SON XƏBƏR

Partiya sədri: “Gecələr “moyka”larda maşın yuyub, partiyamı saxlamaq istəyirəm”

Dekabr 25
12:29 2017
"Maşınınız varsa, 7-ci mikrorayona gətirin, yuyaq”
 
MMP sədri Hafiz Hacıyev "Yeni Müsavat”a müsahibəsində durumunun ağır olmasından danışıb. O bildirib ki, hazırda maddi vəziyyəti zəif olduğu üçün avtomobil yuyaraq, pul qazanır. H. Hacıyev həmçinin 2018-ci ildə keçirilməsi planlaşdırılan prezident seçkilərinə də hazırlaşdığını söyləyib.
 

 
Hafiz Hacıyevlə müsahibəni təqdim edirik:
 
- Şərti seçki günü artıq açıqlanıb. Prezidentliyə namizədliyinizi verəcəksiz?
 
- Bəli, seçkilərə qatılacağıq və namizədliyimi də irəli sürəcəm. Bundan əlavə, partiyamızın qurultayını da keçirəcəyik. Görürəm ki, özünü Azərbaycanın ana, dədə müxalifəti adlandıranlar bundan narahatdırlar. Saytlarda mənim əleyhimə kəskin ifadələr işlədirlər. Xaricdən maliyyələşən saytlar da artıq məni hədəfə alıblar. Bütün bu çətinliklərə baxmayaraq seçkilərdə iştirak edib, fikirlərimi xalqa çatdıracağam. Müxalifətdən başqa ölkə prezidentini istəməyən qüvvələr də mənim üzərimə hücuma keçiblər. Bu gün Azərbaycan hakimiyyətində oturub milyardlar qazanan məmurların da hədəfindəyəm. Çünki hər zaman dövlətçiliyi, dövlət başçısını müdafiə edirəm. Sabiq nazir Fazil Məmmədovun hansı qüvvələrə işləməsi haqqında da o, hələ nazir olanda məlumatlar vermişdim. Digərləri qorxurlar ki, onların da Azərbaycana qarşı etdiklərini açıqlayam. Ona görə də çox gərgin rejimdə işləyirik. Partiya olaraq seçkilərlə bağlı hər bir gücümüzü ortaya qoymuşuq. Nəticədə biz qalib gələcəyik.
 
- Müxalifət partiyalarından özünüzə rəqib saydığınız varmı?
 
- Görə bilmirəm. Biri Kərimov Əli idi ki, onu çoxdan sıradan çıxarmışıq. Digəri də şahmat oynamaqla məşğuldur. Şahmatda udur və elə bilir ki, prezident seçkilərini də udacaq. Bilsinlər ki, nə qədər Hafiz Hacıyev siyasətdədirsə, bu şəxslərin şansı olmayacaq. Onlara imkan verəsi deyiləm. Teledebatlarda qarşımda dura biləcəklərsə, buyurub gəlsinlər. Cənab prezidentin dəfələrlə deməsinə baxmayaraq, bu gün bəzi məmurlar korrupsiyaya son qoymurlar. Elələri var ki, onların əllərini də kəssən, göz-qaşları ilə rüşvət istəyərlər. Bundan da bəzi özlərinə müxalifət deyənlər istifadə edib, bütün günü xarici saytlarda,  internet televiziyalarında vətənin əleyhinə ermənilər qədər kəskin danışırlar. İstərdim ki, elə bu müxalifətin hamısı teledebatlarda ora yığılsın və birdəfəlik hamısının dərsini verim, bu millətin də canı qurtarsın. Hər halda, çətin olacaq və bunu da nəzərə almışıq, planlarımızı qurmuşuq.
 
- Planda mitinq keçirməkdə varmı?
 
- Təbii ki, xalqla görüşlərimiz də olacaq. Seçki qanununun bizə verdiyi bütün vasitələrdən istifadə edəcəyik. Bu gün də görüşlər keçirib, xalqın içərisində oluruq. Bəziləri kimi araşdırma mərkəzi yaradıb, şahmat oynamırıq. Mənə meydan lazımdır ki, millətimizə xəyanət edənləri ifşa edim. Bizə televiziyalarda yer vermirlər. Mitinqləri də sözümüzü demək üçün keçirəcəyik. Həsənov Cəmilin, Kərimov Əlinin və bəzi nazirlərin xəyanətlərini açacağıq. Bu gün heç bir xəyanətkar nazirin adını Kərimov Əli çəkmir. Çünki hamısı bir-biri ilə əlbirdir. Cahangir Hacıyevi siyasi məhbus kimi qələmə verməyə çalışdıqları kimi Fazil Məmmədovla bağlı da belə addım atmaq istəyirlər. Bunlar belədirlər. Prezident kimi işdən çıxarırsa, bunlar ona qucaq açırlar ki, beşdən-ondan alsınlar. Bütün bu detalları mitinqlərdə xalqa çatdıracam.
 
- Maddi durumunuzdan da ara-sıra şikayətlənirsiniz. Hazırda vəziyyətiniz necədir?
 
- Çox çətindir. İstəyirəm ki, gecələr "moyka”larda maşın yuyub, partiyamı saxlayam. Bəziləri maliyyəni aparır artistlərə xərcləyirlər, dövlətə xəyanət edənlərə verirlər. Biz də partiyamızı üç-dörd dostumuzla birləşib, güclə saxlayırıq. Əziyyət çəkib, birtəhər partiyamın işıq, internet pulunu verirəm. Buna baxmayaraq, seçkilərə gedəcəyik.
 
- "Moyka” məsələsini məcazi mənada dediniz, yoxsa vəziyyətiniz həqiqətən bu qədər pisdir?
 
- Yox, tam həqiqəti deyirəm. Nə məcazi məna? İstəmirlər ki, mən prezidentə xidmət etdiyimə görə mənə kömək etsinlər. Ona görə də məni belə sıxışdırırlar. Maşınınız varsa, gətirib 7-ci mikrorayonda yuduzdura bilərsiniz. Mən bunu gizlətmirəm. Hafiz Hacıyev 3 dəfə prezidentliyə namizədliyini verib, indi də "moyka”da maşın yuyur. Qoy bunlar xəcalət çəksinlər. Nə etməliyəm? İşıq pulunu vermək üçün gedim xarici dövlətlərə satılım? Bəzi səfirliklər mənə deyirlər ki, bizə işləsən daha yaxşı yaşaya bilərsən, Həsənov Cəmil kimi Avropanı gəzərsən. Ancaq bunu etmirəm. Cənab prezidenti qorumaqdan ötrü küçə də süpürməyə hazıram. Digər korrupsionerlər də Fazil Məmmədov kimi olacaq. Kim dövlətə xəyanət edibsə, onlar bu gün yaxşı yaşayırlar. Mənim kimilər isə maşın da yuyacaq, küçə də süpürəcək. İstəyirlər göstərsinlər ki, dövlətçiliyə xidmət edənlərin vəziyyəti mənimki kimi olur.
 
- 2013-cü ilin prezident seçkiləri ərəfəsində də bildirmişdiz ki, kreditlə maşın almısız. Krediti verib qurtara bildiniz?
 
- Artıq onu bağlamışam. Daha üstündən 5 il vaxt keçib də. Həmin vaxt telefonumu da kreditlə almışdım. Gedib yoxlaya bilərsiniz. Dünən də evimə kreditlə televizor almışam. Nə vaxtdan idi ki, sovet dövründən qalma televizora baxırdım. O da yandı, gedib kreditə televizor aldım. İlkin ödəniş olaraq da 87 manat ödədim. Hamısına gedib baxa bilərsiniz. Mən muzdlu quldur deyiləm. Vətənimə xidmət edirəm. Nə etmək olar ki, bu gün Hafiz Hacıyevi ac qoyurlar. Kərimov Əliyə pul verib, onu susdura bilirlər. Mitinqlər keçirmir, gördüyünüz kimi. Görünür, məndən kimsə qisas almaq istəyir. Ziya Məmmədovun, Fazil Məmmədovun necə pis işlərini açmışamsa, digərlərinin də işlərini açacağam.
 
Qlobal.Az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook