SON XƏBƏR

"Münaqişənin həllində Rusiyanın rolu cəmiyyətimizdə həddindən artıq şişirdilib”

İyul 02
13:09 2018
"Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyanın rolu Azərbaycan cəmiyyətində həddindən artıq şişirdilib”

Bunu "Sherg.az”a sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Rusiya XİN rəsmisi Mariya Zaxarovanın "Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllinə yanaşması dəyişməyib" iddiasını şərh edərkən bildirib.

O diqqətə çatdırıb ki, əsas problem Rusiyanın vasitəçi kimi çıxış etməməsi, Ermənistanın təhlükəsizliyinin təmin olunması öhdəlikləri barədə ikimənalı açıqlamalar verməsidir:

"Bunu öhdəlik kimi qəbul etmək və Dağlıq Qarabağ münaqişəsinə aid etmək çətindir. Mən Rusiyanın Azərbaycana qarşı güc tətbiq edəcəyinə inanmıram. Buna baxmayaraq, ikimənalı açıqlamalar işğalçı dövlətdə arxayınçılıq yaradır. Ona görə, danışıqlar prosesinin perspektivi yoxdur.

Rusiyanın bu münaqişədə rolu əsas deyil. Əsas həlledici qüvvə Azərbaycan xalqıdır. Çünki Azərbaycanın mövqeyinə görə, Ermənistanın iddialarını heç bir dünya dövləti qəbul etmir. Düzdür, məsələ uzanır, amma beynəlxalq ictimaiyyət Ermənistanın istəklərini, Azərbaycan torpaqlarını özünə birləşdirmək cəhdini qəbul etmir. Buna görə, əsas yekun nəticə Azərbaycandan asılıdır. Azərbaycan xarici siyasətini uyğun qurmaqla çalışır ki, Rusiyanın ikimənalı siyasətini aradan götürsün. Ermənistanın işğalçılıq siyasətindən əl çəkməsinə nail olsun. Düşmən başa düşməlidir ki, o öz qüvvəsinə istinadən hansısa siyasəti yürütməlidir. "Təhlükəsizlik çətiri” altında Azərbaycana güc nümayiş etdirməsi əlverişli nəticəyə gətirib çıxarmayacaq”.

Qeyd edək ki, M. Zaxarova Dağlıq Qarabağ problemi ilə bağlı deyilən hər sözün münaqişə tərəfi olan ölkələrdə yüksək maraq doğurduğunu bildirib: "Siz, bizim Dağlıq Qarabağ münaqişəsinin həllinə, o cümlədən Azərbaycan və Ermənistanla münasibətlərimizə ənənəvi yanaşmamızı bilirsiz. Bu, fundamental rəsmi mövqedir, heç bir dəyişikliyə uğramayıb. Biz hər iki ölkə ilə nəticəyə nail olmaq üçün işləyirik. Biz, bu münaqişənin həllindəki rolumuzu Bakı və İrəvanla müqayisə etmirik. 

Lakin Dağlıq Qarabağ münaqişəsinin həlli mövzusu bizim üçün beynəlxalq gündəmdə daha aktual olan məsələlərdən biridir. İki ölkə arasında əldə olunan razılıqlar, razılaşdırılmış mövqelər sözsüz ki, bizim maraqlarımıza cavab verir. Ona görə də Dağlıq Qarabağ probleminin həllinə Rusiyanın bir dövlət kimi baza yanaşması dəyişməyib. O ki, qaldı bəyanatlara, bəyanatlar siyasətçilər, müxtəlif səviyyəli parlamentarilər, tarixçilər tərəfindən səslənir. Belə bəyanatlar çoxlu saydadır. Bilirsiniz ki, bu məsələ ilə bağlı rəsmi mövqe var və bu mövqe sizə məlumdur".



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook