SON XƏBƏR

Mühacir biznesini araşdırmaq üçün ortaq komissiya ideyası - müxalifətdən reaksiyalar

Aprel 21
09:52 2017
İsa Qəmbər və Arif Hacılının ardından Əli Kərimli bu gün bu məsələ ilə bağlı prokurorluqda ifadə verəcək; ittihamlar müxalifəti bir araya gətirə bilərmi?
 
Son aylarda Azərbaycan iqtidarının ölkəni tərk edən mühacirlərlə bağlı ciddi hərəkətə keçdiyi görünür. Bu istiqamətdə artıq bəzi addımlar da atılıb. Son iki ayda Azərbaycanda siyasi partiya rəhbərlərinin "saxta sənəd alveri” ilə bağlı Baş Prokurorluğa çağırılmaları halları artıb. 
 
İki ay öncə ölkənin ana müxalifət partiyalarından sayılan Müsavatın keçmiş başqanı İsa Qəmbər və hazırkı rəhbəri Arif Hacılı prokurorluqda ifadə verdilər. Aprelin 21-də isə AXCP sədri Əli Kərimli, onun müavini Gözəl Bayramlı və partiyanın Təşkilat Şöbəsinin rəhbəri Saqif Qurbanov prokurorluğa çağırılıblar.

Hakimiyyət tərəfindən olan bu cür təzyiqlərə baxmayaraq, heç bir siyasi qurum konkret nə qədər üzvünün mühacirətə yollandığı barədə açıqlama vermir. Bir faktı da qeyd edək ki, Azərbaycan hökuməti bəzi siyasi qurumların vətəndaşları, hətta partiya üzvü olmayan insanları belə yüksək pul qarşılığında mühacirətə yolladıqları barədə səslənən iddialardan sonra hərəkətə keçib.

İqtidarın hərəkətə keçməsindən sonra üzvləri mühacirətə gedən partiyaların təzyiqləri önləmək, bir növ üzərlərindəki "ləkə”ni təmizləmək üçün ortaq komissiya yaratmaları ilə bağlı fikirlər meydana çıxıb.
 


Üzvlərindən mühacirətdə olan partiyalardan ADP sədri Sərdar Cəlaloğlu bildirdi ki, hər bir vətəndaşın yaşadığı ölkəni tərk etmək hüququ var: "Bunun nəyi araşdırılır? Məgər konstitusiya ilə bunlar qadağan olunur? Mühacirət adı altında cinayət var? Birləşmiş Millətlər Təşkilatının belə mühacirət komissiyası var. Hətta bəzi ölkələrdə mühacirətə gedənlərin qarşısı alındığına görə BMT həmin ölkələrə sanksiyalar tətbiq edib, mühacirləri qəbul etməyən bəzi ölkələr barəsində də bu cür qərar verilib. Azərbaycanda siyasi partiya üzvlərinə qarşı münasibət göz önündədir. Onlara iş vermirlər, özləri və qohumları təzyiqlərə məruz qalırlar. Belə bir şəraitdə ya siyasi fəaliyyəti dayandırmaq, ya da ölkəni tərk etmək qalır. İnsanlar da bəzən siyasi fəaliyyətlərini dayandırmaq istəmirlər, bunun üçün də üçüncü ölkəyə getmək məcburiyyətində qalırlar. Dinimizdə mühacirət Allahın əmirlərindən biridir. Quranda var ki, əgər öz ölkənizdə dininizi inkişaf etdirə bilmirsinizsə, başqa yerə köçün, Allah-Təala orada sizin üçün hər şeyi hazırlayıb. Bir insan demokrat kimi nəfəs almaq istəyir, amma Azərbaycanda bu mümkün deyil. Demokrat kimi o insanın başqa ölkədə yaşamaq haqqıdır. Azərbaycan başdan-ayağa qadağalar ölkəsidir. Siyasi partiyalara münasibət, siyasi mühit göz önündədir. Siyasi partiyaların mühacirətlə bağlı komissiya yaratmasına gəlincə, buna nə ehtiyac var? Konstitusiya ilə mühacirətə getmək qanunsuzdur? Anlamıram ki, prokurorluq nəyin araşdırmasını aparır? Burada siyasi partiyaların rolunu qeyd edə bilərəm. Məsələn, bizim partiyadan bir üzv mühacirətə gedir. Getməmişdən əvvəl gəlib bizə deyir ki, mənə təzyiqlər olur, bunları sübut edir, həyatının təhlükədə olduğunu, işdən çıxarıldığını, qohumlarının təqib olunduğunu deyir. Belə bir vəziyyətdə üzvlərimizə arayış veririk ki, doğrudan da bizim partiyanın üzvüdür, ölkəmizdə müxalifətçilərə düşmən münasibəti var. Hətta YAP fəalları dəfələrlə müxalifətçiləri xalqın düşməni adlandırıblar. Əgər düşmən adlandırırsansa, demək, düşmən münasibətin də var. Biri bu münasibəti görürsə, demək, oranı tərk etməlidir. Müxalifətin bununla bağlı bir araya gəlməsi qətiyyən yolverilməzdir, bu, qanunlara da ziddir. Prokurorluq partiya rəhbərlərini ifadə verməyə çağırır. Hansı motivlə çağırdığı isə məlum deyil. Mühacirətə getmək azadlıq hüququmdursa, o zaman prokurorluq bu hüququ əlimdən çağırıb alacaq? Azərbaycanda olan mövcud durum, müxalifətə olan münasibət ona imkan verir ki, istənilən müxalifətçi gedib Avropada sığınacaq alsın”.
 


AXCP və Milli Şuranın sabiq funksioneri Sahib Kərimli hesab edir ki, ortaq komissiyanın yaradılması bu istiqamətdə müsbət effekt verər: "AXCP və Müsavat hakimiyyətin iddialarına qarşı ortaq komissiya yaratsa, həm təzyiqləri önləyər, həm də cəmiyyətdə yaranmış suallara aydınlıq gələr. Bu həm də müxalifətin əməkdaşlıq imkanlarını genişləndirər. Mühacirətə getmək, başqa ölkələrdə yaşamaq vətəndaşların hüququdur. Onu məhdudlaşdırmaq olmaz”.
 
musavat.com



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook