SON XƏBƏR

Müstəmləkə dəllalılığı edən məşhurumuz... - Aqşindən xalq yazıçısına cavab

Sentyabr 10
12:25 2020
Çingiz Abdullayevin məlum statusunu bir mətnşünas kimi oxusaq, bu status rus dilinin üstünlüyünü göstərməkdən daha çox Azərbaycan dilini, türk dilini, ana dilini alçaltmaq məqsədi güdür. Yəni öz ana dilimiz peşəkar insanlar yetişdirə bilmədiyi üçün biz öz vergilərimiz hesabına öz ölkəmizdə rus dilində oxumalıyıq.

Qaynarinfo xəbər verir ki, bu sözləri Aqşin Yenisey xalq yazıçısı Çingiz Abdullayevin rusdilli məktəblərlə bağlı təklif irəli sürənlərə verdiyi təhqiramiz cavaba reaksiyasında bildirib.

Şair fikirlərinə bunları əlavə edib: 

"Eduard Səid "Şərqşünaslıq" kitabında yazır ki, ingilislər, fransızlar Şərq müstəmləkələrində ona görə yüksək təhsil verən ingilisdilli, fransızdilli məktəblər açırdılar ki, bu məktəblərdə yetişdirlən kadrlar məzun olduqdan sonra öz ölkələrinin müstəmləkə ömrünü uzatmaq üçün idarəetmədə onlara lazım olurdu. Yəni Qərb imperializmi Şərq ilanını Seyid Əhmədin öz əli ilə tutmaq istəyirdi.

Dünyaca məşhur yazıçı Milan Kundera çex müasirindən sitat gətirir ki, ruslar əvvəlcə hər şeyi slavyanlaşdırırlar ki, sonradan onları ruslaşdıra bilsinlər. Məşhur olduğu dünyadan bixəbər bizim bu məşhurumuz isə müstəmləkə dəllalılığı edir. Ümumiyyətlə, bu gün rus dilinın intellektual potensialı hansı inkişaf etmiş Avropa xalqının dili ilə müqayisə oluna bilər? Nə üçün Azərbaycanda Çin, yapon dili rus dili səviyyəsində öyrədilməsin? Bu gün Anadolu türkləri Osmanlıcadan nə öyrənə bilərlərsə, biz də rus dilində o səviyyəni yaxalaya bilərik. Yəni rusdilli azərbaycanlı rus dilini bilməyən öz həmkəndlisindən üstün ola bilər, bir ingilisdən, bir almandan, bir yapondan yox. Hədəfimiz fağır Novruzəlini rus dilini bilmədiyi üçün yenə pərt etməkdirsə, ölüm olsun belə hədəfə!

Ömürlərinin çoxu sovet əsarətində keçən bu köləzəkalılar bir dəfə məsələ qaldırmadılar ki, nə üçün Azərbaycanın elm ocaqlarında bütün elmi kitablar rus dilindən tədris olunmalıdır? Niyə bu kitablar öz dilimizə tərcümə olunmur? Niyə bu gün də Azərbaycan "mədəni" elitası öz dilinə ikrahla baxır? Öz dilində danışa bilmir? İndi durub rus dilində yetişən kadrların üstünlüyündən danışırlar. Siz öz dilinizdə kadr yetişdirmək üçün bir dəfə cəhd etdinizmi? Azərbaycan türkcəsini qoşma və kabab səviyyəsinə endirən müstəmləkə siyasəti ilə nə vaxt boğuşdunuz xəbərimiz olmadı?

Ümumiyyətlə, Azərbaycan Yazıçılar Birliyinin katibi olaraq niyə adınız Yazıçılar Birliyinin zirzəmisində striptiz-klub işlətməkdə hallanır, rus dili bu qədər vacibdirsə, olmaz ki, o klubun əvəzinə rus dili kursları açasınız o zirzəmidə, kadr yetişdirəsiniz?”

Xatırladaq ki, Çingiz Abdullayev öz Feysbuk statusunda bu sözləri qeyd edib:

"Hörmətli yerli cahillər! Ana dilini bilmək əvvəlcədən vacibdir və bu, müzakirə edilə bilməz... Ancaq bizim kimi kiçik bir ölkənin ən azından rus, ingilis, fransız və ərəb dillərini bilən minlərlə insana ehtiyacı var”.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook