SON XƏBƏR

Muxtar respublikada qış mövsümündə enerji ilə təchizatda problem olmayacaq

Noyabr 02
16:01 2017
Muxtar respublikada qış mövsümünə hazırlıq çərçivəsində elektrik stansiyalarında, yüksək və aşağıgərginlikli elektrik verilişi xətlərində, müxtəlif gərginlikli transformator yarımstansiyalarında qrafik əsasında əsaslı və cari təmir işləri aparılıb.
 
Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətindən AZƏRTAC-a bildirilib ki, bu ilin doqquz ayında muxtar respublikanın elektrik şəbəkələrinə 364 milyon 704 min 955 kilovat-saat elektrik enerjisi daxil olub. Bunun 30 milyon 651 min kilovat-saatı İran İslam Respublikasından alınıb, 57 milyon 132 min 500 kilovat-saatı Araz, 37 milyon 595 min 700 kilovat-saatı Biləv, 44 milyon 305 min kilovat-saatı "Arpaçay-1”, 2 milyon 234 min kilovat-saatı "Arpaçay-2”, 243 min 355 kilovat-saatı Naxçıvan qaz-turbin, 159 milyon 672 min kilovat-saatı Naxçıvan modul, 8 milyon 335 min 400 kilovat-saatı Heydər Əliyev Su Anbarı üzərindəki su elektrik stansiyasında, 24 milyon 536 min kilovat-saatı Naxçıvan Günəş Elektrik stansiyalarında istehsal edilərək elektrik şəbəkələrinə ötürülüb. Doqquz ay ərzində İran İslam Respublikasına 36 milyon 54 min kilovat-saat elektrik enerjisi verilib.
 
Bu gün Araz Su Elektrik Stansiyasında generatorlar 3-3,5, Naxçıvan Modul Elektrik Stansiyasında 36-37, Biləv Su Elektrik Stansiyasında, 0,8-0,9, "Arpaçay-1” Su Elektrik Stansiyasında 3-4, "Arpaçay-2” Su Elektrik Stansiyasında 0,1-0,2, Heydər Əliyev Su Anbarı üzərindəki su elektrik stansiyasında 0,6-0,7, Naxçıvan Günəş Elektrik Stansiyası 4-5 meqavat güclə işləyir. Muxtar respublikada istifadəçilər fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin olunur.
2016-2017-ci illərin payız-qış mövsümünə hazırlıq məqsədilə görülən tədbirlər yüksək səviyyədə həyata keçirildiyindən ötən ay ərzində elektrik enerjisi təchizatında heç bir çətinlik olmayıb.
 
Muxtar respublikada energetika təsərrüfatında tikinti-quruculuq işləri də aparılıb. Belə ki, Şahbuz Rayon Elektrik Şəbəkəsi üçün yeni inzibati idarə binası və 35/10 kilovoltluq yeni "Şahbuz” ikitransformatorlu 12600 kva güclü transformator yarımstansiyası tikilərək istismara verilib və bu məqsədlə 1 kilometr uzunluğunda 35 kilovoltluq və 11 kilometr uzunluğunda yeni 10 kilovoltluq elektrik xətləri çəkilib. İstismarda olan 20 meqavat gücündə Günəş Elektrik Stansiyasının layihə gücü daha 2 meqavat artırılıb.
 
Bu müddətdə Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında, ümumilikdə, 148 ədəd 10/0,4 kilovoltluq transformator yarımstansiyası təmir edilib. Naxçıvan, Şərur və Culfa transformator təmiri müəssisələrində 73 ədəd 10/0.4 kilovoltluq transformator təmir edilərək şəbəkələrə qaytarılıb. Culfa rayonunda inşa olunacaq külək elektrik stansiyasının tikintisinin texniki-iqtisadi əsaslandırılması üçün ölçü qurğuları quraşdırılıb. Hazırda ölçmə işləri aparılır.
 
İlin doqquz ayında muxtar respublikanın şəhər və kəndlərində 16 ədəd 35/10 və 10/04 kilovoltluq transformator yarımstansiyaları quraşdırılıb, 32,5 kilometr uzunluğunda 10 və 0.4 kilovoltluq yeni elektrik verilişi xətti çəkilib, 7 kilometr uzunluğunda hava elektrik verilişi xətləri kabel xətləri ilə əvəzlənib.
 
Naxçıvan şəhərində əhali abonentlərinin ev və mənzillərində smartkart sayğacların qoyulması işləri davam etdirilir. Son doqquz ayda 4 min 774 ədəd belə sayğac quraşdırılaraq, smartkart sayğacların sayı 19 min 520-yə çatdırılıb.
 
Elektrik enerjisindən sayğacdankənar istifadə edilməsinin qarşısının alınması üçün mütəmadi reydlər keçirilir, əhali arasında maarifləndirici tədbirlər aparılır. Elektrik enerjisindən səmərəli istifadə edilməsinin zəruriliyi, elektrik xətlərində baş verə biləcək xoşagəlməz hadisələrin yaranmaması üçün əhalinin elektrik enerjisindən istifadə zamanı texniki göstəricilərə əməl etmələrinin vacibliyi izah olunur.
 
Həyata keçirilmiş tədbirlər deməyə əsas verir ki, muxtar respublikada qış mövsümündə elektrik enerjisi ilə təchizatda problemlər yaranmayacaq.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook