SON XƏBƏR

Naxçıvanda 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə “Naxçıvan qadınları müstəqillik illərində” mövzusunda tədbir keçirilmişdir

Mart 09
17:01 2016
Martın 7-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə "Naxçıvan qadınları müstəqillik illərində” mövzusunda tədbir keçirilmişdir.
 
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov əvvəlcə qadınların əl işlərindən, rəsm əsərlərindən, eləcə də qadınların müəllifi olduğu kitablardan ibarət sərgiyə baxmışdır. Məlumat verilmişdir ki, sərgidə 72 qadının 344 rəsm əsəri və əl işi nümayiş etdirilir. Yaradıcı qadınların müxtəlif əl işləri – xalçalar, toxuma, tikmə, dekorativ tətbiqi sənət, vitraj, yandırma üsulu ilə hazırlanmış bədii sənətkarlıq nümunələri, çəkdikləri rəsm əsərləri maraqla qarşılanmışdır. Burada 64 qadının müəllifi olduğu 131 elmi və bədii ədəbiyyat, həmçinin qadınlar haqqında yazılmış kitab və jurnallar da sərgilənirdi.
 


Sərgi ilə tanışlıqdan sonra keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək demişdir: Hər bir cəmiyyətin inkişaf səviyyəsi o cəmiyyətdə qadına olan münasibətlə sıx bağlıdır. Azərbaycanda qadın adı həmişə uca tutulmuş, böyük ehtiram göstərilmişdir. Hələ orta əsrlərdə Naxçıvanda və Qarabağlarda qadın adına layiq Möminə xatın və Quti xatın türbələri ucaldılmışdır. Bunlar bənzərsiz memarlıq abidələri olmaqla yanaşı, eyni zamanda qadına münasibətin nümunəsi idi.
 
Milli kimlik pasportumuz olan "Kitabi-Dədə Qorqud” dastanının qadın qəhrəmanları bu gün də mənəvi saflığın, sədaqətin və mərdliyin rəmzi hesab olunurlar. Belə nümunələr kifayət qədər çoxdur. Qəhrəmanlıqla dolu keçmişimizə nəzər salsaq, görərik ki, istər torpaqlarımızın müdafiəsində, milli dövlətçiliyin formalaşmasında və idarə olunmasında, istərsə də xalqımıza məxsus dəyərlər sisteminin yaşadılmasında xidmətləri olan qadınlarımıza hörmət və ehtiram əlaməti olaraq xatın, bəyim, banu və xanım kimi adlar verilərək ehtiram göstərilmişdir. Xalqımız üçün çox müqəddəs olan vətənin, torpağın və dilin ana vətən, ana torpaq, ana dili adlandırılması da Azərbaycan türklərində qadın, ana adına verilən yüksək qiymətin ifadəsidir.
 


Bütün bunları nəzərə alan ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, "Zahiri gözəlliyi ilə daxili aləminin paklığının vəhdət təşkil etdiyi, öz səbri, təmkini ilə səciyyələnən Azərbaycan qadını dəyanət və sədaqət rəmzinə çevrilmişdir. Onun şəninə dastanlar qoşulmuş, ona dahilər və qəhrəmanlar anası deyilmişdir. Tariximizin keşməkeşli səhifələrinə Azərbaycan qadını qayğıkeş ana, fitri istedada malik şair, möhkəm iradəli hökmdar, dərin zəkalı mütəfəkkir kimi öz adını həkk etdirmişdir”.
 
Qeyd olunmuşdur ki, bu gün müstəqil Azərbaycanda, eləcə də onun Naxçıvan Muxtar Respublikasında dövlət-qadın siyasəti özünün inkişaf mərhələsindədir. Qadınlarımız ölkə həyatının müxtəlif sahələrində yaxından iştirak edirlər. Bu, bir tərəfdən qadın fəallığı sahəsində çoxəsrlik tarixə söykənən zəngin ənənələrlə bağlıdırsa, digər tərəfdən həyata keçirilən dövlət-qadın siyasəti və yaradılan şəraitlə bağlıdır. İngilis filosofu Stuart Mill vaxtilə yazırdı ki, "bir sivilizasiyanın səviyyəsini ölçmək istəsəniz, orada qadının həyat şərtlərinə baxın”.
 
Həqiqətən də, ictimai münasibətlərin formalaşmasında, yeni nəslin tərbiyəsində, ailənin təməlinin möhkəmliyində qadınların müstəsna rolu vardır. Bu gün muxtar respublika əhalisinin 51 faizini təşkil edən qadınlarımız ana adını daşımaqla bərabər, həm də sahibkardırlar, dövlət qulluqçusu, həkim, müəllim, rəssam, sənətkar, deputat, beynəlxalq dərəcəli idmançılardır. Bütün bunlar onu göstərir ki, artıq muxtar respublika qadınları cəmiyyət həyatının bütün sahələrində uğurla təmsil olunurlar. Milli dəyərlərin qorunması istiqamətində də qadınlarımızın fəaliyyətləri məmnunluq doğurur. Müstəqillik illərində muxtar respublika qadınlarının əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilmiş, onların 139-u Azərbaycan Respublikasının, 117-si Naxçıvan Muxtar Respublikasının fəxri adlarına layiq görülmüşdür. "Azərbaycan qadınının ictimai həyatımızdakı dünənki, bugünkü mövqeyi dilimizə, vətənimizə, torpağımıza, dövlətimizə, milli dəyərlərimizə və Azərbaycançılıq məfkurəsinə sədaqət nümunəsi olmuş və gələcəkdə də olacaqdır!”, – deyən Ali Məclisin Sədri bütün bunlar üçün, eyni zamanda muxtar respublikanın ictimai-siyasi həyatında fəal iştirakına görə muxtar respublika qadınlarına təşəkkürünü bildirmiş, 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik etmişdir.
 

 
Sonra Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının təltiflərinin təqdimatı olmuşdur.
 
Qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 12 iyun tarixli Sərəncamı ilə səhiyyənin inkişafındakı xidmətlərinə görə Naxçıvan Muxtar Respublikasından 2 qadın Azərbaycan Respublikasının "Əməkdar tibb işçisi” fəxri adına layiq görülmüş, 2016-cı il 1 mart tarixli Sərəncamı ilə ölkəmizin ictimai həyatında səmərəli fəaliyyətinə görə 1 qadın "Tərəqqi” medalı ilə təltif olunmuşdur.
 
Həmçinin Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 7 mart tarixli Sərəncamı ilə muxtar respublikada səhiyyənin və təhsilin inkişafındakı xidmətlərinə görə 2 qadın Naxçıvan Muxtar Respublikasının "Əməkdar həkimi”, 1 qadın isə Naxçıvan Muxtar Respublikasının "Əməkdar müəllimi” fəxri adlarına layiq görülmüşdür.
 
Ali Məclisin Sədri "Tərəqqi” medalının, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarının vəsiqə və döş nişanlarını təqdim etmişdir. Təltif olunanlardan Gözəl Hüseynova, Vera Kuimova, Şəhla Əhmədova və Gültəkin Əliyeva əməklərinə verilən yüksək qiymətə görə minnətdarlıq etmişlər.
 
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova tədbirdə çıxış edərək demişdir ki, son illər muxtar respublikada qadınların ictimai fəallığının yüksəldilməsi, eləcə də ahıl, tənha, xüsusi qayğıya ehtiyacı olan qadınların həyat şəraitlərinin yaxşılaşdırılması məqsədilə zəruri tədbirlər görülür. Bu gün qadınlar dövlət quruculuğunda, ictimai həyatda fəal iştirak edir, muxtar respublikamızın sosial, elmi və mədəni inkişafına öz töhfələrini verirlər.
 
Hazırda muxtar respublika qadınlarından 1-i Milli Məclisin, 7-si Ali Məclisin deputatı, 13-ü bələdiyyə sədri, 15-i sahibkar, 22 minə yaxını Yeni Azərbaycan Partiyasının üzvüdür. 20 mindən artıq qadın səhiyyə, mədəniyyət, təhsil sahələrində, o cümlədən dövlət qulluğunda və özəl müəssisələrdə çalışır. 7 mindən çox qadın idmanın müxtəlif növləri ilə məşğul olur. Ramilə Seyidova yaradılan şəraitə görə muxtar respublika qadınları adından Ali Məclisin Sədrinə minnətdarlıq etmişdir. Tədbirin bədii hissəsində Naxçıvan şəhər 3 və 11 nömrəli uşaq bağçalarının uşaqlarının ifasında kompozisiya təqdim olunmuş, Naxçıvan Dövlət Filarmoniyasının kollektivi konsert proqramı ilə çıxış etmişdir.
 
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti
 
Qlobal.az
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook