SON XƏBƏR

Naxçıvanda Xıdır Nəbi bayramı qeyd olunur - VİDEO

Fevral 10
15:11 2017
Naxçıvanda ən çox sevilən bayramlardan biri də Xıdır Nəbi bayramıdır. Rəvayətə görə Xızır peyğəmbər həmin gün yurdumuza gəlir, özü ilə istilik, yaz nəfəsi, elə şəfa gətirir. Bu Tanrının bu yurda olan lütfündən yaranmış inamdır.
 
AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktor müavini, AMEA-nın müxbir üzvü Qadir Qədirzadə deyir ki, Naxçıvanın bir sıra kəndlərində və Naxçvan şəhərində fevral ayında, yəni qışın oğlan çağında kiçik çillə tüğyan edən vaxt xalq arasında Xıdır Nəbi adlanan mərasim keçirilir. Etnoqrafik materiallara söykənərək demək olar ki, bayram kiçik çillənin onuncu günü, yəni fevralın 9-da qeyd olunur. Həmin mərasimlərdə məqsəd istiliyi çağırmaq, qışı yola salmaqdır.
 
Naxçıvanda Xıdır Nəbinin əsas simvolu qovurğa və qovut hesab edilir. Qovurğa ilə bərabər çətənə, küncüt, günəbaxan tumu, şabalıd, badam, noxud qovrulur. Qovrulmuş toxumlar qovurğa ilə qarışdırılır. Qarışığa iydə, kişmiş, mövüz və başqa çərəzlər də qatılır. Qovurğa kirkirədə çəkilir və qovut hazırlanır. Quru qovutu yemək çətin olduğundan ona doşab, şəkər tozu əlavə edib ovurlar.
 
Xıdır Nəbi günü oğlan evindən nişanlı qızlara, ata evindən təzə gəlinlərə pay aparmaq adəti də var.
 
Bundan başqa Xıdır axşamı şər qarışandan sonra oğlanlar əllərinə dəyənək və torba götürüb qapı-qapı gəzər və Xıdır Nəbiyə xalqın illərlə qəlbində yaşatdığı ən səmimi istəklərini bildirər, Xıdır adına pay yığarlar:
 
Xıdıra Xıdır deyəllər,
Xıdırın payın verəllər.
Mən Xıdırın nəyiyəm?
Ayağının nalıyam,
Xanım, ayağa dursana,
Yükün dalın açsana.
Torbanı doldursana,
Qonağı yola salsana.
 
Yalnız bu parçanı dedikdən sonra qapılar açılar və bayram payı verilər. Qovurğadan həyətdəki toyuq-cücəyə də atarlar ki, qışdan çıxmış toyuqlar tezliklə yumurta versinlər.
 
Qadir Qədirzadənin sözlərinə görə, bütün bunlar Xıdır Nəbi, Xıdır İlyasla bağlı xalq arasında olan adət və inamlardır. Elmi ədəbiyyatlarda, yazılı mənbələrdə Xıdır Nəbi ilə bağlı müxtəlif fikirlər mövcuddur. Lakin adətin Xızır peyğəmbərin şərəfinə keçirildiyi, ondan kömək umulduğu açıq - aydın görünməkdədir:
 
Xıdır Nəbi, Xıdır İlyas,
Bitdi çiçək, oldu yaz!
 
Hər bir xalqın adət-ənənələri onun milli dəyərləridir. Min illərin dərin qatlarından süzülüb gələn adət və ənənələrimizi, onlarla bağlı xalq mərasimlərini qorumaq, olduğu kimi gələcək nəsillərə çatdırmaq hər birimizin borcudur.
 
Qoy yaşanan hər günümüz bayram əhval-ruhiyyəli, bayram sevincli olsun.
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook