SON XƏBƏR

Parlament Rəsulzadəyə həqarət edən deputatı cəzalandıracaqmı...

May 25
08:47 2017
Zahid Oruc: "Məsələnin müzakirəyə ehtiyacının olduğunu qəbul edirəm”; Fazil Mustafa: "Rəsulzadə, Elçibəylə bağlı tənqidlərə normal yanaşıram, çünki...”

Vaxtaşırı Milli Məclisin bəzi deputatlarının görkəmli dövlət xadimləri haqda xoşagəlməz ifadələr işlətdiklərinin şahidi oluruq. Bu prosesdə deputat mandatı əlinə keçdikdən sonra Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə daha aktiv iştirak edir. Fəaliyyətsizliyi ilə gündəmdən tamam silindiyini görən bu şəxs varlığını sübut etmək üçün Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadə barəsində hər kəsin etirazına səbəb olacaq ittihamlar səsləndirir. O, son olaraq Rəsulzadənin Azərbaycan üçün heç nə etmədiyini bildirib.

Media və sosial şəbəkələrdə partiya sədri bu hərəkətinə görə ağır cavablar alır.

Əlizadə bu məsələdə tək deyil. Onun həmkarı Naqif Həmzəyev də 2015-cü ilin dekabrında Rəsulzadəni "vətən xaini” elan etmişdi...
Maraqlıdır ki, deputatların görkəmli dövlət xadimlərini aşağılamasına Milli Məclis rəhbərliyi rəsmi mövqe bildirmir. A.Əlizadəyə dəfələrlə etdiyi anormal çıxışlarına görə xəbərdarlıq belə edilməməsi qınaqlara səbəb olur.

İqtidaryönlü deputat Zahid Oruc bu mövzunun parlamentdə müzakirəsinə böyük ehtiyacın olduğunu bildirdi: "Öncəliklə mərhum prezident Heydər Əliyev haqqında danışarkən ulu öndərə dünyasını dəyişəndən sonra müxalif camiə daxilində deyilən sözləri xatırladaq. Onlar Rəsulzadə, Xətai və bu tipli şəxslərə önəm verilməsini tələb etdikləri halda, bəzən Heydər Əliyev əleyhinə çox kəskin çağırışlarının şahidi olurduq. Heydər Əliyevin Azərbaycan dövlətçiliyində danılmaz rolu var. Nəzərə alaq ki, müasir Azərbaycan dövlətçiliyinin də qurucusu odur. Burada hörmət və ehtiram həm də Azərbaycan tarixinə, dövlətçiliyinə münasibətdir. Biz bunları önə çəkərkən, həmin müxalif düşərgə özünü kənara çəkirdi. Bildirirdilər ki, bu məsələdə azad münasibət göstərmək haqlarıdır. Bu məsələdə parlamentin üzvlərinin bir xətt üzrə hərəkət etmələri nə qədər başa düşülən mövqe olsa da, amma siyasi cəhətdən bu elə də asan deyil. Çünki bizlər azad fikirli insanlarıq. Burada müxtəlif münasibətlər olacaq. Bununla bərabər, hesab edirəm ki, qeyd olunan məsələ üzərində düşünmək mümkündür. Tarixi yanaşma necə olmalıdır? Tarixi şəxsiyyətlərə verilən dəyər hüquq kateqoriyasında rəsmiləşməlidirmi? Məsələn, Türkiyədə Mustafa Kamal Atatürkə həqarət edənlərə qarşı cəza müddəaları işə düşür. Dövlətçilik uğrunda xidmətləri olan şəxslər qorunub saxlanılmalıdır. Bununla bağlı qanunvericilikdə hansısa addımlar atmaq barədə düşünmək lazımdır. Buna eyni zamanda siyasi dairələrdə dəstək qazandırılmasına da ehtiyac var. Burada ictimai fikirlər də önəmlidir. Məsələnin müzakirəyə ehtiyacının olduğunu qəbul edirəm”.

BQP başqanı, deputat Fazil Mustafa parlament səviyyəsində bu məsələyə mövqe bildirilməsini doğru saymır: "Demokratik respublikanın parlamentini götürək, orada həm millətçilər, həm də islamçılar var idi, hətta ermənilər də təmsil olunurdular. Kommunistlərlə baxışlar üst-üstə düşmürdü. Bu gün parlamentin bir deputatı əsassız olaraq Rəsulzadənin ünvanına müxtəlif fikirlər səsləndirirsə, buna da bir az dözümlü yanaşmaq lazımdır. Bəlkə də bu, cəmiyyətin mövzuya daha həssas yanaşmasına bəhrə verir. Rəsulzadəni nə qədər əsassız ittiham edirsənsə, onun haqqını tanımaqdan imtina edirsənsə, əksinə, o sevgini daha çox artırır. İnsanlar deyilənləri dəqiqləşdirmək üçün daha çox öyrənməyə meyl edirlər. Ona görə burada təhlükəli bir şey görmürəm. Belə açıqlamalar həmin insanların özünə hörmətsizlik gətirir, Rəsulzadənin özünə nə hörmətsizlik gətirə bilər ki? Kimsə deyir ki, Rəsulzadənin Azərbaycan tarixində xidmətləri olmayıb, desin, əsas odur ki, təhqir eləməsin. Kimsə deyir ki, Əbülfəz Elçibəy saxta yolla prezident seçilib, desin, bu təhqir deyil ki. Özünün yanlış mülahizəsini deyir. Azərbaycanda ən təhlükəli şey yalançı millətçilik, bu tipli məsələlərin müzakirəsini aparmağa hazır olmayan insan tipləridir. Bunların birinin arqumentli mövqeyini görə bilmirsən. Amma biri islamçı, biri millətçidir, imkanları olsa insanın başını yararlar. Bu tipli məsələlərdə əslinə qalsa, ideoloji zəmində müzakirələr açılır. Ağlı başında olanlar bu müzakirələrə qoşulub, daha sağlam fikrin cəmiyyətdə yer alması üçün müəyyən dərəcədə fəaliyyət göstərə bilirlər. Ona görə belə fikirləri top-tüfənglə qarşılamağın əleyhinəyəm. Bu məsələlərdə daha sağlam xətt olmalıdır. Bununla bağlı parlament səviyyəsində təbii ki, etirazlar səslənir, mətbuatda da bu mövzuda fikirlərimizi bildiririk. Bu məsələdə qətiyyən hər hansı bir güzəştimiz yoxdur. Amma istənilən halda bunu faciə kimi qəbul etmək olmaz. Diqqət yetirin, bu gün ölkəmizdə bəlkə də milli qəhrəman adına ən layiq şəxs ölkənin xilaskarı kimi qəbul edilən adamlardan biri Nuru Paşadır. Adına bir məktəb, xəstəxana, hərbi təqaüd varmı? Onu xatırladacaq bir şey varmı? Amma bu o demək deyil ki, Nuru Paşanın dəyəri aşağıdır. Onlarla insan belə onun haqqını tanıyırsa, demək, gələcəkdə onun haqqını qaytaracağıq. Çünki bu düşüncədə olanlar artacaq. Bu baxımdan, Rəsulzadə, Elçibəylə bağlı tənqidlərə normal yanaşıram”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook