SON XƏBƏR

Nəsiman Yaqublu prezidentin Xalq Cümhuriyyəti ilə bağlı addımını alqışladı

Yanvar 10
15:06 2018
Tarixçi alim təkliflər irəli sürdü
 
Prezident İlham Əliyev bu gün 2018-ci ili ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edib. Dövlət başçısı bunu yanvarın 10-da Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib. 
 
Ilham Əliyev il ərzində bununla əlaqədar həm ölkəmizdə, həm də xaricdə bir çox tədbirlərin keçiriləcəyini qeyd edib.
 
Tarixçi professor, Məhəmməd Əmin Rəsulzadə İrsini Araşdırma Mərkəzinin rəhbəri Nəsiman Yaqublu ölkə başçısının qərarı ilə bağlı fikirlərini musavat.com-a bildirib.
Prezidentin 2018-ci ili Azərbaycanda "Azərbaycan Xalq Cümhuriyyəti ili” elan etməsini alqışlayan N.Yaqublu qeyd etdiki, bu böyük tarixi hadisənin yüz illiyinin yüksək səviyyədə keçirilməsinin Azərbaycan dövləti və xalqı üçün çox ciddi əhəmiyyəti olacaq: "Mən bir tədqiqatçı kimi təxminən 6 ay öncə prezidentə rəsmi məktubla müraciət etmişdim. Həmin müraciəti rəsmi olaraq cənab prezidentə çatdırmışdılar. Məktubda təkliflərimdə qeyd etmişdim ki, Xalq Cümhuriyyətinin yüz illiyi adi bir tarixi hadisə deyil. Yəni bu hər hansı şəxsə də aid olan məsələ deyil, bu, Azərbaycan dövlətinin elə məqamlarının dünya ictimaiyyətinə çatdırılmasıdır ki, bundan Azərbaycan dövləti və xalqı yalınız uda bilər. Birinci qeyd etmişdim ki, biz Azərbaycan Cümhuriyyətinin yüz illiyini keçirməklə bütün müsəlman və türk dünyasında ilk demokratik dövləti qurduğumuzu dünya dövlətlərinə göstərə bilmək imkanını verir. İkincisi, Azərbaycan Cümhuriyyətinin yüz illiyini qeyd etməklə biz həm də dünya ictimaiyyətinə və bu gün dövlətinin aparıcı dövlətlərinə göstərə bilərik ki, biz 1918-ci ildə Azərbaycan Cümhuriyyətini yaradanda bu dövlətin tərkibində Qarabağ da, Zəngəzur da və digər bölgələr də var idi və siz də beynəlxalq birlik olaraq həmin vaxt Azərbaycanın müstəqilliyini bu bölgələr tərkibində olmaqla tanımışdınız. Bu, çox ciddi məqamdır. Azərbaycan Xalq Cümhriyyətinin müstəqilliyini məhz yanvarın 11-də dünya dövlətləri tanımışdı. Sabah bu tarixdən 99 il keçir. Bu gün də çox önəmli gündür ki, cənab prezident məhz belə bir gündə 2018-ci ili Azərbaycan Xalq Cümhuriyyəti ilə elan etdi”.
 
Tarixçi alim bildirdi ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının hamısına fərq qoymadan onların fəaliyyətinin araşdırılması, öyrənilməsi vacibdir: "Biz onların irsini ictimaiyyətə çatdırmalıyıq. Dördüncü mən təklif etmişdim ki, Azərbaycanda onların ev muzeylərinin yaradılması, adlarının əbədiləşdirilməsi istiqamətində işlər görülsə yaxşı olar. Məsələn, onların yaşadıqları binalara xatirə lövhələri vuraq. Bunu etmək asandır. Sonra isə bu insanların məzarlarının Azərbaycana gətirilməsi təmin edilsə çox gözəl olar. Əlimərdan bəy Topçubaşov Fransada, Məhəmməd Əmin Rəsulzadə Türkiyədə, Ceyhun Hacıbəyli Fransada, Fətəli bəy Xoylu Gürcüstanda digərləri başqa ölkələrdə dəfn olunub. Həm Azərbaycan daxilində, həm də xaricdə Azərbaycan Cümhuriyyətinin yüz illiyinin təkcə bayram edilməsi ilə kifayətlənməməliyik, çox böyük təbliğat sistemi qurulmalıdır və iş aparılmalıdır. Gürcüstan və Ermənistan da yüz illiklərinə hazırlaşırlar. Polşa Respublikası bu il yüz illiyini keçirəcək. Demokratiya və təbliğat yarışında çalışaq ki, geri qalmayaq, qələbə çalaq. Bizim şanslarımız var və uğurlu məqamlarımız da çoxdur. Bu işləri uğurla həyata keçirmək üçün işi yaxşı bilən adamlar cəlb edilməlidir. Media mənsublarına müraciət edirəm ki, Cümhuriyyətinin yüz illiyi ilə bağlı addımlara onlar da öz vicdani və vətəndaş mövqeyindən yanaşsınlar. Bu iş hər kəsin vicdan borcu olmalıdır. Prezidentin adımını təqdir etməklə yanaşı, hər bir vətəndaş bu möhtəşəm tarixə, bayrama öz töhfəsini verməlidir. Yüz illiyi Azərbaycan Xalq Cümhuriyyətinə yaraşan şəkildə yüksək səviyyədə qeyd etmək lazımdır”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook