Britaniya mətbuatı: İran Dünya Çempionatını keçirməkdə Qətərə kömək edəcək?

Replica World Cup on display in Doha

Şəklin mənbəyi, (C) British Broadcasting Corporation

İran Dünya Çempionatını keçirməkdə Qətərə kömək edəcək?

"Economist" yazır ki, 2022-ci il Dünya Futbol Çempionatının Qətərdə keçirilməsi həmişə böyük regional hadisə kimi qiymətləndirilib.

Bu səbəbdən Körfəzin başqa ölkələri də böyük futbol tədbirinin qonaqlanmasında Qətərə dəstək və yardım vəd edirdilər. Zəngin neft ölkələri deyirdilər ki, bu məqsədlə hətta öz otellərini və stadionlarını da təklif edə bilərlər.

Birləşmiş Ərəb Əmirlikləri isə bir az daha səxavətli tərpənərək bəzi matçlara ev sahibliyi etməyə hazır olduğunu elan edirdi. Amma bütün bunlar ötən ilin iyun ayına kimi olmuşdu.

Bundan az sonra BƏƏ, Səudiyyə Ərəbistanı və Bəhreyn Qətərlə diplomatik əlaqələrini kəsdilər. Onlar Qətəri terrorçu qruplaşmaları maliyyələşdirməkdə və ən əsası İranla yaxınlaşmaqda ittiham edirdilər.

"Economist" yazır ki, çox güman bu keçmiş dostların hazır dayanan əvəzi var: İran.

İran hazırda Qətəri ərzaq malları ilə təchiz edərək onun Səudiyyə tərəfindən təşkil edilmiş blokadasını yarır.

Məqalədə deyilir ki, İran Dünya Çempionatının iştirakçıları və qonaqları üçün özünün lap yaxınlıqda yerləşən Kiş və Gəşm adalarındakı dəbdəbəli otellərini təklif edə bilər.

Hərçənd bu, futbol xuliqanlarının çox da xoşuna gəlməyəcək, çünki İranda şəriət qaydalarına uyğun olaraq alkoqollu içkilər qadağandır.

"Economist" yazır ki, hətta blokada problemindən əvvəl də, futbol mədəniyyəti və təcrübəsi olmayan qızmar iqlimli Qətərin bu yarışa necə ev sahibliyi edəcəyi narahatlıqlar doğururdu.

Lakin indi Qətərin seçimi yoxdur. O 2022-ci ilədək 100 min otaqlıq otellər tikməyi vəd etsə də, ekspertlərin fikrincə 45 min otağa ancaq gücü çatacaq.

Müqayisə üçün deyilməlidir ki, Almaniya 2006-cı ilin Dünya Çempionatı zamanı 2 milyon xarici tamaşaçını qəbul etmişdi.

Bu il Rusiyada keçiriləcək Dünya Çempionatında 1 milyondan çox əcnəbi qonaq olacaq.

2022-ci ilin çempionatı üçün Qətərin stadionları da çatışmaya bilər. Qətər 2022-ci ilədək 12 stadion vəd etmişdi, amma indi 8 stadiona gücü çatacağını etiraf edir.

"Economist" yazır ki, bəzi matçların İranda keçiriləcyi ağlabatan görünmür, amma buna baxmayaraq bu ölkədə qadınların stadionlara girişinin qadağan olması artıq indidən siyasi müzakirələrə səbəb olub.

Qətər qonaqların yerləşdirilməsi məqsədilə çoxsaylı kayutları olan kruiz gəmilərini sifariş etməyi və hətta miqrant işçilər üçün tikilmiş otaqları (əlbəttə əməlli-başlı təmirdən sonra) əcnəbi qonaqlar üçün hazırlamağı düşünür.

Məqalədə deyilir ki, Küveyt, Oman və İordaniya Qətərlə diplomatik münasibətlərini saxlayıblar və bu baxımdan nəzəri olaraq Qətərə kömək edə bilərlər. Amma bu ölkələrdən hələlik səs çıxmır.

Yeni il axşamı BƏƏ dünyanın ən hündür binası olan Bürc Xəlifənin üzərinə bütün dünya ölkələrinin bayraqlarını proyeksiya etmişdi…Qətərin bayrağından başqa.

Səudiyyə isə bu yaxınlarda keçirdiyi şahmat turnirində Qətər bayrağının olmasına icazə verməyib.

İranın çempionata qarışması ABŞ və İsrail azarkeşləri üçün də mürəkkəblik yarada bilər. Hərçənd bu iki ölkə dünya çempionatına vəsiqə almayıb.

Qətər Dünya Çempionatının təşkilat komitəsindən Hassan ət-Tavadi deyib ki, ölkə hamını qonaqlamağa hazırdır.

"Əgər Şimali və Cənubi Koreya olimpiada üçün bir araya gələ biliblərsə, Yaxın Şərq bunu Dünya Çempionatında niyə edə bilməsin?" - deyib rəsmi.

Trump, Seçki, Rusiya

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Donald Trump-ın seçki kampaniyasına ən çox pulu Amerikanın Milli Atıcılıq Assosiasiyası köçürüb

Trump-la Putinin daha bir əlaqəsi aşkar edilib

"The Guardian" yazır ki, FTB Vladimir Putinə yaxın bir rusiyalı bankirin Amerikanın Milli Atıcılıq Assosiasiyası (National Rifle Association - NRA) vasitəsilə Trump-ın seçki kampaniyasına böyük pullar köçürməsi barədə iddiaları araşdırır.

ABŞ qanunlarına görə, siyasi kampaniyalara xaricdən donorluq qadağandır. NRA Trump-ın prezidentlik kampaniyasına 2016-cı ildə 30 milyon dollar ödəyib.

Seçki kampaniyasının maliyyələşdirilməsinin təhlili göstərib ki, bu təşkilat Trump-ın kampaniyasına ən çox pul xərcləyən qurum olub. Bu da deyilir ki, NRA 2012-ci ildə Mitt Romney-nin kampaniyasına bundan iki dəfə az pul köçürmüşdü.

Xəbər agentlikləri və media qurumları ötən aylar ərzində NRA liderlərinin Rusiya ilə əlaqələrini izləyiblər.

Onların məlumatına görə, NRA 2015-ci ildə Moskvaya nümayəndə heyəti göndərib və bu nümayəndələr Vladimir Putinin nüfuzlu müttəfiqləri ilə də görüşlərdə olublar.

"McClatchy" məcmuəsində dərc olunmuş məqalədə bankirin adı Aleksandr Torşin olaraq verilir.

"The Guardian" yazır ki, bu xəbərlər Trump-ın Rusiya ilə mümkün əlaqələrini araşdıran xüsusi təhqiqatın NRA-yə gəlib çatdığını nümayiş etdirir.

Sözü gedən məqalədə iki anonim mənbəyə istinad edilir. Xüsusi prokuror Robert Mueller-in apardığı təhqiqat və araşdırdığı materiallar məxfi olduğuna görə bir çox hallarda adlar ümumiyyətlə çəkilmir.

"The Guardian" yazır ki, bu xəbərlərlə əlaqədar NRA-dən şərh almaq mümkün olmayıb.

Mueller-in sösçüsü də şərh verməkdən imtina edib. ABŞ Federal Seçki Komissiyası seçki kampaniyalarına xarici vətəndaşların maliyyə ödəməsini, habelə kampaniyanın gedişatına müdaxilə etməsini qadağan edir.

Haqqında söhbət gedən Torşin Rusiya Mərkəzi Bankının sədr müavini və keçmiş millət vəkilidir.

"New York Times" qəzetinin 2017-ci ilin sonlarında verdiyi xəbərə görə o, 2016-cı ilin mayında Trump və Putin arasında görüş təşkil etməyə çalışıb. Qəzet yazırdı ki, bu görüşün baş tutmasına yalnız Trump-ın kürəkəni Jared Kushner-in müdaxiləsi mane olub.

Elə həmin ayda Torshin, Trump və onun böyük oğlu NRA-in Louisville-də keçirilən illik toplantısına qatılıblar.

Bu toplantıda Trump çıxış edib və NRA onun namizədliyini qəbul etdiyini bildirib.

Trump-ın böyük oğlunun vəkili deyir ki, onun həmin toplantıda Torşinlə görüşü çox qısa və ayaqüstü olub.

"Orada söhbət yalnız silahlardan gedirdi" - Alan Futerfas "McClatchy" məcmuəsinə deyib.

Bəzi məlumatlara görə, Konqresdə keçirilmiş dinləmədə də oğul Trump-a bu görüş barədə suallar verilibmiş.

Çümə axşamı günü "Everytown for Gun Safety" silahlara nəzarət kampaniya qrupu NRA-dən Rusiya ilə bütün əlaqələrini açıqlamasını tələb edib.