sponsorluq edən adamdır. Bu dəqiqə xaricdən yox, daxilimizdən hakimiyyətə təhlükə var. Mən informasiya almışam, o adamın zavodu var, özü də mətbuata deyib ki, sovetdən qalma zavoddur. Bax, bu məqam ciddi araşdırılmalıdır. Rayon icra hakimiyyətinin başçısından soruşmaq lazımdır, bu adamın yaxın qohumu mitinqdə gedib deyirsə ki, "biz acından qırılırıq, mən bazarlardan çürümüş meyvə alıram", "bu hakimiyyət getməlidir", burada ciddi nüanslar var. Onu öyrədən, cibinə pul qoyub mitinqə göndərən var. Bunlar "paltarlarını, palazlarını" iki yerə salıblar. Bu adamlar İlham Əliyevə qarşı antikoalision qüvvələrlə bir yerdə olan adamlardır. Cəmiyyətimizdə sosial vəziyyəti aşağı olan insanlar var, xırda da olsa maddi dəstəyə ehtiyacı olan tələbələrimiz var, onlara dəstək olmaqdansa bu adamlar itlərinə, pişiklərinə toy edirlər. Bunlar millətə acıq verirlər, milləti qıcıqlandırıb dövlətin üzərinə qaldırmaq istəyirlər. Bunlar demək istəyir ki, ay millət mən bu dövləti dağıdıram, talayıram, itimə, pişiyimə toy edirəm, yaxın qohumumu da göndərirəm mitinqə bu hakimiyyəti devirsin. Bu bir növ dövlətə sayğısızlıqdı, ultimatumdu. Bu hadisə yenə deyirəm ciddi araşdırma tələb edir. Mən bu gün dövlətinə, xalqına, Prezidentinə qənim kəsilən bu cür qüvvələrə qarşı mübarizə aparıram."-deyə, partiya sədri qeyd etdi.
 
"Müasir Müsavat" partiyasının sədrinin sözlərinə görə, bu məsələni araşdırmaq xüsusi xidmət orqanlarının işidir.
 
"Bu biznesmenin arxasında duran məmuru aşkara çıxarmaq lazımdır. Bunlar Azərbaycanı daxildən xərçəng xəstəliyi kimi yeyən qüvvələrdir. Bunların məqsədləri Azərbaycanı "çürütməkdir". Məqsədlərini də son zamanlar sürətləndiriblər. Həm daxildəki, həm də xaricdəki qüvvələr. Bunlar əlbir olaraq Azərbaycana böyük xəyanət edirlər. Mən neçə illərdir ki, ölkə başçısı İlham Əliyevdən ötrü bu cür qüvvələrlə mübarizə aparıram. Sonda nə olacaq bilmirəm. Azərbaycana düşmən olan qüvvələrin mitinqində çıxış edən o qadına pul verən də onun qardaşıdır. Gətirib orda mitinqçilərə də pul paylayıblar. Bunu hüquq-mühafizə orqanları araşdırmalıdır. Azərbaycanda bir neçə adam var ki, ölkəni qarışdırmaq üçün külli-miqdarda pullar xərcləyirlər. Bunların içərisində nazirlər də var, biznesmenlər də. Dəfələrlə demişəm. İtinə toy edən həmin o biznesmen cəmiyyəti qarışdırmaqdan ötrü hansısa yerdən sifariş alıbdı. Bilirsiz necədir, əgər sifarış almasa ağlı başında olan adam dəyərlərimizə yad olan o cür əxlaqsız hərəkət edə bilərmi? Hələ utanmırlar, ruhi xətsə olan adamı aparıb süfrələrində otuzdurub ələ salırlar. Orada icra hakimiyyətinin nümayəndəsi, keçmiş MTN-nin işçisi iştirak edib. Bunlar o adam deyə bilmirdilərmi, "ay adam bu nə hərəkətdi edirsən, camaatın bir hissəsi bir qarın çörəyə möhtacdı, gənc oğlanlarımız, qızlarımız kasıblıqdan toy edə bilmirlər. Sən gəlib burda itə bu qədər xərc çəkib toy edirsən. Bu nə oyundur?". Bu adamın məqsədi yenə deyirəm cəmiyyəti bu hakimiyyətin üzərinə qaldırmaqdır. Biz də müxalifətik, amma dövlətimizi, prezidentimizi canımızdan artıq sevirik. Bunlar o mitinqə pul buraxan adamlardı. Yəqin onlar da söz verib ki, biz hakimiyyətə gələk, sənə böyük vəzifə verəcəyik. O xanım da arada vasitəçidir. Hər halda yoxlasalar bilərlər"-deyə, Hafiz Hacıyev vurğuladı. 
 
Hafiz Hacıyevin sözlərinə görə, ölkədə aparılan özəlləşdirmələrdə də qaranlıq məqamlar var. Dövlət obyektlərinin özəllişdirilməsi zamanı, ölkəsini, xalqını, prezidentini sevən, ona sədaqətli olan şəxslərə üstünlük verilməlidir. 
 
"Bu adamlar böyük bir çetenin üzvləridir. Bu adamı vergi nazirliyi yenidən yoxlamalıdır. Zavodunun özəlləşmə sənədləri yenidən araşdırılmalıdır. Bunlar hamısı ortaya çıxmalıdır. O adam biznesmen deyil. Halal zəhmətlə pul qazanan adam bu cür hərəkət etməz. O harınlaşmış, kimlərinsə himayəsində olan bir insandır". 
  
Qeyd edək ki, məlumata görə, itinə toy edən iş adamının qonaqları arasında vaxtilə keçmiş MTN-in Zaqatala və Goranboy rayon şöbələrinin rəisi işləmiş, "Turba Əli” kimi tanınan şəxs də olub. İş adamı itlərin toyuna qonaqları xüsusi dəvətnamə ilə çağırıb. Məclisi aşıq idarə edib və saz və balabanla mahnılar səslənib, itlərin sağlığına xoş sözlər deyilib. 
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook