SON XƏBƏR

Naftalan ŞİH-nin başçısı 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına dair hesabat verdi

Fevral 27
17:39 2017
Naftalan şəhərinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə dair şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanovun Hesabatı
 
Bildiyiniz kimi yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir. Möhtərəm Prezidentimiz dərin məzmunlu giriş və yekun nitqləri söyləmiş, 2016-cı ildə respublikamızda görülmüş işləri, əldə olunmuş uğurları və qarşıda duran vəzifələri geniş təhlil etmişdir. Ölkə başçısının qeyd etdiyi kimi, 2016-cı ildə dünyada və yaşadığımız regionda təhlükələr, risklər, təhdidlər artmış, qanlı münaqişələr, müharibələr davam etmiş, yeni münaqişə ocaqları yaranmışdır. Bir sözlə, yaşadığımız bölgədə sabitlik pozulmuşdur və iqtisadi inkişafla bağlı vəziyyət ağırlaşmışdır. 2016-cı ildə dünyanın müxtəlif yerlərində təhlükəli proseslər müşahidə olunmuşdur. O ki qaldı, bizim ölkəmizə - Azərbaycan 2016-cı ildə öz inamlı inkişafını davam etdirmişdir, ölkəmizdə təhlükəsizlik tədbirləri təmin edilmişdir, Azərbaycan xalqı sülh, əmin-amanlıq şəraitində yaşamışdır və yaşayır. Bu gün ölkəmiz dünya miqyasında sabitliyi ilə seçilən ölkələrdən biridir. Artıq tarix və ətrafda baş verən hadisələr göstərir ki, bizim seçdiyimiz yol yeganə düzgün yoldur. Bu, müstəqillik yoludur, sabitlik, inkişaf yoludur.
 
2016-cı ildə ölkə qarşısında duran demək olar ki, bütün əsas vəzifələr təmin edildi. Bildiyiniz kimi, Azərbaycan neftlə zəngin olan digər ölkələr kimi, neftin qiymətinin aşağı düşməsindən əziyyət çəkirdi. Ancaq neft ixrac edən bütün ölkələrin addımlarına nəzər salsaq görərik ki, Azərbaycan o ölkələrdəndir ki, bu böhranlı vəziyyətdən də uğurla çıxa bilmişdir. Neftlə zəngin olan bir neçə başqa ölkə var ki, bizim kimi bu vəziyyətdən uğurla çıxa bilmişdir. Neftin qiyməti isə 3-4 dəfə aşağı düşmüşdür. Bütün çətinliklərə, itkilərə baxmayaraq, biz iqtisadi sabitliyimizi qoruya bildik, bu ağır vəziyyətdən şərəflə çıxa bildik.
Ölkə başçısı əminliklə qeyd etmişdir ki, ölkəmiz 2017-ci ildə uğurla inkişaf edəcək. Bütün sosial proqramlar icra ediləcək və iqtisadi inkişafla bağlı çox önəmli addımlar atılacaq.
 
Ölkəmizdə aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində kurort şəhəri olan Naftalanda da hərtərəfli inkişaf üçün mühüm işlər görülmüş, qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi sayəsində həm sosial, həm də iqtisadi sahələrdə önəmli nəticələr əldə edilmiş və iqtisadi inkişaf 2016-cı ildə təmin edilmişdir. Həmçinin 2016-cı il şəhərin iqtisadi həyatında uğurlu və önəmli bir il kimi yadda qaldı. Belə ki, 2016-cı ildən Naftalan şəhəri xərclərini öz gəlirləri hesabına təmin edən rayon və şəhərlərin sırasına daxil edilmişdir. Buna isə Naftalan öz turizm potensialı, eləcə də dünyada  tanınan kurort, sanatoriya və sağlamlıq mərkəzlərindən gələn gəlirlər hesabına nail olmuşdur.
 

              
01 yanvar 2017-ci il tarixə şəhər əhalisinin sayı 9.97 min nəfər olmuşdur. 62 nikah, 22 boşanma halı qeydə alınmış, doğulanların sayı 149 nəfər, ölənlərin sayı isə 54 nəfər, təbii artım 95 nəfər olmuşdur. Şəhərə gələnlərin sayı 26 nəfər, şəhərdən gedənlərin sayı 6 nəfər, əhalinin miqrasiya artımı +20 nəfər təşkil etmişdir.
             
2016-cı ildə şəhər üzrə  ümumi məhsul buraxılışı 18 mln 116.7 min manat, iqtisadiyyatın aparıcı sahəsi olan sənaye məhsulu xidmətlərinin həcmi keçən illə müqayisədə 16.8 faiz artaraq 1 mln 960.7 min manat təşkil etmişdir. Əhaliyə 299.6 min manatlıq nəqliyyat xidməti göstərilmiş, əhalinin həyat səviyyəsini xarakterizə edən əsas göstəricilərdən biri olan  pullu xidmətlərin həcmi 10 mln 700.5 min manat olmuşdur. Pərakəndə əmtəə dövriyyəsinin 2.5 faiz artaraq                  
19 mln 912.8 min manat, bir işçiyə hesablanmış orta aylıq əmək haqqı isə 262.1 manat, hüquqi və fiziki şəxslərə göstərilən informasiya və rabitə xidməti isə 2 faiz artaraq 188.8 min manat təşkil etmişdir. Ümumi məhsul buraxılışının həcmində kənd təsərrüfatı məhsulunun payı ötən illə müqayisədə 4.7 faiz artaraq 2 mln 73.4 min manat, tikinti sahəsi isə 7 mln 321.7 min manat təşkil etmişdir.
 
Şəhərin büdcəsi yerli gəlirləri hesabına 3 mln 769,7 min manat, xərcləri isə 3 mln 585,3 min manat olmuşdur. Yerli mənbələrdən gəlir üzrə daxil olma 100,5  faiz olmuşdur.
             
"Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə uyğun olaraq şəhər İcra Hakimiyyətində yerli büdcədən maliyyələşən təşkilatlara ayrılan vəsaitin təyinatı üzrə xərclənməsinə nəzarət edilməsi məqsədilə yaradılmış komissiya tərəfindən bu sahəyə nəzarət artırılmışdır.
           
Aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi diqqət mərkəzində saxlanılmış, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafə Fondunun şəhər şöbəsi tərəfindən 629 ailəyə ünvanlı dövlət sosial yardım və sosial müavinət ödənilmişdir. Bir ailəyə düşən ÜDSY məbləği 145 manat təşkil etmişdir. Cəzaçəkmə müəssisələrindən azad olunmuş 8 nəfərə və 10 Çernobıl əlilinə birdəfəlik müavinət verilmişdir. Mərkəzin sosial xidmət işçiləri tərəfindən 48 nəfər tənha ahıl və əlil vətəndaşa evlərində müvafiq xidmətlər göstərilmişdir. 44 nəfər əlilə istirahət və müalicə üçün sanatoriya-kurort yollayışı verilmişdir. Bundan başqa Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 1 nəfər şəhid ailəsinə fərdi yaşayış evi inşa edilmişdir.  
 
Həmçinin şəhər İcra Hakimiyyəti tərəfindən şəhərdə olan tənha ahıllara, əlillərə, veteranlara Novruz, Ramazan, Qurban və digər bayramlarda müvafiq yardım edilmişdir. Ümumiyyətlə bu kateqoriyadan olan vətəndaşların problemləri ilə daha yaxından tanış olmaq və həmin problemlərin həlli məqsədilə onlarla şəhər İcra Hakimiyyətində görüşlər təşkil edilmişdir. Bundan başqa Naftalan hotel Qaşaltı tərəfindən sağlamlıq imkanları məhdud uşaqlar üçün bayram tədbiri təşkil olunmuşdur.
             
Hesabat dövründə 114 nəfərə müvafiq kateqoriyalar üzrə pensiya təyinatı aparılmış, ümumilikdə şəhər üzrə 1484 nəfər pensiyaçıya xidmət göstərilmişdir. Sığorta edənlərdən daxilolma 1 mln 169 min manat təşkil etmiş, o cümlədən sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən 55,7 min manat vəsait daxil olmuşdur. Proqnoz tapşırıqları 65,5 faiz icra olunmuşdur. 2015-ci ilə nisbətdə 197,4 min manat az vəsait yığılmışdır ki, bunun da əsas səbəbi 3 hüquqi şəxsin qeydiyyat ünvanını dəyişməsi olmuşdur. Pensiya, müavinət və sosial yardımlar vaxtlı-vaxtında ödənilməklə 3 mln 386,4 min manat vəsait xərclənmiş, əhaliyə pensiya və müavinət  ödənişi üzrə borc qalmamışdır.   
 
Eyni zamanda ölkə başçısının tapşırığına uyğun regionlarda işsizliyin azaldılması və maddi imkanları aşağı olan aztəminatlı əhalinin mənzil probleminin həlli üçün bütün şəhər və rayonlarda sosial mənzillərin tikintisinə başlanılacaqdır. O cümlədən Naftalan şəhərində də sosial mənzillərin inşası nəzərdə tutulmuşdur.
2016-cı ilin fevral ayından ayrı-ayrı sahələr üzrə 149 yeni iş yeri açılmış və 146 nəfər işlə təmin olunmuşdur. Məşğulluq Mərkəzi tərəfindən 25 nəfərə işsizlik statusu təyin olunmuşdur. İyun ayında keçirilən əmək yarmarkasında 30 nəfər işaxtaran vətəndaş daimi işlə təmin olunmuşdur. Ötən il ərzində Məşğulluq Mərkəzinə 564 nəfər qeyri-məşğul şəxs müraciət etmiş, onlardan 257 nəfəri ixtisasına və peşəsinə uyğun işlə təmin edilmişdir.
 
     
 
İşsizliyin azaldılması daim diqqət mərkəzində saxlanılmalıdır. Bu səbəbdən də Məşğulluq Mərkəzi idarə, müəssisə və təşkilatlarla  daha sıx işgüzar əlaqələr qurmalı, idarə, müəssisə və təşkilatlar da boş iş yerləri haqqında məlumatları müntəzəm olaraq Mərkəzə təqdim etməlidirlər. Eyni zamanda Məşğulluq Mərkəzi vətəndaşlara vakant iş yerlərinə göndəriş verdikdə uzun müddət qeydiyyatda olan vətəndaşları nəzərə almalı, birinci növbədə onlara iş yerləri təklif etməlidir.
Bu gün də işsizliyin aradan qaldırılması, yeni iş yerlərinin açılması məqsədilə sahibkarlarla birgə əlavə tədbirlər görülür. Şəhərdə aparılan abadlıq, quruculuq, tikinti işlərində onlarla insan müvəqqəti işlə təmin olunmuş və bundan sonra da əhalinin işlə təmin olunması istiqamətində müvafiq tədbirlər  görüləcəkdir.
Şəhər əhalisinin və şəhərin ərazisində fəaliyyət göstərən sahibkarları narahat edən problemlərin aradan qaldırılması və operativ qaydada həlli məqsədilə Şəhər İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə 8 nəfərdən ibarət xüsusi qərargah yaradılmış və qaynar xətt xidməti təşkil olunmuşdur. Qərargaha bugünədək müraciət daxil olmamışdır. Eləcə də sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslər tərəfindən özlərinin sahibkarlıq fəaliyyəti ilə bağlı yerli icra hakimiyyəti orqanının sərəncamından, əmrindən, hərəkət və ya hərəkətsizliyindən verilmiş təkrar şikayətlərə baxılması məqsədi ilə şəhər İcra Hakimiyyətində fəaliyyət göstərən Apellyasiya Şurası yaradılmışdır. Apellyasiya Şurasının və Şuranın Katibliyinin fəaliyyətinin effektiv qurulması, sahibkarların müraciətlərinə baxılması işində səmərəliliyin təmin edilməsi ilə bağlı məsələlər ətrafında geniş fikir mübadiləsi aparılması və qarşıda duran vəzifələrin müzakirəsi məqsədilə iclaslar təşkil olunmuşdur.
 
Şəhərdə əmək qabiliyyətli hər bir şəhər sakini və sahibkar qanunla nəzərdə tutulmuş şəkildə öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək azad sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Sahibkarların mənafeyinin müdafiə edilməsinin nəticəsidir ki, ötən dövr ərzində Apellyasiya Şurasına heç bir müraciət daxil olmamışdır.
               
Dövlət xidmətlərinin vətəndaşlara daha rahat və yeni üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunması məqsədilə mart, aprel və noyabr aylarında Naftalan şəhərində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Gəncə "Səyyar ASAN xidmət” mərkəzinin əməkdaşları tərəfindən 4000-dən artıq vətəndaşa  səyyar formada xidmət göstərilmişdir. Ümumilikdə 30-a yaxın xidmət göstərilmişdir. Məlumat verim ki, 01.05.2017-ci il tarixdən 30.05.2017-ci il tarixədək şəhərdə yenə də xüsusi avtobus vasitəsilə səyyar formada xidmətlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.
             
İctimai-siyasi tədbirlərin hazırlanıb keçirilməsinə xüsusi fikir verilmiş, humanitar sahədə bir çox işlər həyata keçirilmişdir. Təhsil müəssisələrinə diqqət nəzarətdə saxlanılmış, tədrisin keyfiyyətinin yaxşılaşdırılması məqsədilə bir sıra işlər görülmüşdür. Şəhər İcra Hakimiyyəti tərəfindən məktəblərdə davamiyyətə və dərs prosesinin gedişatına mütəmadi olaraq nəzarət edilmişdir. Tam orta məktəblərdə yeni dərs ili ilə əlaqədar məktəblərin maddi-texniki bazası gücləndirilmiş, 2016-2017-ci tədris ilndə 321 adda 6935 ədəd kitab məktəblilərə və müəllimlərə paylanmışdır. Həmçinin şəhər Təhsil Şöbəsinin təsdiq etdiyi Tədbirlər Planına əsasən tədris ili ərzində məktəblərarası toplantılar, rəsm, inşa, bilik, mahnı müsabiqələri və yarışlar təşkil olunmuşdur.
Ümumtəhsil məktəblərinin I sinifinə 172 uşaq qəbul olunmuş, onlardan 27-si "Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları”na uyğun olaraq vaxtından əvvəl I sinifə qəbul olunmuşdur.
           
"Ölkəmizi tanıyaq” devizi ilə keçirilmiş növbəti maarifləndirici tur-aksiyada İsmayıllı-Qəbələ-Şəki, Quba, Qusar və Xaçmaz marşrutu üzrə Naftalan məktəbliləri də iştirak etmiş, ekskursiya zamanı onlar istirahət etməklə yanaşı, regionların tarixi, mədəniyyəti və sosial-iqtisadi inkişafı ilə tanış olmuşlar.
Naftalan şəhər İ.Nəsimi adına 1 nömrəli tam orta məktəbin şagirdi Bakıda keçirilmiş "Kitabi-Dədə Qorqud” və "Fridrix fon Dits-200” mövzusunda beynəlxalq şagird konfransında fəal iştirakına görə Bilik Fondu tərəfindən müxtəlif dərəcəli mükafatlarla təltif olunmuşdur. Həmçinin Təhsil Nazirliyi tərəfindən keçirilmiş Ulu Öndər Heydər Əliyevə həsr olunmuş "Ən yaxşı təqdimat” müsabiqəsində yaxşı nəticə göstərərək II dərəcəli diplomla təltif edilmiş şagirdlərdən biri də Naftalan məktəbinin yetirməsidir. Şəhərimizin təhsil sahəsindəki uğurlarında əzmkar, öz işinə məsuliyyətlə yanaşan müəllimlərimizin əməyi danılmazdır. Məhz bu cür əməli fəaliyyətin nəticəsidir ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təhsilin inkişafında xidmətlərinə görə "Əməkdar müəllim” fəxri adına layiq görülmüş müəllimlərdən biri də Naftalan şəhər məktəbinin müəllimidir.
 
Əlbəttə bütün bunlar bizi sevindirir, lakin əldə olunmuş müəyyən uğurlara baxmayaraq 2015-2016-cı tədris ilində XI sinif şagirdləri üzrə buraxılış və məzunların ali məktəblərə qəbul  imtahanlarının nəticələri ötən tədris ili ilə müqayisədə aşağı səviyyədə olmuşdur. Buna görə Təhsil şöbəsinin rəhbərliyi ümumtəhsil məktəbləri rəhbərlərinin məsuliyyətini artırmaqla tədrisin keyfiyyətinin yüksəldilməsi üçün ciddi  tədbirlər həyata keçirməli, məzunların ali məktəblərə qəbulu sahəsində yüksək nəticələr əldə etməlidir.
 
Məlumdur ki, dövlət tərəfindən gələcəyimiz olan uşaqlara xüsusi diqqətlə yanaşılır. Onların sağlam, bilikli, savadlı  olmaları üçün dövlət tərəfindən mühüm işlər görülür. Son illərdə paytaxtla yanaşı, bölgələrimizdə də bir çox uşaq tərbiyə və təhsil müəssisələrində əsaslı təmir və yenidənqurma işləri aparılmış, yeni uşaq bağçaları tikilmişdir. O cümlədən şəhərimizdə də fəaliyyət göstərən Körpələr evi-uşaq bağçasında uşaqların təlim-tərbiyəsi və gələcəyin sağlam vətəndaşları kimi yetişmələri üçün hər cür şərait yaradılmışdır. Lakin hazırda məktəbəqədər yaşlı uşaqların sayının çox, yalnız 280 nəfər uşağın bağçaya cəlb olunma imkanı olduğundan şəhərdə yeni məktəbəqədər təhsil müəssisəsinin tikintisinə ehtiyac vardır. Bununla əlaqədar şəhər İcra Hakimiyyəti tərəfindən aidiyyəti orqanlara müraciət edilmiş və şəhərdə yeni Körpələr evi-uşaq bağçasının tikintisi məsələsi "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda öz əksini tapmışdır.
 
Hesabat dövründə şəhərin mədəni həyatı da zənginləşmişdir. Xüsusən mühüm tarixi hadisələrə, bayramlara həsr olunmuş tədbirlər əhatə və təsir dairəsinə görə fərqlənmişdir. Naftalan şəhər Uşaq Musiqi məktəbinin müəllim və şagird kollektivi tərəfindən bayram günlərində şəhər sakinlərinin, eləcə də istirahət və müalicəyə gələn qonaqların asudə vaxtlarını səmərəli keçirmələri üçün konsert proqramları təşkil olunmuşdur. Şəkidə keçirilən Beynəlxalq şirniyyat festivalında ən yaxşı qənnadı məmulatı nominasiyası üzrə Naftalan qənnadıçıları II yeri tutmuşlar.  
 
                                                                              
Uşaq Musiqi məktəbinin fortepiano şöbəsinin şagirdi aprel ayında keçirilmiş Qara Qarayev adına "Təhlil və ifa edir gənc musiqiçilər” III Respublika Elmi-İfaçılıq Müsabiqəsində uğurlu çıxışına görə" III Respublika müsabiqəsi laureatı” adına layiq görülmüşdür.
 
Hazırda şəhər mədəniyyət müəssisələri şəraiti olmayan uyğunlaşdırılmış binalarda fəaliyyət göstərir ki, bu da  mədəniyyət sahəsinin daha da inkişafına mane olur. Eyni zamanda şəhərə gələn turistlər, eləcə də şəhərlə, naftalan nefti ilə tanış olmaq istəyən fəxri qonaqlar Naftalana daxil olarkən ilk olaraq buradakı "Çəlik muzeyi”ni soruşur və muzeylə tanış olmaq istədiklərini bildirirlər. Lakin, muzeyin binası olmadığından və hazırda fəaliyyət göstərdiyi uyğunlaşdırılmış binanın da tamamilə yararsız vəziyyətdə olduğundan təəssüf ki, qonaqları oraya aparmaq mümkün olmur. Bu səbəbdən də şəhərdə mədəniyyət obyektlərinin tikintisinə çox böyük ehtiyac yaranmışdır. Qeyd olunanları nəzərə alaraq şəhər İcra Hakimiyyəti tərəfindən müvafiq tədbirlər görülmüş və inanırıq ki, yaxın gələcəkdə regionların sosial-iqtisadi inkişafı dövlət proqramına uyğun olaraq bu məsələ öz həllini tapacaqdır.
 
2016-cı il ərzində yeniyetmə və gənclərlə işin təkmilləşdirilməsi, təşkili və idmanın inkişaf etdirilməsi istiqamətində müəyyən işlər görülmüşdür. Şəhərdə ayrı-ayrı idman növləri üzrə müxtəlif yaş qrupları arasında idman yarışları keçirilmiş, bu dövrdə şəhərimizin gənc idmançıları müxtəlif respublika və zona  turnirlərində uğurlu çıxış etmişlər.
 
Naftalan şəhər Gənclər və İdman idarəsinin nəzdində fəaliyyət göstərən Uşaq-Gənclər İdman məktəbinin 2 idmançısı Respublika Olimpiya İdman Liseyinə qəbul olmuşdur. İrəli İctimai Birliyinin təşkilatçılığı ilə "Azərbaycanın İntellektual Birincisi" layihəsi çərçivəsində Gəncə-Qazax iqtisadi rayonu üzrə Şəmkir şəhərində keçirilən zona yarışında şəhərimizin gəncləri Nə? Harda? Nə zaman? və "Xəmsə" Millli İntellektual oyunu üzrə II yeri, "Vətəni Tanı" Oyunu üzrə isə III yeri qazanmışlar. Bundan başqa şəhərimizin qızlardan ibarət futbol komandası AFFA-nın təşkilatçılığı ilə keçirilən qərb regionu üzrə U-13 qızlar liqasında uğurlu çıxış edərək turnirin ilk dövrəsinin lideri olmuşlar. İdmançılarımıza gələcək oyunlarda uğurlar arzulayırıq.
           
Səhiyyə müəssisələri tərəfindən əhaliyə göstərilən tibbi xidmətin səviyyəsinin yüksəldilməsi, sanitar-gigiyenik vəziyyətə müntəzəm nəzarət edilməsi, əhali arasında infeksion, parazitar xəstəliklərin, qida zəhərlənmələrinin qarşısının alınması istiqamətində işlər davam etdirilmiş, bir sıra zəruri tədbirlər görülmüşdür. Xəstəxananın nəzdində fəaliyyət göstərən stomatologiya, rentgen kabineti, laboratoriyalar lazımi avadanlıqlarla və dərman preparatları ilə təchiz olunmuşdur. Hesabat dövründə 350 nəfər imtiyazlı xəstə hər ay güzəştli dərman preparatları ilə təmin edilmişdir.
 
Prezident cənab İlham Əliyevin tapşırığına əsasən, respublikamızın hər yerində olduğu kimi, Naftalan şəhərində də əhalinin tibbi müayinədən keçirilməsi yüksək səviyyədə təşkil olunmuşdur. Xəstəxanaya gələ bilməyən yaşlı və əlil insanlara evlərində tibbi xidmət göstərilməsi  məqsədilə həkimlərdən ibarət səyyar briqadalar yaradılmışdır. Sağlamlıq aksiyasının mütəşəkkil keçirilməsi məqsədilə ətraf rayonlardan peşəkar həkimlər də cəlb olunmuşdur. Fevral-may aylarında 7000 nəfərə yaxın vətəndaşın müayinələrdən keçməsi təmin olunmuş, müayinələr zamanı xəstəlik aşkar edilənlərdən 358 nəfərinə ambulator, 85 nəfərinə isə stasionar müalicə təyin olunmuşdur. 2 nəfər müalicə üçün Bakı şəhərinə göndərilmişdir. 
 
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu nəzdində Mərkəzi Qan Bankının təşəbbüsü ilə talassemiyadan əziyyət çəkən uşaqlar üçün iyul ayında keçirilən qanvermə aksiyasına şəhərin idarə, müəssisə və təşkilatlarının kollektivi, hüquq mühafizə orqanlarının əməkdaşları, eləcə də şəhər sakinləri həvəslə qoşulmuş və 60 nəfərdən qan analizi götürülmüşdür
           
Məlumdur ki, şəhər Xəstəxanası uyğunlaşdırılmış binada fəaliyyət göstərir. Ötən il əhaliyə göstərilən tibbi xidmətin yeni tələblər səviyyəsinə çatdırılması məqsədilə şəhərdə yeni xəstəxananın tikintisi işləri gecikdirilməklə aparılmışdır. Bunu nəzərə alaraq şəhər xəstəxanasının baş həkimi tikinti işlərinin sürətləndirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirməlidir.
 
Gigiyena və Epidemiologiya Mərkəzinin mütəxəssisləri tərəfindən mütəmadi olaraq məktəblərdə, körpələr evi-uşaq bağçasında sanitar-gigiyenik müayinələr aparılmışdır. Profilaktik peyvəndlərin yerinə yetirilməsi təmin edilmişdir. Çoxmənzilli yaşayış binalarının zirzəmisində dezinfeksiya işləri aparılmışdır. Şəhər Kommunal Təsərrüfatı İstehsalat Birliyi nümayəndəsinin iştirakı ilə məişət tullantıları yığılan qutulara və poliqona baxış keçirilmiş, poliqonun vəziyyəti sanitar-gigiyenik nöqteyi-nəzərdən qeyri-qənaətbəxş olduğu üçün KTİB rəhbərliyinə xəbərdarlıq edilmişdir. Şəhərdə içməli su üzərində də ciddi sanitariya nəzarəti həyata keçirilmiş, əhaliyə verilən içməli su anbarlarında il ərzində  bakterioloji və kimyəvi müayinələr aparılmışdır. Bunun nəticəsidir ki, su faktoru ilə əlaqədar heç bir infeksiyon xəstəlik qeydə alınmamışdır.
 
Dezinfeksiya şöbəsi də şəhər ərazisində aparılan profilaktiki tədbirləri gücləndirməli, təşkilatlarda maarifləndirmə işləri aparmalı və onlarla müqavilə bağlanmasına nail olmalıdır.
           
Nazirlər Kabinetinin iclasında Prezident cənab İlham Əliyev istehlak qiymətlərinə ciddi nəzarət edilməsini tapşırmış və bildirmişdir ki, süni bahalaşma hallarına yol verilməməli, burada çox ciddi cəza tədbirləri görülməlidir. Ölkə başçısının bu istiqamətdə tapşırıqlarının icrasını təmin etmək məqsədilə Naftalan Şəhər İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə Naftalan şəhəri üzrə istehlak bazarında baş verə biləcək sui-istifadə halları və süni qiymət artımı cəhdlərinin qarşısının alınması məqsədilə yaradılmış komissiya tərəfindən şəhərdəki ticarət obyektlərində, pərakəndə satış mağazalarında və mərkəzi bazarda reydlər keçirilmiş, sahibkarlara, həmçinin satış üzrə digər məsul şəxslərə süni qiymət artımına yol verilməməsi ilə bağlı müvafiq tövsiyələr verilmiş, onlara sahibkar olaraq məsuliyyət daşıdıqları bildirilmişdir. Bu məsələyə bundan sonra da ciddi nəzarət ediləcəkdir. Təbii ki, hökumətin bu sahədə həyata keçirdiyi bütün işlərin başlıca məqsədi ondan ibarətdir ki, Azərbaycanda qiymətlərin artımının qarşısı mümkün qədər alınsın və bu, insanların həyat, yaşayış səviyyəsinə ciddi şəkildə təsir etməsin.
           
Əhalinin etibarlı ərzaq məhsulları ilə təminatının yaxşılaşdırılması məqsədilə kənd təsərrüfatının ayrı-ayrı sahələrinin inkişaf etdirilməsinə səy göstərilmiş və əkinçilik sahəsində müsbət irəliləyişlər əldə olunmuşdur. Ötən il Qaşaltı Qaraqoyunlu və Qasımbəyli kəndlərində 175,38 ha əkin sahəsindən 457 ton arpa və buğda istehsalına nail olunmuşdur. Həmçinin dövlət tərəfindən kənd təsərrüfatı istehsalçılarına dövlət dəstəyi ötən ildə davam etdirilmiş, 126 kənd təsərrüfatı  istehsalçısına əkin sahəsinin becərilməsində istifadə etdikləri yanacaq və motor yağlarına görə 11,301 min manat məbləğində yardım verilmişdir.
 
Əkinə yararlı torpaqların genişləndirilməsi, eləcə də kənd təsərrüfatının daha da inkişafı məqsədi ilə əkin və həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması üçün yeni artezian quyularının qazılmasına ciddi ehtiyac vardır.
        
Azərbaycan Respublikası Prezidentinin imzaladığı dövlət proqramlarından, fərman və sərəncamlarından irəli gələn vəzifələrin reallaşması nəticəsində ölkənin bütün bölgələri kimi, Naftalan şəhərində də bütün sahələrdə müsbət dəyişikliklər əldə edilmişdir. 2014-2018-ci illəri əhatə edən regional Dövlət Proqramının Naftalan şəhəri üzrə nəzərdə tutulmuş bəndləri aşağıdakılardan ibarətdir: şəhərdə tullantıların təkrar emalı, kiçik həcmli istixanaların və çörək istehsalı müəssisələrinin yaradılması, turizm sahəsinin inkişafı, rabitə və informasiya xidmətlərinin yaxşılaşdırılması, əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində müvafiq işlərin davam etdirilməsi, o cümlədən Naftalan şəhər Əlillərin Regional Bərpa Mərkəzinin bərpa-gücləndirilməsi və əsaslı təmiri, mədəniyyət obyektlərinin əsaslı təmiri və tikintisi, idman-sağlamlıq obyektlərinin əsaslı təmiri və tikintisi, Uşaq Yaradıcılıq Mərkəzi, Körpələr evi-uşaq bağçasının tikintisi və şəhərdə abadlıq-quruculuq işlərinin davam etdirilməsi. Artıq nəzərdə turulan tədbirlərin müəyyən bir hissəsi həyata keçirilmişdir. İnanırıq ki, dövlət proqramında Naftalan şəhəri üzrə nəzərdə tutulmuş tədbirlərin tam olaraq həyata keçirilməsi sayəsində Naftalanın daha da inkişafına nail olacağıq.  
             
Ümumiyyətlə qeyd etmək istəyirəm ki, Dövlət Proqramlarına uyğun olaraq şəhərdə istilik, qaz, su-kanalizasiya təchizatının yaxşılaşdırılması sahəsində işlər tam başa çatdırılmışdır. Elektrik təchizatının yaxşılaşdırılması məqsədilə yerüstü elektrik xətləri yeraltı elektrik xətləri ilə əvəz edilmiş, bütün abonentlərə smartkart tipli sayğac quraşdırılmışdır. Lakin, bu sahədə işlər yarımçıq dayandırılmışdır. Buna görə də Elektrik şəbəkəsinin rəhbərliyi "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən şəhərin elektrik təsərrüfatı sahəsində yarımçıq qalmış işlərin həyata keçirilməsi məqsədilə aidiyyəti üzrə müvafiq tədbirlər görməlidir.
 
Son illər şəhərin bütün infrastrukturunun inkişafına diqqət artırılmışdır. Aparılan geniş quruculuq və abadlıq işləri ötən il də davam etdirlimiş və bu işlər əhali tərəfindən rəğbətlə qarşılanmışdır. Həyata keçirilən tədbirlər nəticəsində vətəndaşların həm kommunal sahədə, həm də ümumi həyat şəraitlərində mövcud olan bir sıra problemlər öz həllini tapmışdır. Başlanılan təmir-bərpa işləri çərçivəsində uzun illərdən bəri təmirsiz qalmış çoxmənzilli yaşayış binalarının fasadı və dam örtükləri əsaslı təmir olunmuş, binadaxili və şəhərdaxili bütün kommunikasiya xətləri yenilənmişdir.
 
Bu işlərin başa çatması ilə şəhərin estetik gözəlliyinin bərpasına başlanılmışdır. Belə ki, binaların ətrafında, küçələrdə abadlıq və yenidənqurma işləri xüsusi diqqət mərkəzində saxlanılmışdır. Artıq şəhərin bir hissəsində yolların, səkilərin kənarlarına yeni yol və səki daşları düzülmüş, 50000 m2 yeni asfalt örtüyü salınmışdır. Eyni zamanda sakinlərin və şəhərə gələn qonaqların mənalı istirahəti və asudə vaxtlarının səmərəli təşkili üçün mini istirahət parkları və piyada yolları yaradılmışdır. Binaların qarşısında söhbətgahlar, basketbol, tennis və uşaq oyun meydançaları quraşdırılmış, binaların həyəti işıqlandırılmışdır. Bunun üçün 31 binanın hər birinə 2-3 ədəd paralel işıq şüaları salan yeni güclü işıqlandırıcı cihaz quraşdırılmışdır. Yaşıllıq salınan  əraziyə münbit torpaq daşınmış və yayılmışdır. Binaların qarşısında ümumilikdə 1000-dən artıq çinar ağacı əkilmişdir. Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhərin müxtəlif yerlərində iməciliklər təşkil edilmiş, iməcilikdə şəhərin tanıtma lövhəsindən başlayaraq boş ərazilərə, şəhərdəki Qələbə parkına 3000-dən artıq eldar şamı əkilmişdir. Bundan başqa müraciət əsasında sahibkara nar bağı salınması üçün 200 ha torpaq sahəsi ayrılmışdır və yeni salınan bağda 20 nəfər işlə təmin olunmuşdur. Gələcəkdə də Naftalanın kurort iqlimini qorumaq üçün ağac əkini davam etdiriləcəkdir.
 
Ötən il şəhərin digər küçələrində və çoxmənzilli yaşayış binalarının həyətində abadlıq və yenidənqurma işləri davam etdirilmişdir. İlk olaraq asfalt örtüyünün üst qatı qaşınaraq düzlənmiş, köhnə səki və yol daşları sökülüb yenisi ilə əvəz olunmuşdur. II mikrorayonun ərazisinə ümumilikdə 3350 p/m uzunluğunda yeni yol daşı düzülmüşdür. Yaxın vaxtlarda yeni asfalt örtüyünün döşənməsinə başlanılacaqdır. Binaların qarşısında avtonəqliyyat vasitələrinin maneəsiz və təhlükəsiz şəkildə dayanması məqsədilə xüsusi yerlər düzəldilmişdir.
 
2016-cı il ərzində 4 girişli 3 beşmərtəbəli yaşayış binasının blokları əsaslı təmir olunmuş, suvaq və rəngləmə işləri aparılmışdır. Pilləkən və məhəccərlər də  təmir edilmişdir. Qeyd olunan işlər mərhələli şəkildə şəhərin digər 7 binasında da aparılacaqdır.
 
Rabitə xidmətinin yaxşılaşdırılması məqsədilə Qurban Namazəliyev adına yaşayış məhəlləsinin telefonlaşdırılması üçün yeni DS-256 EATS tipli stansiya və 2 ADSL avadanlığı quraşdırılaraq istismara verilmişdir. Köhnə rabitə kabelləri xüsusi örtüklü, müasir standartlara cavab verən yeni optik kabellərlə əvəz edilmişdir. Həmçinin bloklarında təmir işləri aparılan çoxmənzilli yaşayış binalarında rabitə xətləri və paylayıcı qutular yenilənərək borularla çəkilmişdir.
Ötən il əhalinin fasiləsiz olaraq içməli su ilə təmin olunması məqsədilə abonentlərə öncədən ödəmə sistemli smart elektron su sayğaclarının quraşdırılmasına başlanılmış, artıq həyətyanı fərdi yaşayış evlərində bu işlər yekunlaşmışdır. Su və kanalizasiya xətlərində baş vermiş qəza halları qısa müddətdə aradan qaldırılmışdır. İl ərzində istifadə olunan suyun dəyərinin  95 faizi ödənilmişdir. 2016-cı ilin dekabr ayında Naftalan Sukanal idarəsi üçün yeni inzibati bina istifadəyə verilmişdir.
 
Bu dövrdə şəhər ərazisində yeni qazlaşma işləri davam etdirilmiş, baş vermiş texniki nasazlıqlar dərhal aradan qaldırılmışdır. Ötən il 1538-dən çox baş vermiş texniki nasazlıq aradan qaldırılmışdır. Qaz təchizatının yaxşılaşdırılması məqsədilə bütün istehlakçıların təbii qazla təmin olunması, təbii qazdan təhlükəsiz istifadə olunması və satılmış qazın dəyərinin ödənilməsi təmin edilmişdir. Hər bir abonent "Təbii qazdan təhlükəsiz istifadə qaydaları” ilə tanış edilərək təlimatlandırılmışdır.
 
Payız-qış mövsümünə hazırlıq işlərinə yay aylarından başlanılmış, bununla əlaqədar  şəhər İcra Hakimiyyəti başçısı tərəfindən tədbirlər planı təsdiq edilmiş, konkret vəzifələr müəyyənləşdirilərək icra edilmişdir. Naftalan İstilik İstismarı sahəsinin balansında olan bütün qazanxanalarda əvvəlcədən cari profilaktiki təmir işləri aparılmış, qaztənzimləyicilər yenisi ilə əvəzlənmiş, qazanxanaların elektrik sistemi işlək vəziyyətə salınaraq qışa hazır vəziyyətə gətirilmişdir. Noyabr ayının əvvəlindən evlərə baxış keçirilmiş, hidravlik təzyiqlə xətlər yoxlanılmışdır. Hazırda qazanxanalar tam gücü ilə işləyir və əhali qrupu, məktəblər, körpələr evi-uşaq bağçası fasiləsiz olaraq istiliklə təmin olunur.    
           
Hesabat dövründə 10 mərtəbəli, 42 otaqdan ibarət yeni "Avtovağzal Otel” komleksində tikinti işləri davam etdirilmişdir. Qeyd edim ki, binada avtovağzal kompleksi, ticarət mərkəzləri, otel nömrələri, admistrativ ofis hissə, geniş restoran və mətbəx fəaliyyət göstərəcək. Avtovağzal kompleksi olan hissəyə isə holl, kassalar, kafe, saxlama kameraları, dükan və sanuzellər daxildir. Restoran və mətbəx II mərtəbədədir. Otel nömrələri 3-cü mərtəbədən başlayacaqdır.
Şəhərdə əsaslı təmirinə başlanılmış Əlillərin Regional Bərpa mərkəzində aparılan tikinti işləri gecikdirilməklə icra olunmuşdur.  
 
Məlumdur ki, turizm sektoru şəhər iqtisadiyyatının əsas və aparıcı sahəsidir.
 
Prezident cənab İlham Əliyev 2014-cü ildə Naftalanda "Qarabağ SPA and Resort” otel kompleksinin açılışında ictimaiyyətlə görüşü zamanı qeyd etmişdir ki,  "Naftalanın çox böyük tarixi, şöhrəti var. Biz bu şöhrəti indi bərpa edirik. Sovetlər vaxtında 80 minə qədər turist gəlirdi. Biz son illərdə bu praktikanı bərpa edirik. Bu il 15 minə qədər turistin gəlişi gözlənilir. Hələ ki, biz sovet səviyyəsinə çatmamışıq, ancaq əminəm ki, çatacağıq”.
 
Bəli, bu gün ölkə başçısının şəhərin inkişafı ilə bağlı verdiyi tapşırıq və tövsiyələrinin  nəticəsində Naftalan nadir müalicəvi xassəli naftalan neftinə, mülayim iqliminə və burada yaradılan müasir turizm infrastrukturuna görə turistləri özünə cəlb edir. Hazırda Naftalanda 3-ü beşulduzlu olmaqla fəaliyyət göstərən 10 kurort-sanatoriya, turizm-istirahət mərkəzində gün ərzində 2100 nəfərə yüksək səviyyədə xidmət göstərmək imkanı vardır. Bu turizm obyektlərində müalicə və istirahət üçün çox gözəl imkanlar yaradılmış və müasir səviyyəli əyləncə mərkəzləri fəaliyyət göstərir. Eləcə də, turistlərin marağını nəzərə alaraq onların mənalı istirahəti üçün Azərbaycanın digər bölgələrinə ekskursiyalar  təşkil edilir. Bunun nəticəsidir ki, nəinki isti yay fəslində, hətta soyuq qış aylarında da şəhərə gələn turistlərin sayında artım müşahidə edilmişdir. Təkcə 2016-cı ilin dekabr ayında  Naftalanda 1510 nəfər turist olmuşdur. Yeni ilin gəlişi ilə əlaqədar bayram günlərində qonaqların istirahəti ən yüksək səviyyədə təşkil edilmiş, otellərdə boş yer olmamışdır.
 
Qeyd etməliyəm ki, 2016-cı il son beş ildə turistlərin rekord sayı ilə yadda qalmışdır. Ötən il şəfa tapmaq və istirahət etmək üçün Naftalanın sanatoriya-kurort mərkəzlərinə üz tutan yerli və xarici turistlərin sayı son 5 ildəkindən 4-5 dəfə çox olmuşdur. Belə ki, 2016-cı ildə turizm obyektlərində 25000 turist qeydə alınıb ki, bunun da 5200 nəfəri xarici turistlər olmuşdur. İlk dəfə olaraq Naftalana ərəb turistlərin gəlməsi də müşahidə olunmuşdur. Xarici turistlər arasında Rusiya Federasiyası, Qazaxıstan, Özbəkistan, Ukrayna, İsrail, Türkiyə, Səudiyyə Ərəbistanı, İraq, Qətər, Hindistan, Pakistan, Gürcüstan, Fransa, İtaliya, Estoniya, Kolumbiya, Çexiya, İsveç, Norveç, Çin, Böyük Britaniya, Koreyadan və s. ümumilikdə 54 ölkədən gələn olmuşdur.
 
Ötən il ərzində Naftalanda turizm sahəsinin inkişafı ilə bağlı tədbirlər davam etdirilmişdir. Açılışı hesabat dövrünə təsadüf edən 100 yerlik "Kəpəz” sanatoriyası da bu istiqamətdə həyata keçirilən əsaslı addımlardandır.
 
Bundan başqa şəhərimizin turizm potensialının tanıdılması, o cümlədən ölkəmizin sağlamlıq turizminin daha geniş təbliği məqsədilə 50-dən çox yerli turizm şirkətinin və media nümayəndələrinin iştirakı ilə "Chinar Hotel & SPA Naftalan”da infotur təşkil olunmuşdur.
 
Hesabat dövründə Naftalanla qardaşlaşmış şəhərlər arasında əlaqələr davam etdirilmiş, avqust ayında şəhərimizlə qardaşlaşmış Polşa Respublikasının Uneyuv şəhərinin meri Yuzef Kaçmarekinin dəvəti ilə Naftalan Şəhər İcra Hakimiyyəti başçısının rəhbərlik etdiyi nümayəndə heyəti qardaşlaşmış şəhərlərin nümayəndələrinin ümumi toplantısına qatılmışdır. Bu səfərdən sonra Naftalan Şəhər İcra Hakimiyyətinin və Azərbaycan Respublikasının Polşadakı səfrilyinin təşkilatçılığı ilə
 
"Çinar” və "Qarabağ” istirahət-sağlamlıq mərkəzləri Polşanın paytaxtı Varşava şəhərində 50-dək ölkənin turizm şirkətləri və otellərinin, rəsmi dövlət və kütləvi informasiya vasitələrinin nümayəndələrinin qatıldığı 24-cü "TTWarsaw 2016” səyahət sərgisində iştirak etmişlər. İyirmi minədək insanın iştirak etdiyi sərgidə ziyarətçilərə Naftalan şəhəri, onun unikal müalicəvi əhəmiyyətə malik olan naftalan nefti və bu şəhərdə turizm mərkəzlərinin göstərdikləri xidmətlər haqqında ətraflı məlumat verilmişdir.
 
Ölkə başçısının Nazirlər Kabinetinin iclasında turizmin inkişafı ilə bağlı dediyi kimi, 2017-ci il turizmlə bağlı daha da uğurlu olacaq. Bu il daha çox turist gələcək. "ASAN Viza” və digər xidmətlər vasitəsilə turistlər Azərbaycana maneəsiz gələcək. Bizim turizm infrastrukturu da buna hazır olmalıdır.
Naftalanın da dünyada tanınan kurort şəhəri olduğu üçün buraya gələn qonaqlara xidmət yüksək səviyyədə təşkil edilməlidir. Bu səbəbdən də turistlərə yüksək səviyyədə xidmətin təşkili məqsədilə bu sahədə çalışan rəhbərlər işçilərinin fəaliyyətinə nəzarət mexanizmini daha da təkmilləşdirməlidirlər. Turistlərə xidmət göstərən şəxslər onların mənalı istirahəti və müalicəsinin yüksək səviyyədə təmin olunması üçün bütün qüvvələrini səfərbər etməlidirlər. Bir sözlə çalışmalıyıq ki, turistləri məmnun edərək turist axınının gücləndirilməsini təmin edək.
 
Şəhərimizdə turizmin inkişafı üçün böyük potensial olduğunu nəzərə alaraq yeni sanatoriya-kurort müəssisələrinin tikintisi üçün yeni investorlar cəlb olunmuş, onların ŞİH-nə təqdim etdikləri layihələrə qanunamüvafiq qaydada baxılır.
 
Eyni zamanda diqqətinizə çatdırım ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsinin tədbirlər planının 3.1.-Sağlamlıq turizmi üçün tələbatın yenidən formalaşdırılması bölməsində Naftalan kurort şəhərinin inkişafı üçün mühüm tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Bunlar aşağıdakılardır: Naftalan nefti əsasında  mövcud və yeni sağlamlıq məhsullarının təşviqi, Naftalanda turistlər üçün digər cəlbedici yerlərdə bərpa və yenidənqurma işlərinin aparılması, Bakı və Naftalan arasında sürətli və yüksəkkeyfiyyətli avtobus və qatarların istifadəyə verilməsi.
           
Şəhərin hüquq mühafizə orqanları asayişin təmin olunması, insan hüquq və azadlıqlarının qorunması, cinayətlərin qarşısının alınması və açılması sahəsində üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirmişlər. Hesabat dövrünün yekunu üzrə şəhər Polis şöbəsində 24 cinayət hadisəsi qeydə alınmış və cinayətlərin açılması 100 faiz təmin edilmişdir. Ağır və xüsusilə ağır cinayət hadisəsi qeydə alınmamışdır. Axtarışda olan 5 nəfərdən 4 nəfəri tutularaq aidyyəti üzrə təhvil verilmiş, 1 nəfər itgin düşmüş şəxs axtarış nəticəsində tapılması təmin edilmişdir. Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində bir sıra əməliyyat-profilaktiki tədbirlər həyata keçirilmiş, tam orta məktəblərdə hər rüb maarifləndirici tədbirlər təşkil olunmuşdur. 
 
Hesabat dövründə korrupsiya və rüşvətxorluğa qarşı mübarizə tam ciddiliyi ilə davam etdirilmiş və neqativ hallar aşkar edilməmişdir. Eyni zamanda görülən qabaqlayıcı tədbirlərin nəticəsidir ki, ŞİH-nə vətəndaşlar tərəfindən korrupsiya ilə bağlı müraciət daxil olmamışdır.
             
Naftalan şəhərində siyasi partiya kimi yalnız Yeni Azərbaycan Partiyası  fəaliyyət göstərir. YAP Naftalan şəhər təşkilatı hazırda özündə 37 ərazi ilk partiya təşkilatını və 1200 nəfər üzvü birləşdirir. Şəhərdə keçirilən ictimai-siyasi tədbirlərdə partiya üzvləri, xüsusilə gənclər yüksək fəallıq nümayiş etdirmişlər. Mütəmadi olaraq partiyanın bir qrup fəal gəncləri ilə görüşlər təşkil olunmuş, onların təklifləri, qaldırdıqları problemlər dinlənilmiş və müəyyən məsələlərlə əlaqədar onlara müvafiq tövsiyələr verilmişdir.
           
Heydər Əliyev Mərkəzinin ideoloji mərkəz kimi işinin təşkili, Ulu Öndərin həyat və fəaliyyətinin, zəngin dövlətçilik irsinin öyrənilməsi məqsədilə Mərkəzdə illik iş planı əsasında  ardıcıl iş aparılmışdır. Ötən il ərzində Ulu Öndərin həyat və fəaliyyəti ilə tanış olmaq və öyrənmək məqsədi ilə 3557 nəfər mərkəzə ekskursiya etmişdir. Onlardan 226 nəfəri xarici ölkə vətəndaşı olmuşdur. Eyni zamanda YAP Naftalan şəhər təşkilatının Gənclər Birliyinin təşkilatçılığı ilə gənclər mütəmadi olaraq Mərkəzdə görüşlər, tədbirlər keçirmiş və xarici dil kursları təşkil etmişlər. Heydər Əliyev Mərkəzi ilə tanış olan hər bir şəxsə Mərkəzin əməkdaşları  tərəfindən ulu öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotoşəkillər barədə geniş məlumat verilmişdir. Həmçinin tarix müəllimləri tərəfindən şəhərin ümumtəhsil məktəblərinin XI sinif şagirdlərinə "Ümummilli lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır” mövzusunda dərslər tədris olunmuşdur. Yeni ailə həyatı quran gənclərin nikah mərasimlərini Heydər Əliyev Mərkəzində keçirmələri artıq ənənə halını almışdır.
 
Şəhərdə ayda iki dəfə nəşr olunmaqla "Naftalan” ictimai-siyasi qəzeti fəaliyyət göstərir. Qəzetdə idarə, müəssisə və təşkilatlarda vətəndaşların qəbul qrafikləri, Azərbaycan Respublikasının Qanunları, Prezidentin Fərman və Sərəncamları, eləcə də şəhərin ictimai-siyasi həyatında baş verən hadisələr dərc olunmuşdur. "Naftalan” qəzeti şəhərin ictimai-siyasi və sosial-iqtisadi həyatının müxtəlif sahələri üzrə əhalinin məlumatlandırılması istiqamətində özünəməxsus rol oynamışdır.
 
Şəhərdə dini qurum kimi yalnız bir "Cümə Məscidi” fəaliyyət göstərir. Ötən il də ”Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunmasına və radikal dini cərəyanlara meyili olan şəxslərin fəaliyyətinə nəzarət edilmişdir. Məlumdur ki, Prezident cənab İlham Əliyevin Sərəncamına əsasən 2016-cı il "Multikulturalizm ili” elan edilmiş və bununla bağlı meyllərin gücləndirilməsi üçün ölkəmizdə bütün zəruri tədbirlər həyata keçirilmişdir. Hesabat dövründə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev Ramazan bayramı münasibətilə Naftalan  şəhərinə səfər etmiş, Cümə məscidində olmuş, dindarlarla  söhbət etmiş, onlara mültikulturalizmlə bağlı kitablar və jurnallar təqdim etmişdir. O cümlədən ölkə başçısı tərəfindən 2017-ci ilin Azərbaycanda "İslam Həmrəyliyi İli” elan edilməsi "Multikulturalizm İli”nin davamıdır və inanırıq ki, bu islam dünyasında əməkdaşlığın möhkəmlənməsinə, habelə müsəlman ölkələri ilə digər dövlətlər arasında qarşılıqlı anlaşmaya şərait yaradacaqdır.
             
Naftalanda 1 şəhər və 1 kənd olmaqla 2 bələdiyyə fəaliyyət göstərir. Bələdiyyələr yerli əhəmiyyətli problemlərin həllində mühüm rol oynayırlar. İl boyu bələdiyyələr öz büdcələrinə uyğun olaraq, ərazilərdə mövcud yerli problemlərin aradan qaldırılması, küçə və yolların abadlaşdırılması, ağac əkini və s. istiqamətlərdə tədbirlər həyata keçirmişlər. Naftalan Bələdiyyəsi tərəfindən Qələbə parkında Xatirə kompleksinin ətrafına dekorativ gül kolları və parkda ağaclar əkilmiş, onlara aqrotexniki qulluq göstərilmişdir. Şəhid Vaqif Bayramovun xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaşadığı binaya xatirə lövhəsi vurulmuşdur. Həmçinin Naftalan və Qaşaltı Bələdiyyələrinin yeni inzibati binalarında tikinti işləri davam etdirilmişdir.
 
2016-cı ilin yanvar ayından başlayaraq şəhər və kənd icra nümayəndəliyi tərəfindən ev təsərrüfatı kitablarında toplanmış məlumatların dəqiqləşdirilməsi prosesi aparılmış və bu işlərə mütəmadi olaraq nəzarət edilmişdir. Nümayəndəliklər hesabat dövrü ərzində əraziyə xidmət göstərən təşkilatlarla sıx əlaqədə fəaliyyət göstərmiş, daimi ərazilərinin vəziyyətini nəzarətdə saxlamışlar. Həmçinin digər qurumlardan və vətəndaşlar tərəfindən nümayəndəliklərə göndərilmiş məktub, ərizə və müraciətlərin obyektiv araşdırılmasına, qanunla müəyyən edilmiş müddətdə icrası təmin edilmişdir.
 
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaş-məmur münasibətləri ilə əlaqədar verdiyi tapşırığa əsasən şəhərdə çalışan dövlət qulluqçularının məsuliyyətinin artırılması məqsədilə onların qarşısına konkret vəzifələr qoyulmuşdur. Ən mühüm vəzifə isə haqlı şikayətlərin operativ qaydada həlli və vətəndaşların problemlərinə həssaslıqla yanaşılması olmuşdur. Bu mənada kadrların ixtisasına uyğun yerləşdirilməsi ön plana çəkilmiş, ayrı-ayrı vəzifələrə təyin olunan kadrların bilik, bacarıq və qabiliyyətləri ətraflı öyrənilmiş, hər bir təyinat aparılarkən keyfiyyət meyarlarına böyük üstünlük verilmişdir. İl ərzində şəhərdə fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlarda işçilərin əmək intizamı mütəmadi nəzarətdə saxlanılmış, nöqsan aşkar olunan idarə rəhbərlərinə ciddi xəbərdarlıq edilmişdir. Ötən il işində yol verdiyi  ciddi nöqsana görə Məşğulluq Mərkəzinin direktoru vəzifəsindən azad edilmişdir.
 
Şəhər İcra Hakimiyyəti Başçısı aparatının bütün şöbələri və nümayəndəliklər  informasiya-kommunikasiya texnologiyaları və sürətli internetlə təmin edilmişdir. İKT-nin imkanlarından daha səmərəli istifadə etmək məqsədilə şəhər İcra Hakimiyyətində, eləcə də  bir neçə dövlət müəssisələrində operativ idarəetmə mərkəzinin yaradılması üçün avadanlıqlar quraşdırılmış və yaxın vaxtlarda istifadəsi nəzərdə tutulmuşdur. Vətəndaşların İcra Hakimiyyətinə operativ müraciət etmələri üçün 352-22-78 nömrəli telefondan qaynar xətt kimi istifadə olunmuş, www.naftalan-ih.gov.az ünvanlı saytın "Elektron müraciətlər” bölməsi də bu əlaqələrin genişləndirilməsinə imkan yaratmışdır. Ötən il ŞİH-nin rəsmi internet saytına yerləşdirilən məlumatların daim yeniləşdirilməsinə, ərizə və şikayətlərin elektron qaydada qəbulu və cavablandırılmasına ciddi nəzarət edilmişdir. Şəhərin sosial-iqtisadi, ictimai-mədəni həyatında baş verən hadisələr, keçirilən müxtəlif səpkili tədbirlər və vətəndaşların qəbulu ilə bağlı məlumatlar saytda  əks olunmuşdur.
 
Vətəndaşların şəhər İcra Hakimiyyəti aparatında qəbulu və səyyari görüşlər  zamanı aidiyyəti üzrə verilən hər bir tapşırığın icrasına ciddi nəzarət  edilmiş, hər bir vətəndaşın müraciətinə müəyyən edilmiş müddətdə baxılması, araşdırılması və onlara rəsmi məlumat verilməsi diqqət mərkəzində saxlanılmışdır. Müraciətlərin sənədləşdirilməsi və baxılması prosesində operativliyi təmin etmək, eləcə də icrasına nəzarətin gücləndirilməsi və müvafiq təhlillərin aparılması məqsədilə xüsusi proqramdan istifadə olunmuşdur. Daxil olmuş müraciətlər Yerli icra hakimiyyəti orqanlarında vətəndaşların müraciətləri üzrə vahid elektron informasiya sistemi vasitəsilə qeydiyyata alınmışdır.
 
2016-cı il ərzində Naftalan Şəhər İcra Hakimiyyəti başçısı aparatına 175 müraciət daxil olmuşdur ki, onlardan 87-si dövlət orqanlarından və digər qurumlardan, 88-i isə vətəndaşlardan bilavasitə şəhər İcra Hakimiyyətinə ünvanlanmış müraciətlərdir. Azərbaycan Respublikası Prezidenti Administrasiyasından daxil olmuş müraciətlərdən 7-si müsbət həll olunmuş, 70-nə müvafiq izahat verilmiş, 7-si əsassız sayılmışdır. Respublikanın digər qurumlarından 1 ərizə daxil olmuşdur ki, o da əsassız sayılmışdır.
 
Vətəndaşlar tərəfindən şəhər İcra Hakimiyyətinə daxil olmuş 88 müraciətdən 79-u ərizə, 8-i şikayət, 1-i təklif olmuşdur ki, bunlardan da 30-u həllini tapmış, 5-i qismən həll olmuş, 49-na müvafiq izahat verilmiş, 2-si əsassız sayılmış, 1-i icradadır, 1 müraciət isə baxılması üçün aidiyyəti orqana göndərilmişdir.
Şəhər İcra Hakimiyyətində vətəndaşların qəbuluna xüsusi əhəmiyyət verilmişdir. Binanın girişində İcra Hakimiyyəti başçısının, müavinlərin və şöbə müdirlərinin qəbul günlərinin qrafikini əks etdirən lövhə asılmış, eləcə də bu barədə məlumatlar və əlaqə telefonları ŞİH-nin saytında da yerləşdirilmişdir. Operativ və vacib həll olunmalı məsələlərlə əlaqədar vətəndaşlar hər gün növbədənkənar qəbul edilmişdir.
 
2016-cı ildə Şəhər İcra Hakimiyyəti başçısı tərəfindən ilin əvvəlindən təsdiq olunmuş cədvələ uyğun olaraq 142 nəfər vətəndaş qəbul edilib dinlənilmişdir.
Mövcud problemlərin, vətəndaşların sosial əhəmiyyətli sifarişlərinin, tələb və təkliflərinin öyrənilməsi məqsədilə 2016-cı il ərzində şəhər İcra Hakimiyyəti başçısı tərəfindən səyyar keçirilən 23 görüşdə 58 nəfər vətəndaş müraciət  etmişdir.
 
Bütün qəbul və görüşlər zamanı şəhərin idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərlərinin iştirakı təmin edilmişdir. Hər bir müraciətə baxılaraq müvafiq köməklik göstərilmiş, bəzi hallarda qaldırılan problemlərin həlli qeyri-mümkün və ya əsassız olduqda, onlara ətraflı izahat verilmişdir. Heç bir müraciət cavabsız qalmamışdır.
 
Lakin şəhər İcra Hakimiyyəti tərəfindən ətraflı izahatların verilməsinə baxmayaraq, bir neçə vətəndaş müxtəlif instansiyalara təkrar, əsassız müraciətlər göndərməkdə davam etmişdir.
 
Bundan sonra da vətəndaşların qəbulu, onların ərizə, şikayət və təkliflərinə "Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada baxılması və cavablandırılması təmin ediləcəkdir.
 
Şəhər İcra Hakimiyyəti başçısı aparatında 2011-ci ilə dair bütün xidməti sənədlər müvafiq komissiya tərəfindən ekspertizadan keçirilmiş, siyahısı tərtib olunmuş, daimi saxlanılması nəzərdə tutulan sənədlər Dövlət Arxivinə təhvil verilmişdir.
 
Ölkə başçısının tapşırığına uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bölgələrdə vətəndaşlarla görüşü ənənə halını almışdır. Hesabat dövründə Azərbaycan Respublikasının Fövqəladə hallar naziri Kəmaləddin Heydərov, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov, İqtisadiyyat naziri Şahin Mustafayev, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Elmira Süleymanova, Təhsil naziri Mikayıl Cabbarov, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov, Nəqliyyat naziri Ziya Məmmədov şəhər ictimaiyyəti ilə görüşmüşlər. Belə görüşlərin keçirilməsində əsas məqsəd bölgələrdə vətəndaşların arzu və şikayətlərini birbaşa Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinə çatdırmaq imkanı əldə etmələridir.
 
Hesabat dövrünə təsadüf edən və ölkəmiz üçün əhəmiyyətli olan məsələlərdən biri də sentyabr ayının 26-da keçirilən ümumxalq səsverməsi-referendum olmuşdur. Bu seçkilər ölkəmizin hər yerində olduğu kimi Naftalan şəhərində də ədalətli, tam şəffaf şəkildə keçirilmiş və naftalanlılar birmənalı olaraq bu referenduma "hə” deyərək ölkə başçısının ətrafında birləşməklə onun siyasi kursunu dəstəklədiklərini bir daha göstərdilər. Bu, onunla əlaqədardır ki, Konstitusiyaya edilən əlavə və dəyişikliklər zamanın tələbinə cavab verir, ölkəmizin və xalqımızın gələcək rifahına xidmət edir.
 
Şəhərin 5 seçki məntəqəsi üzrə 5499 seçicidən 3875 nəfəri səsvermədə iştirak etmişdir. Bu da ümumi seçici sayının 70.4 %-ni təşkil etmişdir. Məntəqə seçki komissiyalarının səmərəli fəaliyyəti üçün onların yerləşdiyi inzibati binalarda hər cür şərait yaradılmış, binaların fasiləsiz elektrik enerjisi, rabitə xidməti ilə təminat məsələləri ciddi nəzarətə götürülmüş, onlara operativ xidmətin göstərilməsi üçün hər bir kommunal sahə üzrə ayrıca mütəxəssis təhkim olunmuşdur. Bütün məntəqələr zəruri inventar və avadanlıqlarla, o cümlədən dəmir seyf və elektrik generatorları ilə təmin olunmuş, məntəqələr telefonlaşdırılmışdır. 2 məntəqədə seçki prosesini onlayn müşahidə etmək məqsədi ilə veb kamera quraşdırılmışdır.
 
Bildiyiniz kimi işğalçı ermənilərin xalqımıza, tarixi torpaqlarımıza qarşı yürütdüyü təxribatlar davam etməkdədir. Ötən ilin Aprel hadisələri bunu bir daha təsdiq etdi. Aprel ayında işğalçı Ermənistan tərəfindən Azərbaycana qarşı törədilmiş növbəti təxribatın qarşısı alınan zaman ordumuzun əsgər və zabitləri qəhrəmanlıq göstərmiş, bir neçə strateji yüksəkliklər və ərazilərimizin bir hissəsi geri qaytarılmışdır.
 
Bu döyüşlərdə şəhərimizin də qəhrəman övladı şəhid olmuş və böyüyüb boya-başa çatdığı Naftalan  şəhərində minlərlə insanın iştirakı ilə  izdihamla son mənzilə yola salınmışdır. Dövlət tərəfindən şəhidimizin göstərdiyi qəhrəmanlıq yüksək qiymətləndirilmiş, Vaqif Bayramov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilmişdir. 25 dekabr 2016-cı il tarixdə şəhidin doğum günü  anılmışdır. Allahdan şəhidimizə rəhmət, ailəsinə və yaxınlarına səbr diləyirik. Cənab Prezidentimizin də qeyd etdiyi kimi, bu münaqişənin həllinin başqa yolları yoxdur. Dağlıq Qarabağ bizim ayrılmaz torpağımızdır və biz ərazi bütövlüyümüzü bərpa etməliyik.
 
Hörmətli toplantı iştirakçıları,
 
2016-cı ildə sosial-iqtisadi sahədə əldə olunmuş uğurlar, sovet dönəmindən əhalini narahat edən bir sıra sosial problemlərin ardıcıl uğurlu həlli istiqamətində aparılan  işlər bir daha onu göstərir ki, Naftalanda inkişaf dinamik xarakter daşıyır və bütün sahələri əhatə edir.
           
Çıxışıma yekun vuraraq qeyd etmək istəyirəm ki, 2016-cı il arxada qaldı, ölkə başçısının Naftalan kurort şəhəri ilə bağlı tapşırıqlarının icrası nəticəsində şəhərimizdə əsaslı işlər görülmüş və hazırda da davam etdirilir. Reallaşdırılan hər bir layihə Naftalanın sosial-iqtisadi inkişafına  müsbət təsir göstərməklə əhalinin yaşayış səviyyəsinin yüksəlməsini təmin etmişdir.
 
Görülən işlər, qarşıda duran vəzifələr deməyə əsas verir ki, 2017-ci il də Naftalan şəhəri üçün uğurlu olacaqdır.
           
Naftalana göstərdiyi diqqət və qayğıya görə mən naftalanlılar adından Prezident cənab İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm.
         
Diqqətinizə görə sağ olun!
 
Qlobal.az
 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook