SON XƏBƏR

Parlament borcların silinməsi ilə bağlı qanun layihəsini qəbul etdi

Mart 07
08:43 2018
Milli Məclis "Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” qanun layihəsinə "hə” dedi; deputat: "Arzu edərdim ki, cənab prezidentin təqdim edəcəyi digər bir sənəd dollar kreditləri ilə bağlı olsun”
 
Martın 6-da spiker Oqtay Əsədovun sədrliyi ilə Milli Məclisin növbəti plenar iclası keçirildi. Gündəlikdə 24 məsələ, o cümlədən Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında”, "Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında”, "Dövlət qulluğu haqqında”, "Yaşayış minimumu haqqında”, "Konstitusiya Məhkəməsi haqqında”, "Məhkəmələr və hakimlər haqqında”, "Sosial sığorta haqqında”, "Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, "Ədliyyə orqanlarında qulluq keçmə haqqında” və digər məsələlər var idi.
 
Deputat Qüdrət Həsənquliyev iclasda söz alaraq Milli Şuranın 10 mart aksiyası ilə bağlı müraciətinə diqqət çəkdi: "Ölkədə prezident seçkiləri elan olunub. Qanuna görə, təbliğat-təşviqat kampaniyası seçkilərə 20 gün qalmış başlana bilər. Onda Milli Şura adlanan quruma niyə belə hüquq tanınmır? Onlar martın 10-da, Bakı şəhərindəki ”Məhsul” stadionunda mitinq keçirmək istəyirlər.  Məndə olan məlumatlara görə, Bakı Şəhər İcra Hakimiyyəti bu aksiyanı sanksiyalaşdırıb. Bəs onlara niyə bu imkanı yaradırlar?” Q.Həsənquliyev daha sonra bunları bildirdi: "Kimsə düşünə bilər ki, bu aksiya məni narahat edir. Xeyr, kimsə düşünürsə ki, Əli Kərimli kimi xalq hərəkatını və demokratiyanı gözdən salan, iki gün öncə Milli Şura adından bəyanat verərək əxlaqsız söyüş söyənləri ”tənqidçi” adlandıran, özü də həmin əxlaqın daşıyıcısı olan bu ünsürün çağırışına savadlı və yetkin insanlar ciddi yanaşacaq, böyük səhvə yol verir. Mən ölkədə sərbəst toplaşma azadlığının təmin olunmasını alqışlayıram. Amma martın 19-dan sonra, seçkilərə 20 gün qalmış təbliğat kampaniyasına imkan verilir ki, qoy o zaman gündə mitinq keçirsinlər və bu seçkinin əleyhinə kampaniya aparsınlar. Amma hazırda Oqtay müəllim, bu, seçki qanunvericiliyinin kobud surətdə pozulmasıdır. Mən də hesab edirəm ki, biz Bakı Şəhər İcra Hakimiyyətindən bununla bağlı izahat tələb etməliyik ki, niyə seçki qanunvericiliyinin bu formada pozulmasına şərait yaradır? Öz çıxışlarında qanunların aliliyini istəyən şəxslər özü qanunun tələblərinə əməl etməlidir”.

Deputat Fazil Mustafa dövlətin maliyyələşdirdiyi televiziyada xurafatın yayılmasına qarşı çıxdı: "Xaricdə dini təhsillə bağlı qaydaların tənzimlənməsi faydalıdır və dinin siyasətə alətinə çevrilməsinin qarşısı alınmalıdır”. Deputat dedi ki, dövlətin büdcəsindən maliyyələşən İctimai Televiziyada təhsilli din adamları təbliğ olunmaqdansa, xurafat təbliğ olunur: "Heç sovet dövründə bu qədər xurafat, mövhumat təbliğ olunmurdu, amma İTV-də belə təbliğat aparılır. Xüsusilə İTV-də belə bir təbliğatın aparılması olduqca zərərlidir. Xaricdə təhsil alanları, elm adamlarını təbliğ etmək əvəzinə, ziyarətgahları, nəzir verməyi təbliğ edirlər. Biz təzədən Molla İbrahimxəlil Kimyagərin yanına qayıdacağıqsa, yeni dövrə adaptasiya ola bilməyəcəyik. Mən bunu kəskin şəkildə qınayıram və hesab edirəm ki, bu sahədə ”doza”nı aşağı salmaq olduqca vacibdir”.

Vitse-spiker Valeh Ələsgərov: "Müzakirələr üçün mənim qapıma gəlmək istəmirsinizsə, mən sizin qapınıza gəlim”
 
Spiker deputatın fikirləri ilə razılaşdığını bildirdi. Qeyd etdi ki, növbəti aidiyyəti qanunun müzakirəsi zamanı bu məsələyə qayıtmaq olar.
 
Milli Məclis bir sıra qanunlara əlavə və dəyişiklikləri təsdiqləyəndən, həmçinin texniki xarakterli düzəlişlər edəndən sonra "Ələt iqtisadi zonası” haqqında qanun layihəsini ikinci oxunuşda müzakirəyə çıxardı.
 
Layihə barədə məlumat verən vitse-spiker Valeh Ələsgərov bildirdi ki, sənəd birinci oxunuşda müzakirə edilərkən deputatlar bir sıra təkliflərlə çıxış ediblər: "Bundan sonra komitənin iclası keçirilib və verilmiş təkliflərin bəziləri qəbul edilib, bir çox maddələrə müəyyən dəyişikliklər olunub. Layihə ikinci oxunuşa yeni dəyişikliklərlə təqdim edilir”.
 
Qanun Azad Zonanın fəaliyyətinin, inkişafının və idarə edilməsinin hüquqi rejimini müəyyən edir. Sənəddə qeyd olunur ki, Azad Zonanı müvafiq icra hakimiyyəti orqanı yaradır və orada azad zona qanunvericiliyi tətbiq edilir. Bu qanunvericiliklə əsas iqtisadi qanunvericilik arasında ziddiyyət yaranarsa, azad zona qanunvericiliyi üstün tutulur. Azad Zonada hüquqi şəxslərin nizamnamə kapitalının və investisiya qoyuluşunun 100%-nin xarici hüquqi və fiziki şəxslərə məxsus olmasına məhdudiyyət qoyulmur. Azad Zona səlahiyyətli qurumu, Azad Zona inzibati müəssisələri, Azad Zona hüquqi şəxsləri və onların işçiləri, Azad Zona rezidentləri azad zonada fəaliyyətlərinə aid olan bütün vergilərdən azaddırlar. Azad Zonaya idxal edilən mallara, işlərə, xidmətlərə görə gömrük rüsumları və vergilər ödənilmir. Mallar, işlər, xidmətlər Azad Zonadan əsas iqtisadiyyata ixrac edildikdə, bu cür ixrac edilmiş mallara, işlərə, xidmətlərə əsas iqtisadiyyat qanunvericiliyinin müddəaları tətbiq edilir.  Əsas iqtisadiyyat gömrük idarəsi Azad Zonada gömrük qaydalarının tətbiq edilməsi üçün gömrük idarəsi yaradır.
 
Gömrük idarəsi öz fəaliyyətini Azad Zonanın strateji məqsədlərinə, qabaqcıl beynəlxalq təcrübəyə və Azad Zona qanunvericiliyinə uyğun həyata keçirir. Azad Zonada fəaliyyət göstərmək hüququ əldə etmiş Azad Zona hüquqi şəxslərinə hər hansı milliləşdirmə, müsadirə tədbirləri və ya özəl mülkiyyətə aid hər hansı digər məhdudiyyət tətbiq edilə bilməz. İnvestorlar, səhmdarlar, Azad Zona rezidentləri, Azad Zona hüquqi şəxsləri Azad Zonaya investisiya qoymaq və fəaliyyətlərindən əldə etdikləri pul vəsaitlərini məhdudiyyətsiz xaricə köçürmək hüququna malikdirlər. İnvestorların, səhmdarların, Azad Zona rezidentlərinin, Azad Zona hüquqi şəxslərinin və onların işçilərinin, heç bir məhdudiyyət olmadan, hər hansı xarici valyuta ilə işləməyə və əməliyyatlar aparmağa hüququ var.

Deputat Əli Məsimli qanun layihəsi barədə danışarkən birinci oxunuşdan sonra layihəyə edilən dəyişiklikləri müsbət xarakterizə etdi: "Müzakirə zamanı 3 məqama – layihənin Konstitusiyaya, beynəlxalq qanunvericiliyə və qanun yaradıcılığına uyğunluğuna baxıldı. Aydınlıq gətirildi ki, konstitusiyaya uyğundur, amma digər normativ aktlarla uyğunluq məsələlərinə də baxılmalıdır ki, sabah problem yaranmasın”.
 
Birinci vitse-spiker Ziyafət Əsgərov bu qanunun qəbulunun ölkəmizin inkişafı üçün önəmli rol oynayacağını bildirdi.
 
Vitse-spiker Valeh Ələsgərov isə bu qanunla əlaqədar müzakirələrin olduqca vacib olduğunu bildirdi: "Qapım həmişə açıqdır, mənim qapıma gəlmək istəmirsinizsə, mən sizin qapınıza gəlim. Çünki önəmli məsələdir, ölkəmiz, xalqımız üçün böyük faydası olacaq” – deyə həmkarlarına səsləndi.
 
Daha sonra qanun layihəsi fəsil-fəsil və ikinci oxunuşda səsə qoyularaq qəbul olundu. V.Ələsgərov qanunvericiliyə uyğunlaşdırılmasından sonra üçüncü oxunuşda səsə qoyulmasını istədi və təklifi qəbul olundu.
 
Bundan sonra parlament daha bir mühüm sənədi – prezident İlham Əliyevin təşəbbüsü ilə hazırlanan "Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” qanun layihəsini müzakirəyə çıxartdı. Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirdi ki, bu qanun layihəsində üç əsas məsələ öz əksini tapıb. "Bu məsələlərdən biri 2006-cı ilə qədər olan sığorta haqları üzrə yaranan borclarla bağlıdır. Bunların məbləği 100 milyon manatdır. İkinci məqam 2006-cı ildən 2015-ci il 1 yanvar tarixinə qədər olan borca görə yazılan cərimələrdir ki, bunların da məbləği  55 milyon manatdır. Üçüncü məqam 2015-ci ilin 1 yanvar tarixindən 2018-ci ilin 1 aprel tarixinə qədər yaranmış borclarla bağlıdır ki, onların da həcmi təxminən 26,7 milyon manatdır. Bütün bu tədbirlər sahibkarların iş şəraitinin yaxşılaşdırılması üçün nəzərdə tutulub”.
 
Qanun layihəsində qeyd olunub ki, sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2015-ci ilin 1 yanvar tarixinədək yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borcları tam məbləğdə silinir.
 
Sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2015-ci ilin 1 yanvar tarixindən yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borcların tənzimlənməsi aşağıdakı qaydada həyata keçirilir:
sığortaedənlər tərəfindən 2018-ci ilin aprel-may ayları ərzində həmin maliyyə sanksiyalarının (hesablanmış penyanın) 10 faizi ödənildikdə – maliyyə sanksiyalarının (hesablanmış penyanın) ödənilməmiş 90 faizi silinir,
sığortaedənlər tərəfindən 2018-ci ilin aprel-iyul ayları ərzində həmin maliyyə sanksiyalarının (hesablanmış penyanın) 30 faizi ödənildikdə – maliyyə sanksiyalarının (hesablanmış penyanın) ödənilməmiş 70 faizi silinir,
sığortaedənlər tərəfindən 2018-ci ilin aprel-sentyabr ayları ərzində həmin maliyyə sanksiyalarının (hesablanmış penyanın) 50 faizi ödənildikdə – maliyyə sanksiyalarının (hesablanmış penyanın) ödənilməmiş 50 faizi silinir.
 
Layihəyə əsasən, bu, ödənilməsi barəsində məhkəmə qərarı qəbul edilmiş, lakin 2018-ci ilin 1 aprel tarixinə ödənilməmiş borcların qalığına da şamil edilir.
 
Deputat Əli Məsimli öncə qanunvercilik təşəbbüsü ilə çıxış etdiyinə görə ölkə prezidentinə təşəkkür etdi: "Bu, sahibkarların da işini yüngülləşdirəcək. Növbəti addım kimi dollarla olan kreditlərin tənzimlənməsi haqqında qanun layihəsinin, yaxud fərmanın verilməsi çox yaxşı olardı. Cənab prezident sığortaçılarla və sahibkarla bağlı çox vacib, əhəmiyyətli bir sənəd təqdim etdi. Arzu edərdim ki, cənab prezidentin təqdim edəcəyi digər bir sənəd dollar kreditləri ilə bağlı olsun”.
 
Müzakirələrdən sonra qanun layihəsi qəbul edildi.
 
Qanun 2018-ci il aprelin 1-dən qüvvəyə minəcək.
 
"Yeni Müsavat”



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook