SON XƏBƏR

Çovdarovun Afrikadakı “brilyant əli” niyə vuruldu

Oktyabr 29
08:23 2016
MTN çetesinin "daş-qaş işi” yenidən gündəmdə ; Elxan Poluxov 5 illik diplomatik müddətinin başa vurub, yoxsa...; iddiaya görə, həbsdəki general CAR-a səfir postuna həmyerlisinin təyinatına nail olubmuş, səbəb isə... 

Prezident İlham Əliyev oktyabrın 27-də Elxan Poluxovun Azərbaycan Respublikasının Cənubi Afrika Respublikasında və eyni zamanda Anqola Respublikasında, Zimbabve Respublikasında, Mozambik Respublikasında, Svazilend Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb.

2011-ci ilin avqust ayının 16-da səfir təyin edilən E.Poluxovun geri çağırılması böyük ehtimalla 5 illik diplomatik fəaliyyət müddətinin başa çatması ilə bağlıdır. E.Poluxovun geri çağırılması barədə sərəncamın diqqət çəkməsi isə səbəbsiz deyil. 

E.Poluxovun personası bir il əvvəl ifşa olunmuş MTN generallarının, xüsusən də nazirliyin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi Akif Çovdarovun qanunsuz əməlləri zamanı diqqət çəkmişdi. A.Çovdarov başda olmaqla həmin cinayət çetesinin bir qrupunun məhkəməsi hazırda davam edir.

Məlumdur ki, "MTN işi”ndə indi əsas ittihamlar sabiq idarə rəisi A.Çovdarova "yüklənir” ki, bu da səbəbsiz deyil. Eldar Mahmudovun ən yaxın adamı kimi A.Çovdarov vaxtilə hüdudsuz səlahiyyətlərə malik olub, bir çox qanunsuz əməllər törədib ki, indi bunlara görə mühakimə olunur.

Sirr deyil ki, ləğv olunmuş MTN-in sabiq rəhbərinin   əsas gəlir mənbəyi olan brilyant biznesinə də A.Çovdarov rəhbərlik edib. Xüsusilə hava limanında brilyant idxalına nəzarəti tam ələ keçirən MTN çetesinin icazəsi olmadan uzun illər ölkəyə bir karat belə brilyant keçirmək mümkün olmayıb. Bu biznesdən mahmudovçu dəstənin ildə milyonlarla dollar qazandığı şübhə doğurmur. O da məlumdur ki, gizli olaraq bu işə girişmək istəyənlərin sonu da yaxşı olmayıb, aeroportda ələ keçənlərin başına qara torba keçirərək təkcə gətirdiklərini yox, bütün var-dövlətlərini əllərindən alıblar.

O zaman belə xəbərlər yayılmışdı ki, MTN rəhbərliyi brilyant trafikini xaricdən yönləndirmək üçün Azərbaycan Xarici İşlər Nazirliyindən səfirlik postu "almağa” (səfirliyin yaradılması, bina və digər texniki məsələlərin həlli) nail olublar. Geri çağırılmış səfirin adı o zaman məhz MTN-in brilyant biznesində hallanmağa başlamışdı.

Bildirilirdi ki,  mahmudovçular brilyant biznesin yönləndirilməsi üçün daş-qaş ehtiyatları ilə zəngin olan Cənubi Afrika Respublikasında Azərbaycanın səfirliyini yaratmağa nail olublar. MTN generallarının CAR-a diqqəti bu ölkənin dünyada ən çox brilyanta sahib olması idi. Bu ölkədə brilyant həddindən çoxdur. Ölkə büdcəsi brilyant istehsalından gələn gəlirlərlə dolur. İddiaya görə, A.Çovdarov CAR-da yeni yaradılmış səfir postuna Gürcüstan doğumlu həmyerlisi, 2009-cu ildən XİN-in mətbuat katibi işləyən Elxan Poluxovun təyin edilməsinə nail olub.

Yada salaq ki, media 2011-ci ilin avqustunda E.Poluxovun CAR-da (həm də Anqola Respublikasında, Zimbabve Respublikasında, Mozambik Respublikasında, Svazilend Krallığında) səfir təyin olunmasını birmənalı qarşılamamışdı. Çünki E.Poluxovdan əvvəlki mətbuat katiblərindən biri Çexiyaya səfir, digər isə NATO-da daimi nümayəndəliyə rəhbər (hazırda da həmin vəzifələri icra edirlər) təyin olunmuşdular.

İddiaya görə, MTN-in indi ifşa olunan generalları ucuz brilyantları məhz CAR-dan və qonşu Afrika ölkələrindən gəlirmiş. Mahmudovçu dəstə ixtiyarlarında olan onlarla şirkətlər vasitəsilə brilyantı Afrikadan alırmışlar və oradan da Azərbaycana göndərirmişlər. E.Poluxovun bu alverə qarışıb-qarışmadığını birmənalı demək çətindir, amma səfirliyin MTN generallarının Afrikadakı biznesindən xəbərsiz olduğu da inandırıcı deyil.
Diplomatik sərəncamda olan Poluxovun yenidən hansısa ölkəyə səfir təyin ediləcəyi barədə qəti fikir söyləmək çətindir. Çünki büdcəyə qənaət səbəbindən XİN-in Latın Amerikası və bəzi Afrika ölkələrindəki səfirliklərinin  bağlanacağı gözlənilir.
 
Yeri gəlmişkən, səfir o zaman brilyant biznesinə dair iddiaları qısa olaraq "qeyri-ciddi və məntiqsiz” adlandırsa da, həm XİN-ə, həm səfir təyinatında Çovradovun rolunun olub-olmaması bağlı xəbərlərə nədənsə, münasibət bildirməmişdi.

Bəlkə indi danışa...

"YM”



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook