SON XƏBƏR

“Nərimanfilm” kinostudiyası “Caspian Energy Forum Baku-2017”nin partnyoru olub

Mart 28
18:54 2017
"Nərimanfilm” şirkəti bu il aprelin 12-də Bakıda keçiriləcək IV Beynəlxalq "Caspian Energy Forum-2017”nin (www.caspianenergyforum.com) partnyoru olub.
 
Bu barədə AZƏRTAC-a "Caspian European Club”dan (Caspian Business Club) bildirilib.
 
"Nərimanfilm” kinostudiyasının idarə heyətinin sədri Nəriman Məmmədov qeyd edib ki, şirkət CEIBC-nin fəaliyyətini, həyata keçirdiyi tədbir və forumları yüksək qiymətləndirir. Onun sözlərinə görə, ölkənin qeyri-neft sektorunu fəal şəkildə inkişaf etdirdiyi bir vaxtda bu cür forumlar keçirmək yolu ilə dövlətin atdığı addımları və həyata keçirdiyi iqtisadi islahatları dəstəkləmək az əhəmiyyət daşımır.
 
"Qeyd edilməlidir ki, "Brands of Azerbaijan” adı altında təşkil ediləcək forumun üçüncü sessiyası qeyri-neft sektoruna həsr olunub. Həmin sessiyada qeyd olunan sahə üzrə nazir və dövlət məmurlarının bugünkü aktual məsələlər və problemlərlə bağlı çıxış edəcəkləri gözlənilir. Məhz bu cür forumlar böyük miqdarda xarici investisiyaların cəlb edilməsi, biznes mühitinin yaxşılaşması və xarici şirkətlərlə yerli şirkətlər arasında əlaqələrin qurulması üzrə strategiyanın ayrılmaz mexanizmidir”, - deyə N.Məmmədov bildirib.
 
"Biz "Nərimanfilm” şirkətini partnyorlarımız sırasında görməkdən məmnunuq. Bu, klub və forumun iqtisadiyyatın müxtəlif sahələrindən olan şirkətləri özündə birləşdirmək iqtidarında olduğunu növbəti dəfə nümayiş etdirdi”, - deyə "Caspian European Club” (Caspian Business Club) və "Caspian American Club”un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev qeyd edib.
 
"Nərimanfilm” 1994-cü ildə müştərilərə və partnyorlara yaxşı məhsul və xidmət təqdim etmək məqsədilə təsis olunub və təcrübəli ssenariçi, rejissor, texnik və dizayner komandası yaradıb. "Nərimanfilm” həm peşəkar video və foto çəkilişləri, həm də seçilmiş biznes sa¬hələrində yeni texnoloji media qərarlarının tətbiqi üzrə qabaqcıl provayderlərdən biridir. Kino və video məhsulları istehsalı üzrə tam xidmət spek¬tri təklif edən şirkət "AZ Cinema Online” internet-kinoteatrına sahibdir.
 
"Bizim fikrimizcə, ən vacib məqam "Caspian Energy Forum-2017”yə Azərbaycan Prezidenti, "Caspian European Club” (Caspian Business Club) və "Caspian American Club”un sədri İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi islahatları dəstəkləyən və bu proseslərdə fəal iştirak edən hökumət nümayəndələrinin, nəhəng şirkət və təşkilat rəhbərlərinin qatılmasıdır. Biz Azərbaycan Prezidenti Administrasiyasına, xahişimizi müsbət cavablandıran və iqtisadi islahatların ilkin nəticələrinə həsr olunmuş foruma qatılmağa, həmçinin Azərbaycanda fəaliyyət göstərmək niyyətində olan şirkətləri narahat edən problemlərin, məsələlərin və təklifləri müzakirəsində spiker və iştirakçı qismində çıxış etməyə razılıq verən bütün hökumət üzvlərinə, nazirlərə, dövlət komitələrinin, dövlət agentliklərinin və dövlət şirkətlərinin rəhbərlərinə, təşəkkür edirik”, - deyə Telman Əliyev vurğulayıb.
 
"Caspian Energy Forum-2017”yə həmçinin avrokomissarlar, Azərbaycanın, Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin dövlət strukturlarının, nazirlik, komitə və qurumlarının rəhbərləri, ölkəmizdə akkreditə olunmuş diplomatik və beynəlxalq missiya nümayəndələri, eləcə də nəhəng beynəlxalq şirkətlərin başçıları qatılacaqlar. Ümumilikdə forumun işində dünyanın 50 ölkəsindən 500 deleqat iştirak edəcək.
 
Forum üç sessiyadan ibarət olacaq. Birinci sessiya həyata keçirilən iqtisadi islahatların ilkin nəticələrinə həsr olunacaq. İkinci sessiya Xəzər region dövlətlərinin neft-qaz və enerji sektorunun inkişafı, üçüncü sessiya isə qeyri-neft sektorunda (maliyyə, nəqliyyat, İKT, aqrosənaye və turizm) həyata keçirilən layihələr və onların dünya bazarlarında irəliləyişi mövzusunu əhatə edəcək.
 
IV Beynəlxalq "Caspian Energy Forum-2017”nin baş sponsoru "Azersun Holding”, sponsorları "Veysəloğlu” şirkətlər qrupu, "Cross Caspian Oil and Gas Logistics LLC”, "PolyMart” və "R.İ.S.K.” Elmi-İstehsalat Şirkəti, partnyorları "ASE EXPRESS & OCS, DSV”, "Azpetrol Ltd” MMC, "AzMetco” ASC, SİNAM və "Nərimanfilm” şirkətləridir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook