SON XƏBƏR

Nazir Sahil Babayevə qarşı məhkəmə iddiaları qaldırılıb

Avqust 21
00:13 2018
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevi nazirliyin yeni işdən azad edilmiş bir qrup sabiq əməkdaşı məhkəməyə verib

Bu barədə Reyting.az-a Bakı 1 saylı İnzibati-İqtisad Məhkəməsindən məlumat daxil olub.

Məlumata görə, qanunsuz işdən çıxarıldıqlarını iddia edən bir qrup dövlət qulluqçusu məhkəmədən barələrində verilmiş azadolunma əmrinin ləğvini və işdən azad edildikləri tarixdən bərpa olunmalarına qədər itirilmiş əmək haqları və vurulan mənəvi zərərin kompensasiyasını tələb edirlər. Yaxın günlərdə məhkəmə proseslərinə start veriləcək.

Bildirilir ki, dövlət qulluqçusu statuslu işçilər "Dövlət qulluğu haqqında” qanuna görə, 5 il işlədikləri müəssisədə "toxunulmaz”dırlar. Yəni onlar ciddi nöqsana yol vermədikləri halda, rəhbərlik onlarla yollarını ayıra bilməz.

Lakin məhkəməyə şikayət edənlər ərizələrində qeyd edirlər ki, onları Kadrlar şöbəsinə və yaxud Aparat rəhbəri Anar Əliyevin qəbuluna çağırıb, məcburi şəkildə işdən çıxmaqla bağlı ərziələrini alıb, yaxud da şifahi xəbərdarlıq etməklə, əsassız olaraq işdən kənarlaşdırıblar.

Məhkəməyə müraciət edənlər arasında ƏƏSMN-in ötən ay ləğv edilən İqtisadiyyat şöbəsi ilə Kadrlar şöbəsinin bir neçə əməkdaşı da var.

Bu arada isə bəlli olub ki, ƏƏSMN-də işdən əsassız çıxarılanlar arasında digər şöbələrin də xeyli əməkdaşı təmsil olunur. Bundan başqa, Sahil Babayev nazirliyin "Sosial həyat” jurnalının fəaliyyətini də "dondurub”, nəticədə redaksiya heyəti də işsiz qalıb.

Bu barədə jurnalın baş redaktor müavini Əmrah Fəqanoğlu da sosial şəbəkədə yazıb.

Əmrah Fəqanoğlu statusunda jurnalın fəaliyyətinin dondurulduğunu və ştatının ixtisar olunmasını qeyd edərək, iyulun 31-dən işsiz qaldığını bildirib.

Reyting.az-ın əməkdaşı bununla bağlı onunla əlaqə saxlayıb, vəzifəsindən azad olunması və jurnalın niyə bağlanmasının səbəblərini öyrənmək istəyib.

Ə. Fəqanoğlu işdən azad olunması və "Sosial həyat” jurnalının bağlanma səbəblər haqda danışmaq istəməyib. Bildirib ki, nazir Sahil Babayev belə qərar verib və qərara hörmətlə yanaşır:

"Bəli, mən hazırda işsizəm. İşsiz kimi də, açığı, indi son bir ayın maaşını və nazirin təyin etdiyi əmək kompensasiya ödənişini gözləyirəm. Buna ciddi ehtiyacım var. Söz veriblər ki, nazirin tapşırığına əsasən, yaxın vaxtlarda ödəniləcək. Hələ ki, ümidimi itirməmişəm".

Ə. Fəqanoğlundan sonra jurnalın digər əməkdaşları ilə əlaqə saxlamaq istəsək də, buna nail ola bilmədik.

Haşiyə çıxaraq, xatırladırıq ki, Əmrah Fəqanoğlu peşəkar jurnalist olsa da, o, nazirin əmri ilə mayın 29-da ƏƏSMN-in İctimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini vəzifəsindən də çıxarılıb. Yerinə isə hazırda nazirliyin mətbuat katibi vəzifəsini icra edən Fazil Talıbov təyin edilib. Elə həmin ərəfədə də Ə. Fəqanoğlu "Sosial həyat" jurnalının baş redaktor müavini təyin olunub.

Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook