SON XƏBƏR

Nərimanov rayonunda vətəndaşlara dəhşət yaşadılır: İcra Hakimiyyəti Zeynal Nağdəliyevi aldadıb? (FOTO)

Yanvar 10
09:07 2019
Bakının Nərimanov rayonu ərazisində pilot layihə adı altında onlarla ailəyə dəhşət yaşadılmaqdadır

AzToday.az xəbər verir ki, Nərimanov rayon İcra Hakimiyyəti ilə "Qarant İnşaat – 2012” MMC-nin özbaşınalıqları nəticəsində sakinlər üçün dözülməz və təhlükəli vəziyyət yaradılıb.

Belə ki, sözügedən şirkətin Nərimanov rayonu, M. Sənani küçəsində bina tikintisi üçün apardığı söküntü işləri zamanı onlarla mənzil bərbad vəziyyətə salınıb.  Konkret M. Sənani küçəsinin 39 ünvanınında  yerləşən evlərin divarları və dam örtüyü yararsız vəziyyətə düşüb.  Sakinlərin aylardır davam edən şikayətlərinə baxmayaraq nə Nərimanov rayon İcra Hakimiyyəti, nə də "Qarant İnşaat – 2012” MMC rəhbərliyi heç bir tədbir görməyib. Hətta Nərimanov rayon İcra Hakimiyyəti şikayət edən vətəndaşlara ölkə rəhbərliyi adından təzyiq göstərərək, onları susdurmağa çalışır. Yuxarı dövlət qurumlarına da yalan məlumat verərək, vətəndaşları günahkar çıxartmaqdadır.

Halbuki "Qarant İnşaat – 2012” MMC yüksək mərtəbəli binanın tikintisi prosesində nəinki vətəndaşların mülkiyyət hüquqlarını pozur, həmçinin tikinti norma və qaydalarını, xüsusi ilə də əməyin təhlükəsizliyi qaydaları kobud şəkildə pozulur.

Əməkdaşımızın hadisə yerindən əldə etdiyi görüntülərdən aydın olur ki, 16 mərtəbəli binanın tikintisində işləyən fəhlələr təhlükəsizlik qaydalarına əməl etmirlər…

Həmçinin tikinti sahəsində işləyən 2 nəhəng kran ətrafda yaşayan onlarla ailəni həyəcanda saxlayır. Belə ki, əgər kranlar 10 metr kənardakı evlərin üstünə aşsa onlarla şəxsin həyatına son qoyacaq.

AzToday.az-a danışan sakinlər hər an həyatları üçün təhlükə olduğunu bildirir və müvafiq qurumlardan baş verə biləcək faciələrin qarşısını almaq üçün tədbirlər görülməsini tələb edirlər.

Həmin görüntüləri də təqdim edirik:



Qeyd edək ki, "Qarant İnşaat – 2012” MMC tikinti apardığı M. Sənani küçəsində salınan yaşıllığı da hasara alaraq məhv etdirir.  Sakinlərin sözlərinə görə, şirkətin əməkdaşları gündə bir agacı kəsərək, binanın inşasını davam etdirir. AzToday.az-a təqdim olunan görüntülərdən aydın olur ki, "Qarant İnşaat – 2012” MMC bu işi gizli həyata keçirərək, diqqət çəkməməyə çalışır.

"Google Map”dən əldə olunan görüntülər də bunu deməyə əsas verir.



Sakinlər hesab edir ki, Nərimanov rayon İcra Hakimiyyəti və sözügedən şirkət ərazidə dözülməz vəziyyət yaratmaqla onları əlverişsiz şərtlərlə evlərindən köçürmək istəyir. Bu prosesdə xüsusi fəallıq edən şəxsin Nərimanov rayon İcra Hakimiyyətinin birinci müavini Şahmar İbadov olduğu deyilir.

Xatırladaq ki, ötən ilin oktyabr ayının 20-də sakinlərin şikayəti əsasında AzToday.az xəbər portalı olaraq hadisə yerindən reportaj hazırlamışdı. Həmin reportajdan sonra Şahmar İbadov redaksiyamızla əlaqə saxlayıb bildirmişdi ki, M. Sənani küçəsi 39, mənzil 2 ünvanında yerləşən ABŞ vətəndaşı Mahir Əliyevin mülkiyyətində olan evinin təmir etdirəcəklər. Sözügedən ünvanda gördüklərimizdən bəlli oldu ki, nəinki ABŞ vətəndaşının, yararsız vəziyyətə salınan heç bir sakinin mənzili təmir edilməyib. Və sakinlər qışın soyuq günlərində dözülməz vəziyyətdə yaşamaqdadırlar.



Həmin zaman ABŞ vətəndaşı bildirmişdi ki, Nərimanov rayonu, M. Sənani küçəsi 39, mənzil 2 ünvanında aparılan söküntü işləri nəticəsində şəxsi mülkiyyətində olan evinin divarı və dam örtüyü bərbad hala salınıb: "Qarşıdan payız və qış ayları gəlir. Yağışlar başlasa su evin içinə dolacaq və ev daha artıq qəzalı vəziyyətə düşəcəkdir. "Qarant İnşaat – 2012” MMC-nin iş icraçısı Ruslan Mustafayev adlı şəxs evinin bünövrəsini qazdırıb. Əvvəllər Ruslan Mustafayev evimə gələrək, özünü Nərimanov rayon İcra Hakimiyyətinin əməkdaşı kimi təqdim etmiş və bu söküntü işlərinin Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın göstərişi ilə aparıldığını bildirmiş, ölkənin birinci xanımının əmri ilə hərəkət etdiyini demişdir. Bu ilin iyul ayında Bakıda olduğum zaman yaşanmaqda olan hərc-mərcliklə maraqlandım. Mənə məlum oldu ki, Mehriban xanım Əliyevanın baş verənlərlərdən heç bir xəbəri yoxmuş. Aldığım məlumata görə, bu özbaşınalığa havadarlıq edənlər özlərini iş adamları kimi təqdim edən Əmiraslan Cəfərov və Vəli Əsədovdur”.
 


Sakinlərlə söhbət zamanı məlum oldu ki, Prezidentin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi, şöbə müdiri Zeynal Nağdəliyev şikayətlərinin həll olunması üçün Nərimanov rayon İcra Hakimiyyətinə göstəriş veribmiş. Nərimanov rayon icra hakimiyyəti isə əvəzində Zeynal Nağdəliyevə yalan məlumat verərək problemin həll olunduğunu bildirib. Görünən budur ki, İcra Hakimiyyəti  və "Qarant İnşaat – 2012” MMC-nin rəhbərliyi merkantil maraqları naminə sakinləri əlverişsiz şərtlərlə sözügedən ünvandan köçürmək üçün bütün mümkün vasitələrdən istifadə edir…

Qlobal.az
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook