SON XƏBƏR

Nazir müavini: "2017-ci ildə İpək Yoluna üzv ölkələrlə ticarət dövriyyəsi 5,3 milyard dollar olub"

Mart 13
14:49 2018
Bakıda ATƏT Parlament Assambleyasının (PA) İpək Yoluna Dəstək Qrupunun "İpək Yolu boyunca iqtisadi əməkdaşlıq və mədəni əlaqələrin inkişaf etdirilməsində parlament üzvlərinin rolu” mövzusunda keçirilən beynəlxalq konfransın 1-ci paneli işinə başlayıb.
Musavat.com xəbər verir ki, 1-ci panel Qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın və ticari əlaqələrinin möhkəmləndirilməsi mövzusuna həsr olunub.
Çıxış edən iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov bildirib ki, ötən il Azərbaycan ərazisindən 10 milyon tondan çox yük daşınıb:
"Azərbaycanın tranzit imkanları dəfələrlə genişlənib. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verilib, Bakı-Böyük Kəsik dəmir yolunun əsaslı təmiri aparılır. 2015-ci ildə tranzit yükdaşımalar üzrə Koordinasiya Şurası yaradılıb. Bu, region ölkələri arasında əlaqələri gücləndirib. Həmçinin vahid tranzit taariflərinin tətbiqi istiqamətində işlər görülüb. Nəticədə, 2017-ci ildə Azərbaycandan keçməklə 25 min tır yük daşınıb”-deyə nazir müavini əlavə edib.
Onun sözlərinə görə, 2017-ci ildə ölkə ərazisindən 10 milyon tondan çox yük daşınıb və bu, 2016-cı ildəkindən 16 faiz çoxdur.
"Daşınan məhsulların 81 faizi neft və neft məhsulları, qalanları qeyri-neft məhsullardır. İpək Yolu layihəsi Orta Asiya ölkələrinin dünya bazarına çıxmasına, ölkəmizin logistika mərkəzinə çevrilməsinə səbəb olacaq. Azərbaycanın qonşu ölkələrlə ticarət əlaqələrinin, özəl şirkətlər arasında münasibətlərin inkişafına xüsusi diqqət yetirilir”.
N.Səfərov onu da bildirib ki, 2017-ci ildə İpək Yoluna üzv ölkələrlə ticarət dövriyyəsi 5,3 milyard dollar olub.
Daha sonra çıxış edən Rumıniyanın ATƏT PA-dakı nümayəndə heyətinin üzvü, ATƏT PA-nın vitse-prezidenti Viktor Paul Dobre bildirib ki, ATƏT Qara dəniz, Qafqaz və Orta Asiya regionları arasında iqtisadi əməkdaşlığın gücləndirilməsini vacib sayır:
"ATƏT-in daha çox təhlükəsizlik qurumu olmasını nəzərə alsaq, qanunun aliliyi və iqtisadi inkişaf eyni məsələnin iki üzüdür və ATƏT bu iki məqama xüsusi önəm verir. Biz Avropa İttifaqı və Avrasiya İttifaqı arasında münasibətlərin yaxşılaşdırılmasını zəruri hesab edirik. TANAP, TAP, Trans-Adriatik qaz kəmərləri layihələrini də yüksək dəyərləndirirəm. Bunlar Avropa üçün alternativ enerji mənbələridir. Xəzər dənizi və Qara dənizi arasında enerji nəqliyyat dəhlizində Rumıniyanın limanları vacibdir”.
Sonra söz Belarusun ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Boleslav Pirştuka verilib. O, Belarus və Çin arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini söyləyib: "Əsas odur ki, Avrasiya məkanında əməkdaşlıq üçün əlverişli şərait yaradaq. Belarus Avrasiya regionunda çox böyük nəqliyyat-logistika mərkəzi rolunu oynayır. Hər il Belarus ərazisindən 100 milyon tondan çox yük daşınır. Bu yüklərin 90 faizi Rusiya və Avropa arasında daşınan yüklərdir. Hazırda Belarusun nəqliyyat imkanlarının 40-45 faizindən istifadə edilir. Minsk yaxınlığında Belarus-Çin yüksək texnologiyalar parkı yaradılıb. Bu yüksək texnologiyalar parkına milyard dollara yaxın investisiya qoyulması niyyətləri ifadə olunur. İpək Yolu innovasiyalı iqtisadiyyatın yaradılması üçün də əlverişlidir. Yüksək texnologiyalar parkında bir çox vergi güzəştləri tətbiq olunur. Belarusun məqsədi biznes üçün ən əlverişli 30 ölkə sırasına daxil olmaqdır. Biz İpək Yoluna Dəstək Qrupu çərçivəsində əməkdaşlığın inkişafında maraqlıyıq".
1-ci panelin son çıxışını Avstriyanın ATƏT PA-dakı nümayəndə heyətinin üzvü Roman Hayder edib. O bildirib ki, Avstriya üçün iqtisadi əməkdaşlığın inkişafı prioritet məsələlər sırasındadır: "Avropa İttifaqı inteqrasiya prosesini nəzərə almalıdır ki, problemlərlə üzləşməsin. Biz əhalini təmsil etdiyimiz üçün məhz əhalinin maraqlarını önə çəkməliyik. Korrupsiyaya qarşı mübarizə, şəffaflığın artırılması vacibdir və ATƏT PA-dakı nümayəndə heyətləri istiqamətdə mühüm rol oynaya bilərlər".



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook