SON XƏBƏR

Ümummilli liderin vətənpərvərlik fenomeni

Dekabr 08
13:18 2018
Azərbaycan vətəndaşları üçün may ayı həm də ümummilli lider Heydər Əliyevin doğum günü ilə əlamətdardır. Ulu öndər 86 il əvvəl mayın 10-da dünyaya göz açmışdır. Bu tarixi gün ərəfəsində o böyük şəxsiyyətin əziz xatirəsi qədirbilən xalqımız tərəfindən minnətdarlıq hissi ilə yad edilir, onun misilsiz xidmətləri göz önünə gəlir, bütün məsələlər ətrafında düşünmək ehtiyacı yaranır.

Heydər Əliyev hər şeydən əvvəl öz xalqını, böyük məhəbbətlə sevən vətənpərvər bir şəxsiyyət idi. Onun "Anam məni Azərbaycan üçün dünyaya gətirib” kəlamında bu hiss səmimi şəkildə ifadə olunub. Ümummilli liderimizin vətənpərvərliyi müdafiə ruhlu idi, çünki müharibə gedirdi və ərazi toxunulmazlığı pozulmuş ölkəni işğalçılardan qorumaq lazim idi. Eyni zamanda, onun vətənpərvərliyi müasir elm və mədəniyyətin nailiyyətlərinə söykənən maarifçilik mahiyyəti daşıyırdı. Böyük mənada onun vətənpərvərliyi digər xalqlara və ölkələrə kin-küdurətdən, ədavətdən uzaq, öz ölkəsinin, dövlətinin və cəmiyyətinin inkişafına yönəlmiş vətənpərvərlik idi. Bu yaxınlarda Moskvada REA Fəlsəfə İnstitutunda keçirilən beynəlxalq konfransda iştirak etdiyim zaman, aradan uzun illər ötməsinə baxmayaraq, Rusiya filosoflarının onun xatirəsini necə böyük hörmətlə yad etdiklərinin şahidi oldum və bundan sonsuz qürur duydum.

Heydər Əliyev vətənpərvərliyinin çoxcəhətliliyi onun mənəvi irsini diqqətlə araşdırmağa cəhd edən, bu irsin bizim gələcək inkişafımız üçün mahiyyətini aydınlaşdırmağa çalışan bir sıra tədqiqatçıların əsərlərində təhlil edilmişdir. Onun irsini, vətənpərvərliyini təhlil edərkən və dərindən anlamağa çalışarkən ümummilli liderin gənclərə, gələcəyimizə göstərdiyi böyük qayğının şahidi oluruq. Gənclərə diqqət yalnız gələcəyə məhəbbətlə bitmir, o, həmçinin ölkənin modernləşməsinə, formalaşmaqda olan gənclərin şüuruna təsir göstərir. Ümummilli lider çox gözəl başa düşürdü ki, şüurda dəyişikliyi yalnız təhsil, elm vasitəsilə həyata keçirmək olar. Belə bir fakt da məlumdur ki, hələ sovetlər dövründə azərbaycanlılar orduda yalnız inşaat batalyonlarında qulluq edirdilər. Bu ziyanlı tendensiyanı məhz Heydər Əliyev aradan qaldırdı və ordunun müxtəlif strukturalarında azərbaycanlı zabitlərin sayının artırılmasına nail oldu. Eyni zamanda, o, çalışırdı ki, azərbaycanlı gənclər sövetlər dövründə Sovet İttifaqının, müstəqillik əldə etdikdən sonra isə dünyanın ən yaxşı tədris müəssisələrində təhsil ala bilsinlər.

Məlumdur ki, vətənpərvərlik dəyişkən fenomendir və bunsuz nə dövlət, nə də cəmiyyət inkişaf edə bilər. Təbii ki, modernləşmə və qloballaşma şəraitində vətənpərvərlik fərqli xüsusiyyətlərə malikdir. Müstəqilliyimizin ilk illərində vətənpərvərlik bir qədər başqa mahiyyət daşıyırdı. O zaman ümummilli liderin zəkası və iradəsi, həmçinin şəxsi vətənpərvərlk nümunəsi sayəsində vətəndaşları Vətəni və dövləti qorumaq ideyası ətrafında birləşdirmək lazım idi. Bu, o dövr üçün vətəndaşların fikir müxtəlifliyindən daha vacib idi. Ümummilli liderimizin azərbaycanlı olduğu ilə fəxr etməsi fikrini yada salaq. Bu gün bir çoxları bu fikri təkrar edir və azərbaycanlı olduqları ilə fəxr etdiklərini bildirirlər. Və yaxud onun bizim üçün mühüm olan "bir millət, iki dövlət” tezisini götürək. Burada vurğunu yalnız "millət” ifadəsinin deyil, "dövlət” ifadəsinin də üzərinə qoymaq olar. Azərbaycan dövlətinin yaranmasında, bərqərar olmasında, möhkəmlənməsində, müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsində böyük işlər görmüş Heydər Əliyev, iki dövlət haqqında belə bir tezisin irəli sürülməsinin məsuliyyətini yaxşı başa düşürdü.

Azərbaycan vətəndaşları vətənpərvərdirlər. Sosioloji sorğular sübut edir ki, bizim üçün ən qiymətli dəyər - müstəqil dövlətimizdir. Lakin çətinlik törədən məsələ vətənpərvərliyin müxtəlifliyindədir. Vətənpərvərlik birləşdirə də bilər, ayıra da bilər. O, cəmiyyəti, xalqın mədəniyyətini inkişaf da etdirə bilər, eyni zamanda, mədəniyyəti qapalı, anklav vəziyyətə sala da bilər və hətta cırlaşdıra bilər.

Vətənpərvərlik emosiyalarla, hisslərlə bağlıdır. Emosiya və hisslərin tərbiyə edilməsi müsbət, xeyirxah işdir. Lakin vətənpərvərlik yalnız hiss deyil. Bəlkə də ona görə, cəmiyyətdə milli ideologiya anlayışına, yəni vətənpərvərliyin formalaşdırılmasında və tərbiyə edilməsində bilik və dəyərlərin, davranış standartlarının və əxlaqın müəyyənləşdirilməsinə zərurət yaranır.

Təməlində dövlət, cəmiyyət, ölkənin keçmişi, bugünü və gələcəyi haqqında biliklər sistemi olan vətənpərvərlik artıq maarifçi vətənpərvərlikdir, yəni bu, yalnız hiss deyil, ölkəni inkişaf etdirmək, ölkədə münasibətləri yaxşılaşdırmaq imkanları aramaqdır. Burada həm siyasi, həm iqtisadi, həm də mədəni münasibətlər nəzərdə tutulur. Bütün bu münasibətlər biliyin, əxlaqın, insana hörmətin nəticəsində yüksələ bilir. Bu kontekstdə qeyd etmək yerinə düşər ki, bir çoxlarından fərqli olaraq, ümummilli liderimiz cəmiyyətin və dövlətin inkişafında elmin əhəmiyyətini yaxşı başa düşürdü. Beləki 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra, hələ ölkənin müstəqilliyinin mövcudluğu sual altında olan zaman, Heydər Əliyevin gəldiyi ilk ünvan Azərbaycan Elmlər Akademiyası olmuşdur. Ulu öndər ölkəmizin müstəqilliyinin ən çətin ilk illərində EA-nın fəaliyyətinə böyük diqqət göstərmiş, onun maliyyələşdirilməsini dəfələrlə artırmışdır. Heydər Əliyev bir çox alimləri şəxsən tanıyırdı və onların nailiyyətlərini diqqətlə izləyirdi. Elmə münasibət onda əvvəllər də bu şəkildə mövcud olmuşdur və ömrü boyu dəyişməmişdir.

Beləliklə, vətənpərvərlik hissinin vətənpərvərlik bilgisi, xüsusi vətənpərvərlik şüuru ilə birləşməsi kimi əlahiddə, xüsusiyyəti aşkar olunur. Hissə və emosiyaya əsaslanan vətənpərvərlik təhrifedici effekt yarada bilər və ayrıca bir insanda öz yaxınına olan məhəbbət əks- təsirə, yəni digər insanlara qarşı mənfi münasibətə səbəb ola bilər. Digər xalqların tarixində dəfələrlə müşahidə olunub ki, onların vətənlərinə olan məhəbbətləri, öz xalqlarına, mədəniyyətlərinə, dillərinə heyranlığı sonradan özgəsinə qarşı nifrətə çevrilmiş, onun boğulmasına, məhv edilməsinə səbəb olmuşdur. Bununla belə, qeyd etmək lazımdır ki, vətənpərvərlik bu qiyafədə ənənəvi xarakter daşıyır və müəyyən mənada, müdafiə, hərbi münasibətlər kontekstində yetərli ola bilir. Bu mənada vətənpərvərlik bizə 90-cı illərin əvvəllərində lazım idi. Dövlətçilik nöqteyi-nəzərindən o dövrdə əhalinin vəzifəsi düşmənə nifrət hissini gücləndirməkdən, işğalçının ərazimizə, mədəniyyətimizə, tarixi abidələrimizə təcavüzünü dəf etməyə hazır olmaqdan ibarət idi. Və bu gün də bu cür vətənpərvərliyin bizim üçün əhəmiyyətinin azaldığından danışmaq tezdir. Çünki işğal altında olan torpaqlarımızı azad etmək, qaçqın və məcburi köçkünlərimizi ata-baba yurdlarına qaytarmaq üçün bizim hələ də hərbi-müdafiə vətənpərvərliyinə ehtiyacımız var. Lakin nəzərə almaq lazımdır ki, düşmənə nifrət hissi ölçüdən kənara çıxmamalıdır, müəyyən çərçivə daxilində olmalıdır. Bu sərhədlərin təyin olunmasında isə bilik və mədəniyyət mühüm rol oynayır.

Vətənpərvərliyin ikinci dərki, onun maarifçiliklə, elmlə, mədəniyyətlə birləşməsi bir sıra ölkələrdə XIX əsrdə baş vermişdir. Məsələn, məşhur fransız yazıçısı Emil Zolya antisemitizmə qarşı çıxaraq Dreyfusu müdafiəyə qalxmışdı. Lakin əksər ölkələrdə belə vətənpərvərlik XX əsrdən formalaşmağa başlamışdır. Bir qayda olaraq, bu, izolyasiyanizmin başa çatması, qlobal proseslərə qoşulma, vətənpərvərliyin müharibə dili ilə yazılmasının bitməsi, elm və mədəniyyətin inkişafının yüksəlişi, təhsil sistemində ciddi dəyişikliklərin həyata keçirilməsi və s. ilə bağlıdır. Son illər elmdə millətlərin mədəniyyətlərindəki fərqliliyə müxtəlifliyi aşkar etmək məqsədi daşıyan müqayisəli-sosioloji tədqiqatların sürətlə inkişaf etməsi diqqəti çəkir. Məhz bu tədqiqatlar mədəniyyətin bir neçə növünü aşkar edib. Lakin daha çox yayılmış iki növü mövcuddur: bəzi mədəniyyətlər üçün sabitlik, təhlükəsizlik, vəziyyəti əvvəlcədən müəyyənləşdirmə, digərləri üçün isə risk əhəmiyyətlidir. Cəmiyyətdə vətənpərvərliyə münasibəti bir çox hallarda üstün mədəniyyətin tipi müəyyənləşdirir. Eyni zamanda, qeyd etmək lazımdır ki, qloballaşma bizdən bu məsələlərin dərk edilməsini və nəzərə alınmasını tələb edir.

Bəli, hərdən vətənpərvərlik təhlükəli də ola bilir. Bob Fossun "Kabare” filmini yada salaq. Bəzən o, millətçiliyə, ksenofobiyaya, faşizmə də keçə bilir. Lakin vətənpərvərlik hissi tərbiyə etmədən pozitiv heç bir şey əldə etmək olmaz. Dünyanın ən inkişaf etmiş ölkəsi olan ABŞ-ın əldə etdiyi uğurlu nəticələr özünəməxsus amerikan vətənpərvərliyinə söykənir. Məşhur amerikalı alimlərdən biri hesab edir ki, Amerika millətçiliyi və vətənpərvərliyi əsrlər boyu ən mükəmməl şəkildə özünü öz ölkəsilə eyniləşdirmək deməkdir. Bu vətənpərvərliyin məğzində şüurlu milli siyasət, cəmiyyətin bütün etnos və qruplarına qarşı dözümlülük, tolerantlıq hər bir vətəndaş üçün sonsuz imkanlar (xüsusilə sahibkarlar üçün), elmin inkişafına münasib şərait yaratmaq durur, yəni orada vətənpərvərlik fərdi azadlıqla, ağılla və nailiyyətin əldə edilməsində imkanlarla bağlıdır.

Ölkə Prezidenti İlham Əliyev ümummilli liderin ideyalarını böyük uğurla, yaradıcı surətdə davam etdirir (əbəs yerə xalq içində İlham Əliyevi Heydər Əliyevin "şah əsəri” adlandırmırlar) və bu gün Azərbaycan iqtisadiyyatı geniş şəkildə modernləşmə və liberallaşma istiqamətində inkişaf edir. İlham Əliyevin iradəsi və zəkası, müasir dövr iqtisadiyyatının və siyasətinin gerçəkliklərinə dərindən bələd olma bu proseslərə təkan verdi. Bu işlərdə keçmiş və yeni dəyərlərin şüurlu şəkildə əlaqələndirilməsi mühüm şərtdir.

"İlham Əliyev: mən öz Azərbaycanıma inanıram” kitabında dövlət başçımız qeyd edir ki, "Mən həyatımızın məğzini layiqli davranışda görürəm”. Bu illər ərzində möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə çox ciddi iqtisadi, siyasi və mədəni nailiyyətlər əldə edilmişdir. Güclü, sabit iqtisadi inkişafa malik olmaq, vətəndaşların rifahını yüksəltmək üçün dövlət başçısı çox qüvvə sərf etmişdir. Tədqiqatçılar İlham Əliyev tərəfindən aparılan modernləşmənin xüsusiyyətlərini ifadə etmək üçün "dinamik reformasiya” məfhumunu seçmişlər. Lakin, məlumdur ki, məsələ yalnız məfhumlarda deyil, islahatlar, transformasiyalar bir-birini əvəz etməli, bir-birini tamamlamalı, dövlətin və cəmiyyətin inkişafına impuls verməlidir. Bunlar ölkə vətəndaşları üçün nəzərdə tutulur və perspektivdə onların aktiv iştirakı ilə həyata keçirilməlidir. Əbəs yerə deyildir ki, İlham Əliyevin prezidentliyi dövründə "sosial və insan kapitalı” ideyası, "bizə aktiv orta təbəqə lazımdır” və s. kimi fikirlər tez-tez səslənir. Eyni zamanda, islahatların gedişatı göstərir ki, təşəbbüskarlığı, aşkarlığı milli ideologiya ilə, başqa sözlə, vətənpərvərlik ideologiyası ilə bağlamaq lazımdır. Əks- təqdirdə özünəaludəlilik, proteksionizm, korrupsiya, eqoizm təhlükəsi yarana bilər.

Akademik, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev konseptual baxımdan böyük əhəmiyyətə malik, "Zaman haqqında düşünərkən və elitanı transformasiya edərkən: varislik və innovasiyalıq” əsərində yazır: " Demək lazımdır ki, reallığın və praktikanın göstərdiyi kimi, çox vaxt peşəkarlıq, intellekt və kreativlik daha az tələb edilən keyfiyyətlərə çevrilir, çünki dövlət müəssisələrində — nazirliklərdə, komitələrdə, regional strukturlarda şəxsi sədaqət prinsipi hələ də üstündür və bu, xidməti vəzifələrdə irəliləmək üçün əsas götürülür.» Müəllif Prezident İlham Əliyevin kadr siyasətinin fəlsəfəsini belə təqdim edir: ”Kadrları rəhbərlərə münasibətdə yarınma, yaltaqlıq səviyyəsinə görə qiymətləndirmək qətiyyən yolverilməzdir. Ölkənin gələcəyi haqqında, onun perspektivləri barədə düşünən, Azərbaycanı insanların yaşayışı üçün əlverişli ölkəyə çevirməyə çalışanlar arasında belələrinə yer yoxdur və olmamalıdır”. Bu əsərdə, demək olar ki, bizim modernləşmənin bütün strukturu və mahiyyəti təqdim edilmişdir.

Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, bazar, qloballaşma və inteqrasiya vətənpərvərliyi inkar etmir, yalnız onu öz zamanına adekvat edir. Avropa İttifaqı, Avropa identikliyi alman və ya fransız vətənpərvərliyini inkar etmir. Avropa İttifaqı konkret olaraq Avropa dövlətlərinin və cəmiyyətlərinin ittifaqıdır. Əlbəttə, tədqiqatçılar son vaxtlar tez-tez Avropada cövlan edən böhran, onu təhdid edən radikalizm, ekstremizm, milli ədavət və s. haqqında danışırlar. Dünyada hamı yaxşı başa düşür ki, Avropa dövlətləri arasında təzadlar mövcuddur, vəziyyət müəyyən qədər gərginləşə bilər. Lakin bu, konfliktlər nə qədər dərin olsa da müharibəyə səbəb ola bilməz, çünki onlar öz milli və Avropa vətənpərvərliklərini barışdıra bilmişlər. Onlar bunu edə bilmişlər, biz də bunu bacarmalıyıq.

Prezident İlham Əliyev 2008-ci ildə sosiomədəni modernləşmə kursunu elan etdi. Belə düşünürük ki, bu modernləşmənin mənası, bir tərəfdən modernləşmə proseslərinə əhalinin daha çox hissəsini cəlb etməkdən, digər tərəfdən isə yeni maarifçilik vətənpərvərliyini formalaşdırmaqdan ibarətdir. Bu vətənpərvərliyi həyata keçirənlər isə siyasi hakimiyyət və ölkənin intellektual elitası ola bilər və olmalıdır. Əlbəttə, siyasi hakimiyyətdən və ölkənin intellektual elitasından, onun bacarığından da çox şey asılıdır. İlham Əliyev hesab edir ki, vətəndaşa qoyulan investisiya, onun qabiliyyət və əxlaqi keyfiyyətlərinin inkişaf etdirilməsi yeni idarəçilər elitasının yaranmasına gətirib çıxaracaqdır. Əlbəttə ki, belə bir elitanın yaradılması ölkə Prezidenti İlham Əliyevin təşəbbüsü ilə xaricdə təhsil almaq üçün göndərilən 5000 gənc azərbaycanlıdan çox asılıdır. Lakin onların fəaliyyəti Azərbaycanın perspektivləri ilə bağlıdır, bugünkü milli elita isə elə nəticələr ortaya qoymalıdır ki, təhsil almağa, işləməyə gedən, yeni bilik və qabiliyyətlərlə zənginləşmiş vətəndaşlarımız qayıdıb gəlsin, ölkəmiz onlar üçün cəlbedici olsun.

Belə düşünürük ki, bu şəraitin yaradılması maarifçilik vətənpərvərliyinə istiqamətlənmədən, cəmiyyətdə sağlam mənəvi ab-havanın yaradılmasından çox asılıdır. Bu istiqaməti hökumət müəyyən edir, lakin reallaşdırılması isə Azərbaycan Elmlər Akademiyası tərəfindən həyata keçirilməlidir. Bəzi dairələrdə heç bir əsası olmayan belə fikir də formalaşıb ki, guya Azərbaycana elm lazım deyil, madam ki, ölkənin alimləri Nobel mükafatı ala bilmirlər, deməli onlara ehtiyac da yoxdur və s. Belə bir səhv tezis də səslənir ki, başqa ölkələrdə akademiya yoxdur və deməli, bizə də lazım deyil, o, dövlətin boynunda artıq yükdür və s. Həqiqətdə isə, elmin inkişafı ölkəni qabaqcıl dövlətlərin sırasına qatır, sivil dünyaya qovuşdurur. Ona lazımi diqqət göstərildikdə yüksək səviyyəli milli elitanın formalaşması işi asanlaşa bilər. Elmə diqqətin artırılması həmçinin ölkədə pozitiv əxlaqi mühitin formalaşmasına, maarifçilik vətənpərvərliyi mədəniyyətinin tərbiyə olunmasına şərait yaradır. Məşhur fransız yazıçısı Jermena De Stal demişdir ki, əxlaqsızlıq düşüncənin məhdudluğunun nəticəsidir.

Prezident İlham Əliyevin "Azərbaycan elmində islahatların aparılması ilə bağlı Dövlət Komissiyasının yaradılması haqqında" 2008-ci il 10 aprel tarixli sərəncamı, sübut edir ki, respublikamızda elmin cəmiyyətin inkişafındakı roluna böyük diqqət yetirilir. Sərəncamda elmə münasibətdə ciddi dəyişiklikdən söhbət gedir. Həmin sənədin məntiqi davamı kimi, ölkə rəhbəri bu günlərdə — 2009-cü il mayın 4-də "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya”nın və "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya”nın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında yeni bir sərəncam imzaladı.

Ümumiyyətlə, bütün inkişaf etmiş ölkələrdə elmin maliyyələşdirilməsi stabil şəkildə artırılır və bu artım hətta dərin böhranların baş alıb getdiyi zamanlarda da davam edir. Məsələn, ABŞ-da fundamental elmlərin inkişafı üçün əlavə olaraq 18 milyard dollar ayrılmışdır. Avropada elmdə "yaşıl iqtisadiyyat”, sosial texnologiyalar, mədəniyyətlərin müqayisəli tədqiqatı, bioetika və sosial əxlaq konsepsiyalarının inkişafına hazırlaşırlar. Bir çox ölkələrdə innovasiyon fəaliyyət haqqında qanunlar qəbul edilib. Bu da, ilk növbədə elmin maliyyələşdirilməsi deməkdir. Lakin əgər XX əsrdə elm haqqında söhbət gedərkən ilk növbədə təbiət elmləri nəzərdə tutulurdusa, bu gün innovasiyalar bütün elmləri əhatə edir. İnkişaf etmiş ölkələrdə artıq aydın başa düşürlər ki, elmi bütövlükdə inkişaf etdirmək lazımdır. Əksər alimlər əmindir ki, cəmiyyətin inkişafının qanunauyğunluqlarını peşəkar səviyyədə öyrənən sahələr– fəlsəfə, sosiologiya, iqtisadiyyat və tarix– ekspert birliyinin əsasını təşkil etməlidir, çünki müasir dövrdə elmlərarası tədqiqatlara ehtiyac var. İnnovasiyon fəaliyyət elmə ekspert münasibəti olmadan həyata keçirilə bilməz.

Elmə olan münasibət dəyişikliyi kontekstində bir çox alimlər sosial texnologiyalar, elm və hakimiyyət arasında qarşılıqlı münasibətlərin texnologiyasını yenidən formalaşdırmaq və qurmaq haqqında danışırlar. Bir çox Rusiya və Qərb alimləri bildirirlər ki, innovasiyon inkişafa keçidi saxlayan əsas problem elmin idarə sisteminin desentralizasiyasıdır. Məsələn, ABŞ-da elm nazirliyi, akademiya yoxdur, lakin ölkənin elm siyasətini formalaşdıran ABŞ Prezidenti yanında Elmi Şura fəaliyyət göstərir. Orada elmə dövlət resurslarının paylanmasını təmin edən mərkəzləşdirilmiş sistem mövcuddur. Rusiya Elmlər Akademiyasında ciddi dəyişikliklər baş vermişdir. O əvvəllər də mərkəzləşdirilmişdi, lakin indi elmin idarə olunmasına ekspert şəklində alimlərin özləri cəlb edilib, onlar bunu Elmşünaslıq Birliyi adlandırırlar. Rusiyada, ilk növbədə, elmdə vəziyyəti aydınlaşdırmaq məqsədi ilə elmşünaslar arasında sosioloji sorğular keçirildi. Göründüyü kimi, ABŞ-da mərkəzləşmə tendensiyaları aşkar olunur, Rusiyada isə bu mərkəzləşmə ekspertlərin cəlb edilməsi ilə tamamlanır. Belə bir təşəbbüs reformaların həyata keçirilməsi üçün onların fikirlərini öyrənmək məqsədi güdür. Azərbaycanda bu siyasət Elmlər Akademiyası tərəfindən həyata keçirilə bilər və keçirilməlidir. Və qeyd etmək lazımdır ki, akademiyanın alimləri elmdə islahatların aparılmasına dair layihənin hazırlanmasında aktiv fəaliyyət göstərmişlər. Azərbaycan Elmlər Akademiyasının prezidenti dəfələrlə islahatların həyata keçirilməsi qaydaları haqqında məlumat vermişdir. Bunun üçün gənc mütəxəssislərə bu sahəni cəlbedici etmək məqsədilə elmin "qocalmasının” qarşısı alınmalıdır, tez-tez özlərini müstəqil adlandıran kiçik tədqiqat mərkəzləri ixtisar edilməli, müxtəlif, necə deyərlər, "elmətrafı fəaliyyət” dayandırılmalıdır. Bu sahədə islahatların səmərəli və ardıcıl surətdə aparılması şübhəsiz, elmin cəmiyyətin şüuruna, təhsil və mədəniyyət sferasına təsirinin artmasına, ümummilli lider Heydər Əliyevin arzularının reallaşmasına səbəb olacaqdır.
 


İlham MƏMMƏDZADƏ,

AMEA Fəlsəfə İnstitutunun direktoru,

fəlsəfə elmləri doktoru


(Mənbə: Xalq qəzeti.- 2009.- 9 may.- S. 3.)
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook