SON XƏBƏR

Obyekti zəbt olunan sahibkar yeni müraciət yaydı - QALMAQAL

Dekabr 20
13:24 2017
Gədəbəyin icra başçısı Ramiz Yediyarovun özbaşınalığı davam edir. 1 ay əvvəl icra başçısı yerli sahibkar Fəxrəddin Bağırovun obyektinin qapı-pəncərələrini, darvazasını hördürüb, özünü isə rayondan didərgin salıb. Səbəb icra başçısının şəxsi maraqları, qanunları saya salmamasıdır. Bu haqda "Yeni Müsavat”ın 23 noyabr 2017-ci il tarixli sayında "Gədəbəyin icra başçısı ”Müsibəti Fəxrəddin"i yenidən "yazır” sərlövhəli ttp://musavat.com/news/gedebeyin-icra-bascisi-musibeti-fexreddin-i-yeniden-yazir-reportaj-fotolar-video_485354.html reportajda məlumat vermişdik.

Sabiq vergilər nazirinin kadrı olan Ramiz Yediyarov özünün qanunsuzluqlarını ört-basdır etmək üçün Fəxrəddin Bağırovun qonşuluğunda yaşayan sakinlərin həyətlərinin içindən sonradan yol salıb. Qonşuların qəti etirazlarına baxmayaraq, icra başçısı yolu tikməklə evlərinin qəzalı duruma düşməsi ilə nəticələnəcək addımlar atıb. Özlərini isə qanunsuz həbs etdirib. Gədəbəydə klassik cinayət qanunları işlək durumdadır. Bir cinayəti ört-basdır etmək üçün digər bir cinayət törədilir. Sabah başqa bir cinayət də törədilə bilər. Fazil Məmmədovun kadrının addımlarını proqnozlaşdırmaq çox çətindir. 

Obyektinin qapıları hasarlanaraq qapadılmış, özü isə rayondan didərgin salınmış gədəbəyli sahibkar Fəxrəddin Bağırov ölkə rəhbərliyinə müraciət edib. Surəti redaksiyamıza göndərilən müraciətdə sahibkar yazır: "Bu müraciətimdə, əvvəlki müraciətlərimdə olduğu kimi, Gədəbəy rayon rəhbərliyinin mənə qarşı etdiyi qanunazidd hərəkətləri sadalamaq istəmirəm. Ona görə ki, həmin müraciətlər sizə çatdırılmadan yenidən rayon rəhbərliyinə yönəldilir və rayon rəhbərliyi də ən müxtəlif şəkildə saxta və yalan məlumatlar uyduraraq törətdiyi cinayət əməlinin üzə çıxmasını əngəlləyir. Mən sizə baş verən bu hadisənin başqa bir tərəfi barədə məlumat vermək istəyirəm. Cənab prezident, 1 aydan artıqdır ki, obyektimin təcrid olunması ilə bağlı çoxsaylı insanlarla təmasda olmuşam, şikayət etdiyim bir sıra rəsmi qurumların nümayəndələri ilə əlaqə saxlamışam və mənə məlum olub ki, hansısa daşınmaz əmlakın bütün girişlərini bağlayıb, əmlakın ətrafdan təcrid vəziyyətinə salınması kimi bir hal indiyədək ölkənin heç bir yerində baş verməyib. Hətta ölkənin ən böyük şəhərlərinin hansısa rəhbəri belə bu cür açıq-aşkar, kobud qanun pozuntusuna yol verməyə cəsarət etməyib. Üstəlik, bu özbaşınalığın, sizin sahibkarlara böyük dəstək verdiyiniz hazırkı dövrdə, sahibkara qarşı törədilməsi, hansısa ucqar dağ rayonunun başçısı üçün böyük risk tələb edir. Mən və mənim fikir mübadiləsində olduğum insanlar belə qənaətə gəlirik ki, rayon icra başçısı bu miqyasda özbaşınalığı himayəçisi olmadan təkbaşına törədə bilməz. Bu nəticəyə gəlməyimin daha bir səbəbi də, törədilən bu cinayətdən indiyədək, ötən 40 gün ərzində bütün müvafiq yuxarı icra hakimiyyəti orqanlarına etdiyim şikayətlərin nəticəsiz qalmasıdır. Buradan belə bir sual meydana çıxır Sizin ölkədə sahibkarlığın inkişafı üçün göstərdiyiniz səylərə rəğmən sahibkarlığa qəsd edən, sizin siyasi iradəniz əleyhinə fəaliyyət göstərən kimdir və ya kimlərdir? Adi bir sahibkarlıq obyektinin girişini 1 aydan artıq müddətdə inadkarcasına bağlayaraq qanunlara və sizin iqtisadi siyasətinizə meydan oxuyanların məqsədi nədir? 

Bu adamlar ölkənin mövcud hakimiyyətinə alternativ bir hakimiyyətin olması görüntüsünümü yaratmaq istəyirlər və göstərmək istəyirlər ki, onlar istədiyi əməli törətməkdə tam sərbəstdirlər?"

Sahibkar ölkə başçısına müraciətlə yazır ki, Gədəbəyin icra başçısı Ramiz Yediyarovun öz havadarlarının himayəsi ilə ona qarşı törətdiyi cinayət əməli təkcə onu və obyektində işləyən və hazırda işsiz qalan insanların mənafeyinə toxunmur: "Eyni zamanda hakimiyyətə və dövlətçiliyə qarşı yönəlmiş ağır cinayət əməlidir. Sizdən xahiş edirəm, toxunduğum məsələlərin araşdırılmasına göstəriş verəsiniz”. 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook