SON XƏBƏR

Nazirlik fermerlərə xəbərdarlıq etdi: Əkin sahələrini yandıranlar cərimələnəcək

İyul 24
15:57 2018
Son zamanlar fermerlər tərəfindən taxıl biçinindən sonra əkin sahələrinin yandırılması halları intensiv xarakter alıb.
 
Bu barədə Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Hüseynov bildirib. O, bunun səbəbinin fermerlərin şüurunda formalaşan yanlış təsəvvür olduğunu diqqətə çatdırıb:
 
"Belə addım atanlar hesab edir ki, biçindən sonra kövşənliyin yandırılması torpaq üçün faydalıdır. Yanmış kül doğrudan da torpaq üçün faydalıdır, amma torpağı yandıranda deyil, torpağa səpiləndə. Biçindən sonra əkin sahələrini yandıranlar anlamalıdır ki, yanğın zamanı təkcə küləş yanaraq kül olmur, yanğın bitki qalıqlarını, torpağın humus qatını, faydalı torpaq mikroflorası və mikrofaunasını məhv edir. Fermer kövşənliyi yandırarsa, növbəti il həmin sahədən əvvəlki qədər məhsul götürə bilməyəcək, çünki yanmış torpaqlar münbitliyini itirir, məhsuldarlıq avtomatik olaraq aşağı düşür".
 
Qurum rəsmisi bu tip yanğınların törədilməsinin qadağan edildiyini və bunu əməl etməyən şəxslərin qanunvericiliyə uyğun şəkildə cəzalandırılacağını vurğulayıb: 

"Fermerlərin nəzərinə çatdırırıq ki, əkinəyararlı torpaq sahələrinin münbitliyinin qorunması, ekoloji mühitə vurulan zərərin qarşısının alınması və kənd təsərrüfatında məhsuldarlığın yüksəldilməsi məqsədilə hələ ötən il torpaq qanunvericiliyinə dəyişiklik edilib, bu cür yanğınların törədilməsi QADAĞAN OLUNUB. İnzibati Xətalar Məcəlləsinə edilmiş əlavəyə əsasən əkin yerlərini yandıran fiziki şəxslər 400-600 manat, vəzifəli şəxslər 1500-2000 manat, hüquqi şəxslər isə 5000-6000 manat cərimə ediləcəklər". 
 
A.Hüseynov məsələ ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyinin maarifləndirmə işlərini davam etdirildiyini qeyd edib:
 
"Rayon (şəhər) Kənd Təsərrüfatı İdarələrinə Dövlət Fitosanitar Xidməti, Aqrolizing, Dövlət Texniki Nəzarət Xidmətinin yerli qurumları ilə birlikdə məhsul yığımından sonra əkin sahələrinin yandırılmasının qarşısını almaq məqsədilə kənd təsərrüfatı məhsulları istehsalçıları üçün mütəmadi maarifləndirici tədbirlər keçirmək tapşırılıb. Keçirilmiş maarifləndirmə tədbirləri barədə məlumatlar fasiləsiz olaraq Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinə ötürülür və təhlil olunur. Media nümayəndələrini biçindən sonra əkin sahələrinin yandırılmasına yol verməmək kimi son dərəcə mühüm əhəmiyyət kəsb edən məsələni mövzu olaraq diqqətdə saxlamağı xahiş edirik".
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook