SON XƏBƏR

Nərmin Quliyevanın qətlinə görə üç nəfər istintaqa çağırıldı (RƏSMİ)

Fevral 13
12:42 2020
"Tovuz rayonunda azyaşlının qəsdən öldürülməsi faktı üzrə yayılan anonim informasiyalar istintaq-əməliyyat qrupuna təqdim olunub və tam, hərtərəfli araşdırılır”.

Bunu Modern.az-ın sorğusuna cavab olaraq, Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib.

Onun sözlərinə görə, hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir:

"Sosial şəbəkələr və bəzi internet saytlarında yayılmış anonom videomaterialda adı çəkilən şəxslərin ifadələri alınır”.

Mərhum Nərmin Quliyevanın nənəsi Minayə Quliyeva Modern.az-a deyib ki, kənddə olmadığı üçün videoda adı çəkilən Altay Ələkbərov və digər şəxslərlə bağlı məlumatsızdır:

"Biz də ekspertizanın cavabını gözləyirik. Baş Prokurorluq nə məlumat versə, ona inanırıq, əlavə bir söz deyə bilmərəm. Çoxu da şayilər yazırlar, insanlarda çaşqınlıq yaradırlar”.

Nərminin atası Şərif Quliyev saytımıza Altay Ələkbərovun kənddə olduğunu deyib:

"Altay istintaqa cəlb olunmayıb. İstintaqa cəlb olunan olunub, Altay niyə istintaqa cəlb olunmalıdır? Baş Prokurorluq deyir günhakar İlkindir, ona görə onu saxlayıblar. O videodan sonra da Altayla da üz-üzə gəlməmişik. Mən də dövlətimə güvənirəm. Siz nə bilirsiz, mən də onu bilirəm”.

Qeyd edək ki, sosial şəbəkələrdə ötən il Tovuz rayonunda itkin düşmüş 10 yaşlı Nərmin Şərif qızı Quliyevanın qətlilə bağlı səs yazısı yayılıb. Naməlum şəxs Nərminin qatilinin İlkin Süleymanov olmadığını iddia edir. O, bildirir ki, qətli törədən kənd sakini Altay Ələkbərovdur.

Xatırladaq ki, Tovuz  rayonunun Dondar Quşçu kənd sakini 10 yaşlı Nərmin Quliyevanın qəsdən öldürülməsi faktı ilə bağlı Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində bu ağır cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, işləməyən, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook