SON XƏBƏR

Müdafiə Nazirliyi “Xidmət etdiyimiz bölgəni yaxından tanıyaq” layihəsinin icrasına başlayıb

Oktyabr 13
19:05 2017
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ordu ilə xalqın birliyinin daha da möhkəmlənməsi, şəxsi heyətin müdafiəsində dayandığı bölgəni yaxından tanıması, yerli əhalinin adət-ənənələrinə, milli mənəvi dəyərlərinə yaxından bələd olması, hərbi qulluqçuların dünyagörüşünün artırılması, Vətənimizin hər bir guşəsinə sevgi, məhəbbət hisslərinin aşılanması məqsədilə Silahlı Qüvvələrdə "Xidmət etdiyimiz bölgəni yaxından tanıyaq” layihəsinin icrasına başlayıb.
 
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, layihə çərçivəsində ilk tədbir respublikamızın elm, mədəniyyət, ədəbiyyat mərkəzlərindən biri olan, dünya hərb tarixinə görkəmli şəxsiyyətlər və sərkərdələr bəxş etmiş Qazax rayonunda təşkil olunub.
 
Qeyd edək ki, 2016-cı ilin aprel zəfərindən sonra Azərbaycan Ordusuna inam daha da artıb. Xalq öz ordusuna güvənir və onun istənilən əmr və tapşırığı qısa zamanda layiqincə yerinə yetirib, ölkəmizin ərazi bütövlüyünü təmin edərək hərb tariximizə daha parlaq səhifələr yazacağına əmindir. Aprel döyüşləri dövlətimizin və ordumuzun gücünü, xalqımızın birliyini, həmrəyliyini və vətənpərvərliyini düşmənlə yanaşı, bütün dünyaya nümayiş etdirdi. Düşmən işğal etdiyi ərazilərdən xoşluqla geri çəkilməsə, aprel döyüşlərinin təkrarlanacağını və daha tutarlı zərbələr alacağını qəti şəkildə dərk etdi.
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlətimizin başçısı, Ali Baş Komandanın nitqi bütün xalqımız kimi, Silahlı Qüvvələrimizin şəxsi heyətinin də böyük ruh yüksəkliyinə səbəb olub. Həmin iclasda Ali Baş Komandan bir daha qətiyyətlə bəyan edərək deyib: "Dağlıq Qarabağ bizim tarixi, əzəli torpağımızdır, biz bu torpaqlara qayıtmalıyıq və qayıdacağıq... Biz torpaqlarımızda ikinci erməni dövlətinin yaradılmasına heç vaxt imkan verməyəcəyik və ərazi bütövlüyümüzün bərpası bizim əsas vəzifəmizdir”.
 
Son illərdə ordu ilə xalqın birliyi daha da möhkəmlənib. Bir ənənə halını almış "Açıq qapı günləri”ndə ictimaiyyətin nümayəndələri ordu quruculuğundakı islahatlar, yeniliklərlə tanış olur, hərbçilərin sosial-məişət tərzi və əsgəri xidmət üçün yaradılan müasir şəraitlə, eləcə də silah-sursat, texnika və digər vasitələrlə tanışlıq imkanı əldə edirlər.
 
"Xidmət etdiyimiz bölgəni yaxından tanıyaq” layihəsi çərçivəsində Qazax rayonunda təşkil olunan ilk tədbirdə bir qrup hərbi qulluqçu ötən il Prezident İlham Əliyevin iştirakı ilə açılışı olan, müasir və zəngin ekspozisiyaya malik Qazax rayon tarix-diyarşünaslıq muzeyini ziyarət edib. Muzeyin kollektivi tərəfindən hörmətlə qarşılanan Vətən müdafiəçiləri əvvəlcə xalqımızın ümummilli lideri, ötən əsrin 70-ci illərində Azərbaycanın bütün bölgələrində tarix-diyarşünaslıq muzeylərinin yaradılmasının bilavasitə təşəbbüskarı ulu öndər Heydər Əliyevə həsr edilən guşə ilə tanış olub, muzey direktoru Gülnaz Alişanovanın bələdçiliyi ilə bölgənin tarixinə "səyahət” ediblər.
 
Qeyd olunub ki, gözəl və rəngarəng təbiəti ilə seçilən Qazax rayonu həm də arxeoloji və memarlıq abidələri ilə zəngin bölgədir. Burada yüzdən çox abidə qeydə alınıb ki, onlardan Damcılı, Baba Dərviş və Qırmızı körpü dünya əhəmiyyətli abidələr kimi YUNESKO-nun mədəni irs siyahısına daxil edilib. Damcılı mağarası bu bölgədə yaşayışın Paleolit dövrünə aid olduğunu göstərir. Ötən il Azərbaycan arxeoloqları yaponiyalı həmkarları ilə burada arxeoloji tədqiqatlar aparıb və yüzlərlə yeni eksponat aşkarlayıblar.
 
"Avey” Dövlət Tarixi-Mədəniyyət Qoruğundakı mağaralar, ilk insan düşərgələri, qalalar və digər abidələr barədə də hərbçilərə ətraflı məlumat verilib. Əsgər və zabitlərimiz Qazaxın yetişdirdiyi görkəmli hərbi xadimlər - ilk hərbi təyyarəçi Fərrux Qayıbov, "rus artilleriyasının Allahı” general Əliağa Şıxlinski, hərbi topoqrafçı general İbrahim Ağa Vəkilov, Sovet İttifaqı Qəhrəmanı Müseyib Allahverdiyev, İtaliyanın Milli Qəhrəmanı Tahir İsayev, Fransa milli müqavimət hərəkatının partizanlarından olan Xanos Əhmədov, Azərbaycanın Milli qəhrəmanları Alı Mustafayev, Aqil Musayev, Şamoy Çobanov, Mərifət Nəsibov, Firudin Şamoyev və "Azərbaycan Bayrağı” ordenli şəhid Qaratel Hacımahmudova haqqında söhbətləri maraqla dinləyiblər. Qazaxın folkloru, etnoqrafiyası, şair və yazıçıları, pəhləvanları, məşhur Dilbaz atları barədə də söhbət açılıb.
 
Muzeyin rəy və təkliflər kitabına "Azərbaycanımızın qədim və qəhrəmanlıqlarla zəngin olan belə bir bölgəsində xidmət etməkdən böyük qürur duyuruq. Söz veririk ki, bundan sonra da bu bölgənin müdafiəsində ayıq-sayıq dayanacaq və Vətənimizin elm, mədəniyyət, ədəbiyyat mərkəzlərindən biri olan Qazaxı göz bəbəyi kimi qoruyacağıq” sözlərini yazan hərbçilər muzeydən xoş təəssüratlarla ayrılıblar.
 
Daha sonra hərbi qulluqçular xidmət etdikləri bölgəni yaxından tanımaq istəyi ilə Molla Vəli Vidadinin ev-muzeyində, Rəsm Qalereyasında, Ədəbiyyat muzeyində, Şəxsiyyətlər parkında və şəhərin digər görməli yerlərində olublar.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook