SON XƏBƏR

Müsavat Partiyasından Qarabağa qayıdışla bağlı təkliflər

Mart 04
10:52 2021
Müsavat Partiyası işğaldan azad edilmiş ərazilərimizin bərpası və məcburi köçkünlərin öz yurdlarına qaytarılması ilə bağlı təkliflər irəli sürüb.

Qaynarinfo-nun məlumatına görə, partiya bildirib ki, bu proses yerli əhalinin istək və arzuları nəzərə alınmaqla, müvafiq infrastrukturun yaradılması, vətəndaşların təhlükəsizliyinin tam təmin edilməsi şərti ilə sürətlə həyata keçirilməlidir:

"Birinci Qarabağ müharibəsi zamanı və ondan sonrakı dövrlərdə erməni-rus hərbi birləşmələri tərəfindən işğal edilərək yaşayış məntəqələri dağıdılmış, meşələri qırılmış, təsərrüfatı yararsız hala gətirilmiş ərazilərimiz 44 günlük müharibə zamanı şanlı ordumuzun şücaəti nəticəsində azad edildikdən sonra o ərazilərin əsil sahiblərinin ata-baba yurduna ən qısa müddətə geri dönməsinin təşkil edilməsi dövlətin qarşısında duran ən önəmli vəzifələrdən biridir. Müsavat Partiyası işğaldan azad edilmiş ərazilərimizin bərpa olunub yenidən məckunlaşdırılması üçün paralel olaraq aşağıdakı tədbirlərin həyata keçirilməsini məqsədəuyğun hesab edir.

1. İşğaldan azad edilmiş torpaqların minalardan təmizlənməsi;

2. İşğaldan azad edilmiş ərazilərdə yol, işıq, su, qaz və digər kommunikasiyaların qurulması;

3. Dövlət Statistika Komitəsinin və yerli icra hakimiyyəti strukturlarının siyahıları əsasında işğal olunan ərazilərdə yaşamış əhaliyə məxsus olmuş həyatyanı torpaq sahələri, oradakı daşınmaz əmlakın və digər mülkiyyətin, həmçinin ərazilər üzrə dövlət tikililərinin siyahısı, o zaman mövcud olmuş kolxoz və sovxozların, örüş yerlərinin, yaylaqların, meşələrin, su hövzələrinin və s. əraziləri barədə məlumatların dəqiqləşdirilməsi;

4. DSK və ərazi icra nümayəndəliklərinin siyahıları əsasında hazırkı dövrdə əhalinin sayı, eləcə də onların törəmələrinin sayı barədə məlumatların dəqiqləşdirilməsi;

5. Bu siyahılar əsasında torpaqların sahiblərinə qaytarılması, daşınmaz əmlakın bərpa edilməsi və ya onun dəyərinin ödənilməsi;

6. Dövlət torpaq fondundan yerli əhalinin törəmələrinə həyətyanı torpaq sahəsinin ayrılması, daşınmaz əmlakın tikilməsi üçün dövlət yardımının təmin edilməsi; 

7. Struktur vahidlərində qalan torpaq sahələrindən, mövcud qanunvericiliyə uyğun olaraq dövlət və ya bələdiyyə ehtiyat fondları ayrılıqdan sonra, qalan sahələrin əhalinin sayına bölünməklə hər nəfərə düşən pay torpağının müəyyənləşdirilib, Azərbaycanın digər ərazilərində həyata keçirilən torpaq islahatı prinsipləri əsasında əhaliyə vetilməsi; 

8. Kəndlərin birləşdirilməsində yerli əhalinin rəyi, sakinlərin təhsil, səhiyyə, sosial və təhlükəsizlik təminatının nəzərə alınması; 

9. Sərhəd bölgələrindəki yaşayış məntəqələrinin qurulmasının strateji əhəmiyyəti nəzərə alınmalı, yerli əhalinin təhlükəsizliyi ilə yanaşı ölkənin təhlükəsizlliyi diqqətdə saxlanılmalı:

10. Ərazilərin bərpası və məskunlaşması doğma torpağından uzun müddət kənarda yaşamaq məcburiyyətində qalmış yerli əhalinin rəy və təklifləri nəzərə alınmaqla həyata keçirilməlidir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook