SON XƏBƏR

Nazirlər Kabinetinin 2018 planları təsdiqlənib

Dekabr 01
12:12 2017
Nazirlər Kabineti 2018-ci il üzrə iş planını təsdiq edib. Qərar noyabrın 30-u baş nazir Artur Rasizadənin sədrliyi ilə keçirilən iclasda qəbul olunub.
 
Rəsmi məlumata görə, iclasda prezidentin 10 oktyabr 2017-ci il fərmanı ilə təsdiq edilmiş yeni iş qaydası ilə Nazirlər Kabinetinin növbəti ilin planlarının qabaqcadan tutulduğu vurğulanıb. Bu məqsədlə iclasda təkliflər müzakirə edilib və 2018-ci il üzrə iş planı qərarla rəsmiləşib.
 
Nazirlər Kabinetinin iş qaydası qurumun Azərbaycan Konstitusiyasında təsbit edilmiş və prezidentin aktları ilə ona həvalə olunmuş səlahiyyətlərin həyata keçirilməsinin təşkili qaydalarını müəyyən edir.
 
Qaydaya görə, baş nazir Nazirlər Kabinetinin işini təşkil edir, iclasları aparır. Nazirlər Kabinetinin iclasında prezident iştirak etdikdə sədrlik ona keçir.
 
Baş nazir məzuniyyətdə və ya ezamiyyətdə olduqda, yaxud səlahiyyətlərini müvəqqəti icra edə bilmədikdə onun səlahiyyətlərini baş nazirin birinci müavini, bu da mümkün olmadıqda baş nazirin müəyyənləşdirdiyi digər müavini icra edir.
 
Baş nazir prezidenti Nazirlər Kabinetinin işi barədə mütəmadi məlumatlandırmalıdır.
 
Nazirlər Kabineti hər il Milli Məclisin yaz sessiyasının beşinci iclasında öz fəaliyyəti haqqında hesabat verir. Milli Məclis qarşısında hesabatla baş nazir və ya onun birinci müavini, prezidentin tapşırığı olduqda isə Nazirlər Kabinetinin müvafiq üzvü çıxış edir.
 
Prezident fərmanı ilə təsdiqlənmiş əsasnaməyə görə, Nazirlər Kabinetinin Aparatı ali kateqoriyalı dövlət orqanıdır. Aparat Prezident Administrasiyası və mərkəzi icra hakimiyyəti orqanları ilə qarşılıqlı əlaqəli surətdə fəaliyyət göstərir.
 
Nazirlər Kabinetinin Aparatı bilavasitə baş nazirə və onun müavinlərinə tabedir. Aparat rəhbərini prezidentlə razılaşdırmaqla baş nazir təyin edir.
 
Prezidentin bu il avqustun 23-də imzaladığı fərmanla Nazirlər Kabineti Aparatının işçilərinin say həddi (İşlər İdarəsi istisna olmaqla) 200 ştat vahidi müəyyən edilib.
Nazirlər Kabinetinin Aparatı strukturu belədir:
 
Baş nazirin xidməti
 
Baş nazirin birinci müavininin xidməti
 
Baş nazirin müavinlərinin xidmətləri
 
Nazirlər Kabineti Aparatının rəhbərinin xidməti
 
Nazirlər Kabineti Aparatı rəhbərinin müavininin xidməti
 
Hüquq şöbəsi
 
Maliyyə və iqtisadiyyat məsələləri şöbəsi
 
Humanitar və sosial məsələləri şöbəsi
 
Beynəlxalq əlaqələr şöbəsi
 
Sənaye və energetika məsələləri şöbəsi
 
Neft və kimya məsələləri şöbəsi
 
Kənd təsərrüfatı məsələləri şöbəsi
 
Ekologiya məsələləri şöbəsi
 
Təhlükəsizlik və müdafiə məsələləri şöbəsi
 
Kommunikasiya, tikinti və kommunal təsərrüfatı məsələləri şöbəsi
 
Regionların inkişafı məsələləri şöbəsi
 
Beynəlxalq maliyyə təşkilatları ilə iş şöbəsi
 
Qaçqınların və məcburi köçkünlərin məsələləri şöbəsi
 
Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi
 
Mətbuat xidməti
 
İşlər İdarəsi.
 
Azərbaycan Konstitusiyasında Nazirlər Kabinetinin statusu prezidentin yuxarı icra orqanı kimi müəyyən olunub. Ana qanuna görə, ölkə prezidenti icra səlahiyyətlərinin həyata keçirilməsinin təşkili məqsədi ilə Nazirlər Kabineti yaradır. Prezidentə tabe olan, onun qarşısında cavabdehlik daşıyan qurumun əsas səlahiyyətləri dövlət büdcəsinin hazırlanması və icrası, maliyyə-kredit və pul siyasətinin, dövlət iqtisadi və sosial proqramlarının həyata keçirilməsi, nazirliklərə və digər mərkəzi icra hakimiyyəti orqanlarına rəhbərlikdir.
 
(Novator.az)
 
Qlobal.Az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook