SON XƏBƏR

“Müharibə qaçılmazdır, Azərbaycan ordusu keyfiyyətcə, hətta Rusiya ordusundan da üstündür” – rusiyalı hərbi ekspert

İyul 14
12:51 2020
"Ermənistanla Azərbaycan arasında yeni müharibə ehtimalı çox yüksəkdir”. 

Müsavat.com-un məlumatına görə, bu sözləri tanınmış rusiyalı hərbi ekspert Pavel Felqenhauer "Rosbalt"a müsahibəsində deyib.
 
Onun sözlərinə görə, hadisələr müharibəyə doğru gedir və ehtimal ki, bu, qaçılmazdır:

"Çünki problem heç bir şəkildə həll olunmur və bundan ötrü hətta nəzəri perspektivlər də görünmür. İndi iki seçim var: ya döyüşmək, ya da "nə sülh, nə də müharibə” ruhunda davam etmək, yəni dondurulmuş münaqişə. Lakin dondurulmuş münaqişələr, xüsusən də insanların öldürülməsi ilə davam edən, atışmaların müntəzəm baş verdiyi yerlərdə bu, adətən müharibəyə səbəb olur. Bu, 1973-cü ildən bu yana heç kimin atəş açmadığı Kiprdəki türk-yunan qarşıdurması deyil. Bu, İsrail-Livan sərhədindəki qarşıdurmadan da dəhşətlidir, çünki orada başa düşürlər ki, nəsə baş versə, heç bir tərəf üçün yaxşı olmayacaq”.

Hərbi ekspert daha sonra Azərbaycanın İsraillə fəal əməkdaşlıq etdiyini yada salaraq bildirib:

"İsrail, ümumiyyətlə, bu ölkədə ciddi hərbi mövcudluğa malikdir. Burada onun kontraktçıları, Azərbaycan silahlı qüvvələrini təkmilləşdirən mütəxəssisləri var. Azərbaycanda əsas amil İsraildir. İsrail, həqiqətən də, Rusiyanın təqdim edə biləcəyi silahlardan da daha müasirləri ilə Bakını yaxşı silahlandırıb. Deyə bilərik ki, Azərbaycan silahlı qüvvələri keyfiyyətcə, hətta Rusiyanınkından üstündür. Məsələn, müasir dronlar məsələsində. Üstəlik, İsrail pilotsuz təyyarələrini bizə satmadı, çünki Pentaqon icazə vermədi, amma Azərbaycana satdı.

2016-cı ilin "4 günlük” müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələrinin erməni ordusundan keyfiyyətcə üstünlüyü özünü göstərdi. Azərbaycanlılar o vaxt İsrail dronlarından əlavə, Rusiyanın "Buratino” adlı ağır sistemlərini erməni mövqelərinə qarşı tətbiq etmişdilər. Ermənilər üçün bu, əsl şok idi, o zaman onlar yetərincə ciddi itki vermişdilər”.

İşğalçı ordunun göstəricilərinə gəlincə, Felqenhauer hesab edir ki, Ermənistan sovet tipli bir orduya malikdir.

"Onların bir çox ağır silahları - tankları, artilleriyası, raket sistemləri, ballistik raketləri var. Rusiya onları "İsgəndər”lərlə təmin edib. Həm Azərbaycanda, həm də Ermənistanda sovet istehsalı hava hücumundan müdafiə sistemləri mövcuddur. Ancaq təkrar edirəm, yalnız Bakı İsrailin daha keyfiyyətli və müasir silahlarına sahibdir. Unutmayaq ki, israillilər hazırda Azərbaycan T-72 tanklarını Rusiya T-90 tankları səviyyəsinədək modernləşdiriblər. Bundan əlavə, Azərbaycan kifayət qədər inkişaf etmiş müdafiə sənayesinə malik Türkiyədən də müasir silahlar alır. Ermənistanın isə pulu azdır və o, yalnız Rusiyadan nəsə ala bilər, özü də yalnız Moskva satmaq və ya vermək istədiyi şeyi. Ermənilər İrandan silah almırlar, çünki başa düşürlər ki, Amerikanın "qara siyahıları”na düşə bilərlər”, - deyə, analitik qeyd edib.
Fikrini yekunlaşdıran rusiyalı hərbi ekspert Ermənistanla Azərbaycan arasında barışıq baxımından vəziyyəti ümidsiz adlandırıb və əlavə edib:
"Qarabağ münaqişəsi kimi konfliktlərin daha böyük müharibə ilə nəticələnə biləcəyi ehtimalı yüksəkdir”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook