SON XƏBƏR

Onkoloji Klinikadan şikayət: “Əlillik dərəcəsi almaq üçün məndən pul istəyirlər” - video

Noyabr 14
10:04 2018
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikasında 10 ildir xadimə işləyən Qərbi Azərbaycandan məcbur köçkün düşən Lalə Əmrah qızı Mustafayeva üzləşdiyi özbaşınalıqlardan şikayətçidir.

Lalə Müstafayeva bildirir ki, Onkoloji Klinikada ötən ilin iyun ayının 19-da rəhbərliyin göstərişi əsasında ona uyğun olmayan işi görərkən ağır xəsarətlər alıb:



Hadisədən sonra Onkoloji Klinikasının rəhbər heyəti, baş vermiş bu ağrılı hadisə ilə bağlı akt da tərtib edib. Kilinikanın baş həkimi Nəsimi Qasımovun, həmkarlar komitəsinin sədri Rəna Ələkbərovanın, poliklinika və diaqnostika şöbəsinin müdiri Tamara Quliyevanın, baş həkimin təsərrüfat işləri üzrə müavini Nazim Kərimovun və baş tibb bacısı Kəmalə Zülfüqarovanın imzaladıqları həmin aktda da göstərilib ki, Lalə Mustafayeva klinikanın bayırdan divarına vurulmuş boruya söykədilən nərdivana çıxaraq, pəncərə silmək istəyib. Lakin tarazlığını itirərək yıxılıb, sağ pəncənin yarımçığı, hər iki topuğun və aşıq sümüyünün qapalı qəlpəli yerdəyişən sınığı diaqnozu ilə, Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna yerləşdirilib.

Lalə xanım deyir ki, əslində bu aktı tərtib edənlər də, ona ögey-doğma münasibətdə olduqlarını göstəribər: "Yarı düz, yarı səhv akt tərtib ediblər. Yazırlar ki, guya, mən, öz təşəbbüsümlə pəncərə silmək qərarına gəlmişəm. Özünüz deyin, hansı yaşlı qadın bayırdan divara dırmaşmağa qərar verər. Bu, lap gülüncdür:

"Videogörüntülərə özünüz də baxdınız. Hətta mühafizə rəhbəri Sahib Axundov da, üstümə qışqırır ki, tez yuxarı çıxım. Başqa nə demək olar ki?!. Hara buyurublar, ora qaçmışam. Sonra da özümü bədbəxt etmişəm. Aylarla yeriyə bilməmişəm, yataq xəstəsi olmuşam. Elə olub ki, özümü öldürməyə belə qərar vermişəm. Aktda o da qeyd edilib ki, guya, mən ambulator şəraitdə evdə müalicə almağa qərar vermişəm. Sanki bilmirlər ki, məni imkansızlıqdan bu addımı atmağa məcbur ediblər. Aylarla ev şəraitində, gipsdə və yataqda qalmaq mənim üçün ölümdən betər olub…”



Nəsimi Qasımov
 
Ailəsinin maddi imkanları çox aşağı olduğu üçün işləmək məcburiyyətində qaldığını deyən Lalə Müstafayeva əlillik dərəcəsi də ala bilmədiyini deyir:

"Dolanışığımız olduqca çətindir. Bu səbəbdən, mənim üçün olduqca çətin olsa da, məcbur olub, iki-üç ay əvvəl müdiriyyətə yalvar-yaxarla birtəhər öz işimə qayıda bildim. Başqa nə edə bilərdim ki?!. Vəziyyətim olduqca ağır, səhhətimdə ciddi problemlər olsa da, sənəd verən idarələr əlillik almaqda belə mənə maneçilik yaradırlar. Sanki düz sənəd yazıb, imza atanda barmaqları sınacaq. Klinikanın rəhbəri də mənə ürək ağrıdan tərzdə deyir ki, kimsəsiz və arxasızam. Yazığı gəldiyindən məni işə qaytarıb. Mənsə göydə Allaha, yerdə bu videogörüntülərə, ölkə başçısına, onun xanımına, eləcə də yaxşı insanlara ümidliyəm…”

"TSEK də məndən nəsə umur”

Şikayətçinin sözlərinə görə, o, haqqını almaq üçün döymədiyi qapı qalmayıb: "Hətta 1-ci vitse-prezident Mehriban xanım Əliyevanın da ünvanına şikayətlər göndərmişəm.  Nə olsun, şikayətlər baxılması üçün baş həkimin üstünə göndərilir. Nə edəcəyimi bilmirəm.  Rəhbərlik də, məni gözümçıxdıya salıb.

7 saylı şəhər poliklinikasının Həkim Məsləhət Komissiyası tərəfindən müayinə olunduğunu deyən Lalə xanım, onu da bildirdi ki, bu barədə göndərişləri "Tibbi-Sosial Ekspert Komisiyasına (TSEK – red.) göndərişlərin reyestri”-nə daxil edilib. Bu barədə poliklinika HMK-nın sədri Təranə Məmmədova dəfələrlə Nərimanov rayon TSEK-ə bildirişlər göndərib. TSEK-in sədri isə, poliklinika ilə sanki "ötür-ötür oyunu” oynayır. Əlillik və ya sağlamlıq imkanımın məhdudluğunu təyin etməkdə məndən nə isə umur. TSEK onsuz da bu çirkin işlə məşğuldur. Bunu hamı bilir. Mənsə, onların istədiyi qədər pul tapıb, verə bilmərəm. Bu səbəbdən, sədr hər dəfə imtina yazır. Cavablarda yalandan göstərir ki, Dövlət Səhiyyə Müəssisəsi tərəfindən verilmiş göndərişlərdə əlillik səbəbi öz təsdiqini tapmayıb. Axı, necə tapmaya bilər ki, elə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun verdiyi arayışdaca mən ölü bir insan kimi göstərilmişəm. Arayışlarda mənim necə xəstə olduğum açıq-aydın göstərilib. Sağ qamış sümüyünün distal epimetafizinin çoxqəlpəli oynaq daxili bitişmiş sınıqları. İç topuğun qeyri-düzgün bitişmiş qəlpəli sınıqları. Sağ aşıq-baldır oynağının deformasiyası. Sağ açıq-baldır oynaqların kofrakturası. Ağrı sindromu, sağ aşağı ətrafın funksiyasının kəskin pozulması və sairə, və ilaxır.
 

Lakin Nərimanov rayon TSEK sədri bu yazılanın dəhşətini başa düşmək istəmir. Elə, məndən pul gözləyir. Hətta, o, Azərbaycan Tibb Universitetinin inzibati-təsərrüfat işləri üzrə prorektoru Aydın Vəliyevin də, travma nəticəsində neçə faiz əmək qabiliyyətimi itirməyimin təyin edilməsi sorğusuna da başdansovdu cavablar verir”.

Şikayətçi deyir ki, o, xəstə yatarkən də, klinikadan ona əmək haqqı təyin edilib. Lakin, o, hələ bu pulun da hamısını ala bilməyib: "Klinikadan mənə guya 1200-1300 mant təzminat verilməli idi. Hətta mənə "Əlibəyli” firmasının bu məbləği mənə verdiyi ilə bağlı sənədə də qol çəkdirdilər. Amma sənədi oxumağa imkan vermədilər. Amma mənə bir manat d olsun pul verilmədi. Hətta şikayət və narazılıqlarımı millət vəkili, akademik Əhliman Əmiraslanova da çatdırmışam. Baş həkim Nəsimi Qasımova öz iradlarını bildirib, tapşırıq və göstərişlərini verib. Nə olsun?!. Hamı öz işindədir.

Mənsə, bu ciddi məsələmi ictimailəşdirmək qərarına gəlmişəm. Məqsədim isə, yalnız odur ki, qoy, pis məmurlar ictimai qınağa tuş gəlsinlər. Bəlkə, bu yolla nəsə etmək mümkün oldu…”.
 

 





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook